“Katolikos papalığı”, erməni “mamalığı” və Paşinyanın “napoleonluğu”

post-img

Yaxud Hayastanın baş keşişi Bakı – İrəvan sülhünə qarşı 

Ermənistandakı beyin qıcolmasının növbəti təzahürü katolikos I Aramın timsalında yaşanır desək, – əsla yanılmarıq. Ancaq nəzərə alsaq ki, tarixən erməni avantürizmi elə kilsədən qaynaqlanıb, əslində, keşişin söylədikləri o qədər təəccüblü sayılmamalıdır Görək, o nə deyib? Daha doğrusu, indi nə deyir? 

Beləliklə, I Aram Ermənistan hakimiyyətinə Azərbaycanla danışıqlar aparmaq üçün vahid qurum yaratmağı təklif edib. Təklif səsləniş baxımından absurd ma­hiyyət daşımaqdadır. Təsəvvür edin, dünyəvi dövlət olan Ermənistanın iqtidarı Azərbaycanla nə danışacağını bilmir, kilsə balaca uşaq kimi onun əlindən tutub danışığa gətirir.

Əlbəttə, I Aram “təfərrüatları” da açıq­layıb. Bu barədə bir qədər sonra danı­şacağıq. Ancaq ilk növbədə onu bildirək ki, erməni baş keşişinin söylədikləri in­diyədək keçilmiş yolun kobud təzahürü­dür. Tarix boyu kilsə erməni rəhbərlərini – başkəsənlərini, canilərini “motivasiya” edib. Həmişə ikincilər birincilərin xəstə göstərişlərinin təsiri altında olub, əsirinə çevriliblər. Görünür, I Aram “ənənələrin” qorunmasında canfəşanlıq edir. Keşiş, necə deyərlər, bütün kartları açıb ortaya qoymaqla məşğuldur. Kartların açılması isə həm də erməni dünyəvi hakimiyyəti­nin maskasını cırır, əsl simasını ortaya qoyur. Bəli, mövzumuz erməni kilsəsinin oyunbazlığıdır. Oyunbazlıq isə Azərbay­can – Ermənistan danışıqlarına müdaxilə üzərində köklənib.

***

Gəlin, düşünüb görək, son vaxtlar Ermənistanın baş nazirinə kimlər “məs­ləhət” veriblər. İlk yada düşən ölkənin sa­biq xarici işlər naziri Vardan Oskanyandır. Oskanyan xislətindəki bütün həyasızlıq göstəricilərini işə salaraq, Paşinyanı Qarabağ da daxil olmaqla, Azərbayca­nın ərazi bütövlüyünü tanımasından geri çəkilməyə çağırıb. Keçmiş XİN rəhbəri avantürizm nöqteyi-nəzərdən digər fikir­lər də səsləndirərək, Nikolun bu geridur­madan sonra hansı addımlar atmalı ol­duğunu da diqqətə çatdırıb. Amma həm qəzetimizdə bu barədə söz açdığımız­dan, həm də Oskanyanın başqa nələri söylədiyinin təfərrüatına varıb onun digər çərənləmələrinin üzərində dayanmırıq. 

Əsas tendensiyaya diqqət yetirək. Tendensiya isə budur baş nazir Nikol Paşinyan administrasiyası onsuz da da­nışıqlar prosesindən yayınmağa cəhd göstərir. Sadəcə, bunun üçün onun öz “yolu” var. Nikol daha çox qərbli tərəfdaş­larına güvənərək, hərəkət edir. I Aram isə əslində, köhnənin qalığıdır. Ermənistan­da bir böyük köhnəlik var: ruspərəstlik. 

***

Bəli, düşünmək mümkündür ki, istər Paşinyanın Azərbaycanın ərazi bütövlü­yünü tanıdığını bildirməsi, istərsə də da­nışıqlar prosesində Qarabağ erməniləri ilə bağlı müddəaların sıradan çıxması ilk növbədə Rusiyanın Cənubi Qafqaz plan­larına ziddir. Axı, bir müddət əvvəl Qara­bağın statusunun müəyyənləşdirilməsi məsələsinin sonraya saxlanılmasının va­cibliyini, indi isə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının tələ­sik olduğunu bildirən Moskvanın hakim dairələridir. Əslində, hazırda Ermənistan daxilində yaşanan siyasi təlatümlərdə bu deyimin müstəsna payı var. Çünki Rusiya ölkənin daxili ictimai rəyini manipulyasi­ya etmək üçün ciddi rıçaqlara malikdir. Şübhə yoxdur ki, Oskanyan kimi, həmin rıçaqlardan biri də erməni kilsəsidir. 

Deməli, 2018-ci ildə inqilab edərək böyük dəyişikliklərə imza atdığı deyilən Ermənistanda prinsip etibarilə dəyişən heç nə yoxdur. Yəni, ideoloji planda cə­miyyətə hakim kəsilmiş arxaiqlik yenə öz sözünü deməkdədir. Ölkə müxalifətinin “ideya xəttini” bir kənara qoyub haqqın­da söz açdığımız köhnəliyin sırf kilsə təmayülü üzərində dayanarkən, bir neçə məqamı vurğulamağa ehtiyac var. 

Məlumdur ki, erməni fitnəkarlığının vüsət alması XIX əsrin sonlarına təsa­düf etmişdi. Məhz həmin zaman kəsiyin­də kilsənin “əməllərini” xatırlayarkən, ilk növbədə deməliyik ki, Qərbin Osmanlını parçalamaq planında mühüm katalizator rolunu erməni din xadimləri oynayıblar. Bu tendensiya özünü Birinci dünya mü­haribəsi dönəmində daha “parlaq” şəkil­də göstərib. Həmin vaxt katolikos Beşinci Gevorq Surenyants Rusiyanı Osmanlıya qarşı mübarizəyə təhrik edən çağırışlar səsləndirib. Baxmayaraq ki, bu, ermə­nilərin özləri üçün də son dərəcə təh­lükəli sayılırdı. Çünki onlar Osmanlının təbəələri idilər və dövlət bu fitnəkarlığın qarşısını almaq üçün erməniləri ölkənin bir yanından o biri yanına köçürmək qə­rarı verdi. Hazırda məhz bu qərarın icrası 1915-ci ilin saxta “erməni soyqırımı” kimi təqdim olunur. Halbuki, Osmanlının özü­nü qorumaqdan başqa çarəsi qalmamış­dı. Bəli, indi də I Aram Azərbaycan qarşı­sında başqa çarə yeri qoymur...

***

İkinci dünya müharibəsindən sonrakı proseslərə nəzər saldıqda, yenə erməni kilsəsinin anti-Türkiyə davranışını gör­məkdəyik. 1945-ci ildə katolikos Altıncı Gevork öz sələfinin əməlini davam etdir­miş, SSRİ, ABŞ və Böyük Britaniyanın rəhbərlərinə müraciət ünvanlayaraq, An­karaya təzyiq göstərilməsini və Türkiyə­nin daxilindəki “erməni ərazilərinin” Sovet Ermənistanına qaytarılmasını istəmişdi. 

1952-ci ildə Türkiyənin NATO-ya daxil olması, SSRİ-nin ölkəni “yemək” planlarının qarşısını aldığı kimi, erməni avantürizmi üçün də meydanı sıradan çıxarmışdı. Bundan sonra həmin avantü­rizm, obrazlı desək, dişlərini Azərbaycan üzərinə qıcımağa başlamış və yenə də ön planda dayanan kilsə olmuşdu. 1956-cı ildə katolikos Birinci Vazgen SSRİ Na­zirlər Sovetinin Sədri Nikolay Bulqaninə müraciət edərək, ondan Qarabağın Er­mənistan SSR-ə verilməsini istəmişdi. 

***

Ümumən, SSRİ-nin qurulmasından sonra erməni iddialarının ayrı-ayrı təza­hürlərinə diqqət yetirəndə görürük ki, im­periya ona qoşulan zaman tabeçiliyimiz­dəki bir sıra əraziləri ermənilərə peşkəş edib. Yəni, sadəcə götürüb verib. Bunu heç kəsdən soruşmadan, müzakirə apar­madan gerçəkləşdirib. 

İkinci dünya müharibəsindən sonra proses daha “dinamik” xarakter almağa başlayıb. I Vazgenin Bulqaninə haqqın­da söz açdığımız müraciəti həmin dina­mikliyin bir göstəricisidir. Lakin ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbay­canda hakimiyyətə ilk gəlişi bu sayaq tə­mayüllərin qarşısını aldı. Beləcə erməni kilsəsi də “zəncirlənmiş” duruma düşdü. Vəziyyət düz 1987-ci ilə – ümummilli lider SSRİ-nin hakimiyyət olimpindən uzaqlaş­dırılana qədər belə davam etdi. 

1987-ci ildən sonra nələr yaşandı, güman edirik, bunu hər birimiz çox yax­şı bilirik. Erməni millətçiliyinin Qarabağ avantürasına geniş start verildi və nəticə etibarilə ötən əsrin 90-cı illərinin əvvəllə­rində otuz ilə qədər ömür sürəcək işğal­la üzləşdik. Bəli, Azərbaycan ərazilərinə qəsb məhz erməni kilsələrində hazırlan­mış alçaq plan idi.

*** 

Söhbət bu günlərdə Paşinyanın ba­şına ağıl qoymağa çalışan, kilsəni də Azərbaycanla danışıqlar prosesinə daxil etmək istəyən I Aramdan düşmüşkən, yada salaq ki, o, hələ 2019-cu ilin ma­yında həmin vaxt işğalda olan Qarabağı Ermənistana birləşdirməyi təklif etmişdi. Diqqət yetirək, 2018-ci ildə hakimiyyətə gəlmiş Paşinyan əvvəl Qarabağ məsələ­sinə loyal yanaşması ilə seçilmişdi. Bunu özünün seçkiqabağı təbliğat kampaniya­sı zamanı da göstərmişdi. Belə təsəvvür formalaşmışdı ki, o, münaqişənin həllin­də obyektiv mövqe tutacaqdır. Lakin son­radan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirmişdi. 

Heç şübhəsiz, belə bir bəyanat, həm də, I Aramın “tezislərindən” ilhamlan­mağın nəticəsi idi. Ardınca Nikol ümu­merməni çağırışını irəli sürmüş və “yeni ərazilər uğrunda yeni müharibə” şüarını ortaya atmışdı. Daha sonra yaşananlar isə məlumdur – 44 günlük müharibə, dar­madağın edilmiş Ermənistan. 

Tam əminliklə söyləyə bilərik ki, və­ziyyətin bu şəkil almasında təqsirkar, eyni zamanda, erməni “keşiş industriya­sı”, indiki halda elə I Aramın özüdür. Axı, o, 2019-ci ildə demişdi ki, Qarabağ işğal olunmuş ərazi deyil, erməni qəhrəmanla­rının qanı ilə qaytarılmış doğma torpaq­dır: “Bütöv və vahid Ermənistan vizyonu­nun reallaşması Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq”.

***

Gördük necə başladı. Qarabağa və digər torpaqlarımıza səpələnmiş erməni əsgərlərinin leşləri I Aramın “vizyonunun” məhsuluna çevrildi. İndi isə o, Ermənis­tan rəhbərliyinə təklif edir ki, özünü 44 günlük müharibədə məğlub saymasın, sülhə nail olmaq üçün Azərbaycanla danışıqlara getməsin. “Ümumiyyətlə, danışıqlarda Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutan istənilən yanaşma rədd edilməlidir”, – deyən I Aram bildirir ki, bölgənin təhlükə­sizliyinin və müstəqilliyinin təminatı üçün onun öz müqəddəratını təyin etməsi əsasdır. Buna görə Azərbaycanın ərazi bütövlüyünün tanınacağına dair vədlər yolverilməzdir. Onun fikrincə, Bakı ilə da­nışıqlar prosesində iqtidardan, müxalifət­dən, diaspor nümayəndələrindən, zəngin siyasi və diplomatik təcrübəyə malik in­sanlardan ibarət struktur yaradılmalıdır. Guya, bu struktur Azərbaycanla tama­milə fərqli üslubda, fərqli yanaşmalarla danışıqlar aparmalıdır. 

Göründüyü kimi, erməni kilsəsinin həyasızlığı Ermənistan hakimiyyətinin abırsızlığını arxa plana keçirməkdədir. I Aram həmin həyasızlığın pik nöqtəsində dayanır. Nəzərə alsaq ki, onun 2019-cu il çağırışı 44 günlük müharibə reallığını doğurmuşdu, keşişin budəfəki “təşəb­büsünün” də eyni durumu formalaşdıra­cağını söyləmək mümkündür. Amma bu dindar yırtıcı yadına salmalıdır ki, İkinci Qarabağ müharibəsi dönəmində nə onun əli silahlı saqqallı qulbeçə möminləri, nə də gecə-gündüz oxuduğu mənasız dua­lar Ermənistana kömək etməmişdi. Yəni, indi I Aram qana susayıbsa, özününkülə­rin qanını içib həzz almaqla kifayətlənsə, daha yaxşdır. Xəstə erməni cəmiyyətinin canından çıxmayan şovinist-revanşist ideyaları körükləmək heç bir fayda ver­məyəcəkdir.

***

Sonda bir məqamı da vurğulayaq. Əslində, bu barədə söz açdıq və bildirdik ki, kilsə tarix boyu erməni avantürizminin katalizatoru rolunda çıxış edib. Bunun sadə səbəbi var. Ermənilərin dövlət və dövlətçilik anlayışları olmayıb. Belə bir durumda avantürizmi “irəliyə” doğru apa­ran ampluasında məhz kilsə dayanıb. İndi pis-yaxşı Ermənistan Respublikası var. I Aram və digər erməni din xadim­lərinin fəaliyyəti isə əslində, erməni qöv­münün dövlətsizlik dövrü təfəkkürünün iylənmiş, kif atmış qalığıdır. Erməni siya­si-ictimai industriyası isə o qalıqdan xilas ola bilmir. Nəticə etibarilə dövlət kilsənin arxasınca sürünəcək rəzil duruma düşür. 

Onu da qeyd edək ki, tarixdə dinin dövlətə müdaxiləsinin yasaqlanması ilə bağlı Napoleon Bonapart nümunəsi var. Məlum olduğu kimi, Napoleona qədər Fransanın da yeni rəhbərlərinin başına tacı Roma papası qoyur, onlara xeyir-dua verirdi. Böyük sərkərdə tacı başına özü qoymaqla, bu ənənəni pozdu və göstərdi ki, din, yəni Roma papası heç bir halda onun işlərinə qarışa bilməz. Məsələyə bu kontekstdən yanaşsaq, görürük ki, hazırda Ermənistan üçün Paşinyan yox, Napoleon lazımdır. Əks halda “erməni papası” hələ çox erməni mamalarını ağ­lar qoyacaq. 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət