Ulu öndərin mədəniyyət siyasəti uğurla davam etdirilir

post-img

Son günlər bu istiqamətdə atılan mühüm addımların şahidi oluruq

 

Xalqımızı xalq kimi, millət kimi qoruyub sax­layan bizim ənənələrimiz olub, tariximiz olub, ədə­biyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Əslində, bu yazını ulu öndərin yubileyi münasibətilə qələmə almaq istəmirdim. Çünki burada söhbət konkret olaraq cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə həyata keçirilən mədəni tədbirlərdən gedir. Ancaq bu tədbirlərin bir çoxunun məhz “Heydər Əliyev ili”ndə reallaşdırılması onların məzmununu daha da zənginləşdirir, möhtəşəmliyini artırır. Bu tədbirlər həm də ona görə xalqımızın hər bir fərdi üçün əlamətdardır ki, biz son iki il yarımda atdığımız addımlarla məhz Azərbaycan dövlətinin və ordumuzun regionda yaratdığı yeni reallıqları təbliğ edirik. Təbii ki, işğaldan azad edilmiş ərazilərdə keçirilən tədbirlər başda olmaqla.

…Təkcə ictimai-siyasi həyatımız­da deyil, mədəni-mənəvi dünyamızda da elə faktlar, hadisələr olur ki, onları sakitcə izləməklə və ya milli tariximi­zin hansısa səhifəsinə yazmaqla ki­fayətlənmək olmur. İnsan istər-istəməz həmin fakt haqqında düşüncələrini mütləq kiminləsə bölüşmək istəyir, öz arqumentlərini müzakirə obyektinə çevirməyə çalışırsan. Məsələn, mən, cənab Prezidentin avqustun 8-də görkəmli aktyor, Xalq artisti Rasim Ba­layevlə görüşündən, onların səmimi söhbətlərindən sonra özümü məhz o cür hiss etdim. Şahidi olduğum səmi­miyyət barədə kiməsə danışmaq istə­dim.

Həmin görüşdə məni məmnun edən detallar hansılar idi? Əvvəla, Ra­sim Balayev dövlət başçısı ilə salamla­şanda hansısa rəsmi və ya diplomatik jestlərdən deyil, bilavasitə Ağsu ağ­saqqallarının leksikonunda olan “Sa­lamməleyküm!”dən istifadə etdi. Birmə­nalı olaraq deyə bilərəm ki, bu, Rasim Balayevin aktyorluğundan gələn cizgi deyil, onun səmimiyyətinin göstəricisi idi. Həmin səmimiyyətin ortaya qoyul­ması üçün dövlət başçısı tərəfindən yaradılan şərait də alqışlanmalıdır. 

İkincisi, dövlət başçısını məhz tay-tuş kimi, əziz, doğma adamı kimi bağrı­na basan sənətkar bu addımının ( heç kəs o sarayda ölkənin birinci adamını o şəkildə qucaqlamağa cəsarət etməzdi) səbəbini də açıqladı: “Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işləriniz­dən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu”.

Üçüncüsü, Prezidentin Rasim Ba­layevə dediyi “Qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqı­nın təsəvvüründə də onlar elə sizin obrazınızdır”– ifadəsi onun mədəni hə­yatımızdakı proseslərə dərindən bələd olmasının göstəricisi idi. Doğrudan da, milyonlarla soydaşımız Nəsimi haqqın­da danışarkən, göz önünə məhz Ra­sim Balayevin simasını gətirir. 

Dördüncüsü, Rasim Balayev dün­yanın hər yerindəki soydaşlarımızın demək istədiyi fikirləri dilə gətirdi: “Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oy­nayırıq”.

Yeri gəlmişkən, dövlət başçımız bu il iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqası­mova “İstiqlal” ordenini təqdim edərkən də olduqca səmimi söhbət etmişdi. Oqtay müəllim də cənab Prezidentin əsgər, sərkərdə kimi milli tariximizə düşdüyünü yada salmışdı: “Siz həm gözəl sərkərdə, gözəl siyasətçi, sözün­dən dönməyən kişisiniz. Bu keyfiyyət­lər bizim üçün önəmlidir. Biz uşaqlıq­dan belə böyümüşük – həmişə əsgər, qəhrəman bizim üçün kumir olub. Allah razı olsun. Siz böyük Heydər Əliyevin – atanızın oğulusunuz. Bu, çox böyük bir işdir və adama nə qədər ruh verir. Bunu hər kəs bilir”.

Bəli, bu səmimi söhbətlərə şərait yaradılması Prezident İlham Əliyevin sənət adamları ilə görüşlərdə Heydər Əliyev ənənələrini böyük məsuliyyət və ustalıqla davam etdirməsinin təza­hürüdür. 

Ölkədə keçirilən genişmiqyaslı mədəni tədbirlərə gəlincə isə xatırladaq ki, son illərdə həyata keçirilmiş həmin tədbirlərin önündə “Xarıbülbül” musiqi festivalları ənənəsinin bərpası gedir. Məlum məsələdir ki, həmin ənənəni bərpa etmək üçün ilk növbədə, Şuşa­nın və Ağdamın işğaldan azad edilməsi lazım idi. Çünki “Xarıbülbül” festivalları işğaldan əvvəl Şuşada və Ağdamda keçirilmişdi. Hamının yadındadır, — 1989-cu ildən Şuşa şəhərində məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə baş­lanan festivalda Yaponiya, ABŞ, Tür­kiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının mədəniyyət və incəsənət adamları iştirak edirdilər. So­nuncu festival 1992-ci ilin may ayında keçirilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın işğalçı ölkə üzə­rindəki möhtəşəm Zəfərindən sonra – 2021-ci il mayın 7-də imzaladığı sərən­cama əsasən, Şuşa şəhəri ölkəmizin Mədəniyyət paytaxtı elan edilmişdir. Həmin sərəncamla Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da bər­pa olunmuşdur. Bərpadan sonrakı ilk festival 2021-ci il mayın 12–13-də ke­çirilmişdir.

Ötən il mayın 12-14-də isə Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı təşkil edilmişdi. Festi­valın açılışında Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev və Bi­rinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xa­rici qonaqlar iştirak etmişdilər. Dövlət başçımız həmin tədbirdə xatırlatmışdır ki, bu gün Azərbaycan mədəniyyəti, mədəniyyətimizin görkəmli nümayən­dələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır. Bu reallıqla hər kəs hesab­laşmalıdır.

Sonda bir məqamı xüsusilə vurğu­lamaq zərurəti yaranır. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibə­tilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tez­liklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. 2021-ci ildəki festivalın açılış mərasimində isə döv­lətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbül­bül” festivalı Şuşada hər il keçiriləcək”, – demişdi. 2022-ci ilin mayında Mədə­niyyət paytaxtımızda keçirilən V “Xa­rıbülbül” Beynəlxalq Folklor Festivalı isə cənab Prezidentin həmin fikirləri­nin əyani təsdiqi idi.

Bəli, bu gün Azərbaycanda mə­dəniyyət siyasəti, dövlətimizin adına, xalqımızın tarixinə və ruhuna layiq səviyyədə davam etdirilir. Bir daha xatırladaq ki, bu tendensiya ulu ön­dər Heydər Əliyevin siyasi kursundakı “mədəniyyət istiqaməti”nin uğurla da­vam etdirilməsidir. Azərbaycan dövləti mədəniyyət xadimlərinin yanında oldu­ğu kimi, mədəniyyət ictimaiyyətimiz də daim dövlətin yanındadır. Deməli, daha böyük uğurlarımız hələ qabaqdadır. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət