Paşinyana “Sus!” deyən Oskanyan müharibəmi istəyir?

post-img

Ermənistanın keçmiş xarici işlər naziri indiki baş naziri “səhvini düzəltməyə” çağırıb

Sülh danışıqlarındakı müvəqqəti fasilə Ermənistanın siyasi dairələrində vurnuxma və cəmiyyətdə hissolunan təlaşla müşayiət olunur. Bu zaman indiki iqtidarın tərəfdarları kimi, müxalif qüvvələrin, xüsusilə sabiq hərbçilərin, diplomatların da səsi daha gur çıxmaqdadır. Onlardan biri də 1998-2008-ci illərdə, Robert Koçaryanın prezidentliyi dövründə xarici işlər naziri işləmiş Vardan Oskanyandır. O, Hayastanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarının gedişində Azərbaycanın Qarabağ daxil ərazi bütövlüyünü tanıdığını söyləməklə “tarixi səhvə” yol verdiyi barədə özünün “Facebook” səhifəsində bunları yazıb: “Paşinyan böyük səhvə yol verib və indi, o, səhvini etiraf etməli və düzəltməlidir. Onun məhz bu günün situasiyasından çıxış edərək, həmin bəyanatından geri çəkilmək imkanı var. O, dəqiq deyə bilər ki, mən sülh üçün nəsə etmək istəyirdim, amma görürəm rəqib bundan sui-istifadəyə çalışır. Bu səbəbdən əvvəlki sözlərimdən imtina edirəm və bu gün buna tam hüququm çatır”.

Ermənistan XİN-in keçmiş şefi hesab edir ki, belə bir bəyanatına görə Paşinya­na heç kim heç nə edə bilməz. Oskanyan keçən ilin oktyabrında Praqada Azərbay­canın ərazi bütövlüyünü etiraf etməklə Paşinyanın Moskvanı da çıxılmaz vəziy­yətə saldığına diqqəti yönəldir: “Rusiya bu barədə açıq şəkildə fikrini bəyan etdi. Onlar dedilər ki, Paşinyan Praqada ver­diyi bəyanatla bu sənədin altına imzasını qoydu və onun bu məsələdə razılığı 10 noyabr bəyanatının bütün mahiyyətini köklü şəkildə dəyişdi. Rusiya artıq heç nə edə bilməz. Qərb də bu barədə açıq danışmır. Amma pərdəarxası görüşlər zamanı eyni cür davranır”. 

Oskanyan yazır ki, Paşinyan rəqibə daim nəsə vəd edir, fəqət onu yerinə yetirmir: “Əgər sən düşmənin iştahasını qaldırırsan və istədiyini etmirsənsə, son nəticədə, o, konkret fəaliyyətə keçəcək. Və bu zaman vasitəçilər də heç nə edə bilməyəcəklər”. 

* * * 

Biz Oskanyanın buna qədər də İrə­van iqtidarına “ekzotik təkliflərinin” şa­hidi olmuşuq. Misal üçün, o, liderlərin may ayında Brüssel görüşü ərəfəsində “Dağlıq Qarabağın” sovet dönəmində muxtar vilayət statusu faktını danışıq­ların gündəliyinə salınmasını irəli sür­müşdü. Hayların eks baş diplomatı bu ideyanı gündəmə gətirməyə çalışmaqla yəqin Avropa Şurasının prezidenti Şarl Mişelin yaxın keçmişdə Belçikanın baş naziri postunda olmasını nəzərə alıbmış. Axı Belçika çoxsaylı icmaların bərabər hüquqlara malik olduğu federativ dövlət­dir. Yəni məhz bu kontekstdə Şarl Mişelin onun təklfini yaxşı başa düşəcəyini, ona “isti yanaşacağını” hədəfləyirmiş. Ənənə­vi “erməni gedişi”.

Ardınca onun Paşinyanın üzərinə itti­hamla hücum çəkməsi isə daha maraqlı mətləbdən xəbər verir: “Sən Artsaxı (Qa­rabağ-red) təhvil verirsən, Azərbaycana bağışlayırsan. Sən vətəni, bizim “tarixi torpaqlarımızı” verirsən. Bu, sənin eşit­məzliyə vuracağın və qulaq asmayaca­ğın bir məsələ deyil”.

