Tehran-Bakı münasibətləri: buzlar əriyirmi?

post-img

Qarşılıqlı inamı artıran xoşniyyətli addımlardan əməli nəticələr gözləyirik

Avqustun 8-də İran İslam Respublikası baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərliyi ilə xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb. Səfər əsnasında İran nümayəndə heyəti ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, o cümlədən Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra Azərbaycan və İran nümayəndə heyətləri arasında bir sıra məsələlər, eləcə də cari ilin 27 yanvar tarixində İrandakı səfirliyimizə edilən terror hücumu haqqında fikir mübadiləsi aparılıb, terror aktı ilə əlaqəli bütün şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.

İrandan “U” dönüşü 

İran nümayəndə heyətinin respub­likamıza səfəri və iki dövlət arasında gərginliyə səbəb olan məsələlərin mü­zakirəsi, şübhəsiz, təqdirəlayqidir. Bu, rəsmi Tehranın ölkəmizlə münasibətləri normallaşdırmaq arzusundan xəbər verir. 

Xatırladaq ki, 44 günlük Vətən müha­ribəsindən sonra Azərbaycanla bağlı təh­didedici bəyanatlar səsləndirən İran, bu il yanvarın 27-də bu ölkədəki səfirliyimizə edilən terror hücumuna adekvat reaksi­ya verməmiş, hətta baş verənləri terror aktı adlandırmaqdan və ölkəmizdən üzr istəməkdən imtina etmişdi. İranın məhz bu addımı Azərbaycanın səbrini daşıran son damla olmuş, rəsmi Bakı Tehranı məsuliyyətli olmağa, iki dövlət arasında­kı tarixi dostluq və qonşuluq siyasətinə uyğun addım atmağa səsləmişdi. Lakin rəsmi Tehran bu olaydan sonra da Azər­baycanın haqlı tələblərinə Ermənistana siyasi-mənəvi baxımdan dəstək olmaqla cavab vermişdi.

Bütün bunların ardınca İranın öz si­yasətində “U” dönüşü edərək yenidən Azərbaycana üz tutması, problemlərin səmimi həllində maraqlı olduğunu bəyan etməsi müsbət addımdır. Və bu addım, eyni zamanda özü ilə belə bir sualı da gətirmiş olur: Rəsmi Tehranın birdən-birə yön dəyişməsinə səbəb nədir? Niyə son üç ildir ki, açıq ermənipərəst siyasət yü­rüdən İran indi Azərbaycanın yenidən rəğbətini qazanmağa, dostluq əlaqələrini möhkəmləndirməyə çalışır?

Şübhəsiz, İranın birdən-birə yön də­yişməsinin bir sıra ciddi səbəbləri möv­cuddur ki, onlardan ən əsası rəsmi Teh­ranın Azərbaycanın real gücünü, imkan və potensialını düzgün qiymətləndirməsi, ölkəmizlə konfiliktə girməyin İran üçün faydalı olmadığını dərk etməsidir. Görü­nür, Tehran yetkililəri gec də olsa, başa düşüblər ki, Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq olmaz və bu, İranın öz maraqları üçün perspektiv vəd etmir. Məhz bu səbəbdən də Tehran Azərbay­canla münasibətlərdə yeni bir başlanğıca start verməyi lazım bilib.

Bakı ilə ziddiyyət Tehrana əlavə problem yaratmaq deməkdir

Tehranın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq cəhdinin digər bir səbəbi isə ölkəmizin İran üçün siyasi-iqtisadi və mənəvi-psixoloji önəmi ilə bağlıdır. 

Məlumdur ki, İran Qərblə ziddiyyət fo­nunda bütün sivil dünyadan təcrid edilib. ABŞ-ın bu ölkəyə tətbiq etdiyi çoxsay­lı sanksiyalar enerji resursu ilə zəngin olan İranın inkişafı yolunda bu gün də ən başlıca əngəl olaraq qalmaqdadır. Uzun illərdir davam edən sanksiyalar səbəbi ilə yalnız iqtisadi deyil, həm də psixoloji baxımdan sarsılan İran üçün Azərbay­canla münasibətləri canlı tutmaq hər mə­nada vacibdir. 

Onu da qeyd edək ki, Azərbaycan bugünə qədər İrana qarşı tətbiq edilən heç bir sanksiyaya qoşulmayıb, hər han­sı plan və fəaliyyətdə yer almayıb. Bütün bunlar rəsmi Bakının tarixi qonşusu kimi İranla münasibətlərə ciddi önəm verdiyini göstərir. Bu fakt həm də onu göstərir ki, Azərbaycan bir qonşu kimi də etibarlıdır və öz dövləti mənafeyini qorumaqla ya­naşı, qonşu dövlətlərin maraqlarına da hörmətlə yanaşmağı bacarır. Odur ki, İra­nın Azərbaycanı itirməsi onu əhatə edən təcrid zəncirinin bir qədər də daralması demək olar ki, bunun da İran üçün böyük problemlərə yol açacağı şübhəsizdir. 

Azərbaycan, həm də etibarlı müttəfiqləri ilə güclüdür

İranın ölkəmizlə bağlı siyasətində müşahidə edilən yumşalmanın digər bir səbəbi isə Azərbaycanın malik olduğu güclü müttəfiqlər, beynəlxalq aləmdə qa­zandığı nüfuzdur. 44 günlük Vətən müha­ribəsi Azərbaycanın tək olmadığını, güc­lü müttəfiqlərə malik olduğunu göstərdi. Türkiyə, Pakistan, İsrail, İtaliya və digər dövlətlərin ölkəmizlə həmrəylik nümayiş etdirməsi, Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşki­latı kimi qurumların belə rəsmi Bakının mövqeyinə ehtiram göstərməsi Azərbay­canın qlobal miqyasda söz sahibi olduğu­nu sübut etdi. 

Xatırladaq ki, Prezident İlham Əliyev hələ 2020-ci il oktyabrın 6-da Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu fakta xüsusi diqqət çəkmiş, ölkəmizin Türkiyə kimi güclü müttəfiqə sahib olduğunu qürurla vurğulamışdır: “Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sa­bitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır”. 

Təbiidir ki, rəsmi Tehranın ölkəmizlə münasibətləri hansı səbəbdən yaxşılaş­dırmağa cəhd göstərməsindən asılı ol­mayaraq, Azərbaycan İranın bu səylərini müsbət qiymətləndirir. Eyni zamanda, ölkəmiz hesab edir ki, İranın Azərbayca­na sözdə elan etdiyi xoş məramı əməli baxımdan sərgiləməsinə ehtiyac var. Yalnız bu halda İranın səmimiyyətinə inanmaq, onun sözlərinə etibar etmək mümkündür.

Seymur ƏLİYEV

Siyasət