Burada təəccüblü heç nə yoxdur. Oskanyan Paşinyana bu “məsləhəti” verməklə, əlbəttə ki, ənənəvi hay xis­lətini ortaya qoymuş olur. Verdiyi vədə əməl etməmək, dünən dediyini bu gün danmaq, çətinə düşəndə yalanı həqiqət donuna bürüyüb ictimai rəyi çaşdırmaq, onunla manipulyasiya etmək. Oskanyan baş nazir Paşinyana bundan əvvəlki mü­raciətində isə özünün “bir qrup diplomatla üç ay ərzində danışıqlar prosesində də­yişikliyə nail ola bilər, amma həmin müd­dətdə Paşinyan susaraq heç bir bəyanat verməməlidir”, – demişdi.

Onda hakim partiyadan olan deputat Lilit Minasyan sabiq baş diplomatın bu “strateji məsləhətinə” olduqca maraqlı sualla cavab vermişdi: “Cənab Oskanyan deyir ki, cənab Paşinyandan rica edirəm, danışıqlar prosesinə muxtar vilayət ide­yasını daxil etsin”. Üzr istəyirəm, cənab Oskanyan, dediyiniz muxtar vilayəti han­sı dövlətin tərkibində nəzərdə tutursu­nuz?”.

Əlbətə, bu, əlavə şərhə ehtiyac duy­mayan ritorik sual idi. 

* * *

Diqqət yetirsək, görərik ki, Hayasta­nın sabiq xarici işlər nazirinin indiki iqti­dara yönəlik təklif, məsləhət, o cümlədən ittihamları Kremlin sülh prosesi ilə bağlı bəzi açlqlamaları ilə üst-üstə düşür. Yəni, onun Paşinyanın “başına ağıl qoymaq” istiqamətində təşəbbüsləri Rusiya XİN-in sülh danışıqlarının konkret raundu ərəfəsində, yaxud sonra məhz İrəvanı nəzərdə tutmaqla verdiyi açıqlama və bəyanatlarındakı tezisləri xatırladır. Misal üçün, 15 iyul Brüssel zirvə görüşünün da­vam etdiyi məqamda Rusiya xarici diplo­matiya idarəsi yaydığı bəyanatında ərz edirdi ki, Ermənistan rəhbərliyi keçən ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə, faktiki olaraq 2020-ci il 10 noyabr tarixli Bəyanatı ilə ortaya çıxan münaqişəni ni­zamlama prosesinin istiqamətini dəyişib. Daha doğrusu, həmin bəyanatla Kreml tərəflərin diqqətinə çatdırırdı ki, Paşin­yan məlum açıqlaması ilə onun qurduğu və yeritdiyi sülhə nail olma mexanizminə zərbə vurdu.

İndi gedən qatarın arxasınca özünü ağıllı diplomat kimi göstərməyə, gərək­siz məsləhətlər verməyə, hətta ittihamlar irəli sürməyə qalxan, Paşinyana reallıq­dan uzaq “fəaliyyət proqramı” təklif edən cənab Oskanyanın özünə “Sus!” deyən lazımdır.

Artıq bölgədə, eləcə də, bütövlükdə, Cənubi Qafqazda yeni reallığın yarandı­ğı danılmaz həqiqətdir. Ola bilsin ki, bu reallığı “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” – deyən və İrəvan ətrafındakı villasında oturub Paşinyana dəlləklik edən Oskanyan görmür, yaxud görmək istəmir. Yəqin kimsə Vardan Os­kanyana izah etməlidir ki, onun “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bil­məz” kimi məsuliyyətsiz açıqlaması yeni müharibəyə çağırış deməkdir. Və həmin müharibənin qalibi yenə eyni ölkə olacaq. Amma bu dəfə onun on il baş diplomatı kimi sülhə mane olmuş Ermənistanı daha böyük itkilərlə üzləşməli olacaq. 

Orxan AMAŞOV,
siyasi şərhçi

Rusiya həm əsas vasitəçi kimi sülh danışıqlarına, həm də hökumətlərarası üçtərəfli işçi qrupunu yaratmaqla sərhədin delimitasiya və demarkasiya prosesinə nəzarəti əlində cəmləməyi hədəfləyirdi. Onda Qərb bu prosesdə iş­tirak etmirdi. Moskvanın istədiyi o idi ki, normallaşma prosesi sırf dövlətlərarası müstəvidə, kommunikasiyalar və sərhəd mövzuları üzərində cəmləşsin, Qarabağ məsələsi isə sonrakı mərhələyə qalsın. Əsas niyyət Qarabağın taleyinin həll olunmamış saxlanması idi. Kremlin anla­mında situasiya belə qalmalıydı.

Bəli, Rusiya XİN-in bəyanatı ilə Os­kanyanın dedikləri arasında oxşarlıq var. Moskva deyir ki, normallaşma pro­sesində öz işimizi görürük, amma siz həmin etirafınızla bu prosesin istiqamə­tini dəyişdiniz və burada bizi də kömək etməməkdə günahlandırırsınız. Kreml İrəvanın bu yanaşmasını tənqid etməklə yanaşı, həm də mesaj verir ki, bundan sonra Rusiyadan yardım gözləməyin. Oskanyan vurğunu bunun üzərinə gətirir və bu baxımdan onun sözlərində məntiq var.

Bu məqamda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun iyun ayında mediaya verdiyi müsahibəsini xa­tırlatmaq istərdik. Həmin müsahibəsində cənab nazir dedi ki, nəyə görə Paşinyan İkinci Qarabağ müharibəsindən bu qə­dər müddət keçəndən sonra Azərbay­canın Qarabağ daxil ərazi bütövlüyünü tanıdığını açıqladı? Əslində, bu, ritorik sual idi. Çünki artıq yeni dəyişikliklər baş vermiş, Azərbaycan Qarabağda rus sülhməramlılarının nəzarətində olan suveren ərazisində strateji yüksəklik­lərə yiyələnmiş, Laçın yolunun girişində sərhəd postunu təsis etmişdi. Yəni, Ba­kının atdığı legitim addımlar dinamikanı şərtləndirən əsas amil oldu. Oskanyan demək istəyir ki, İrəvanın taktikanı dəyiş­məsi üçün şərait yaranıb. “Azərbaycanın sülhə aparan yoluna mane ola bilsək, o, istədiyinə başqa üsulla nail olmağa çalı­şacaq”. Guya, İrəvan sülhdən qaçmaqla qısa vədə üçün üstünlük əldə edə bilə­cək. Məntiq aydındır. Amma səmərəsiz cəhddir. Məgər həmin Koçaryan-Oskan­yan siyasi xətti sonda müharibəyə səbəb olmadımı? 

Fikrət SADIXOV,
politoloq

Kənardan görünən odur ki, Ermənistandakı mövcud siyasi qüvvələr arasında qarşıdurma var, qalmaqal yaranıb. Təbii ki, keçmiş rejimin nümayəndələri indiki iqtidarla razılaşa bilmirlər. Çünki Paşinyan iki dəfə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu de-fakto etiraf elədi. Bu, bizi tam qane edən etirafdır. Eyni zamanda onu demək lazımdır ki, Oskanyanın açıqlamasının həmin hissəsi həqiqətə uyğundur. Düzdür, bu halda proseslər müəyyən mənada Moskvanı neytrallaşdırır, amma burada maraqlı nüans var. Ola bilsin ki, bu, paradoksal səslənsin, Oskanyanın dediyi variant Rusiyanı qane edir. Çünki Kremlin marağındadır ki, İrəvanın siyasi isteblişmentində qalmaqal yaransın və bunun nəticəsində də Paşinyanın mövqeyi zəifləsin. Axı Moskva Paşinyan rejimini əvvəldən qəbul etmir, onun özünü Soros Fondunun “parlaq nümayəndəsi” sayırdı. Beləliklə, Kreml onu elə daxildəki ermənilərin əli ilə hakimiyyətdən kənarlaşdırmağa çalışırdı.

Digər tərəfdən, bu, həm də onu göstərir ki, Azərbaycan ən müxtəlif müstəvilərdə özünün legitim diplomatik, siyasi addımlarını atır. Xankəndidəki re­jimə isə son xəbərdarlığımızı çatdırmışıq ki, ağlınızı başınıza yığın və təslim olun. Onsuz da sizi heç kəs dəstəkləməyəcək. Düşünürəm ki, bölgədəki sülhməram­lı kontingent də onların Bakı tərəfindən layiqincə “cəzalandırılmasına” göz yu­macaq. Əgər Paşinyan da bu vəziyyətlə razılaşırsa, deməli, Qarabağın Azərbay­can ərazisi olduğunu bir daha tanıyır. Qalır erməni silahlı quldur dəstələrinin suveren ərazimizdən ya xoşluqla çıx­ması, ya da xüsusi əməliyyatla oradan qovulması məsələsi. Bu prosesin də konkret nöqtəsi olacaq. Qondarma rejim də, İrəvandakı daşnak-revanşistlər də artıq bunu yaxşı dərk edirlər. Onların son vaxtlar bərk təşvişə düşmələrinin səbəbi də elə budur.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət