Yaxud Paşinyanın “səlibçiləri” və orta əsr təfəkkürlü gülünc Ermənistan
1095-ci ildə Fransanın Klermon şəhərində Papa II Urban “müqəddəs torpağın (Qüdsün) kafirlərdən azad edilməsi” çağırışı ilə bütün xristian dövlətlərinin qoşulduğu hərbi kampaniya başlatdı. Bu kampaniya tarixə Xaç və ya Səlib yürüşləri adı ilə daxil oldu.
Xaç yürüşləri qarətçi xarakter daşıdı. Dini pərdə altında gizlənmiş səlibçilərin məqsədi Şərqin zəngin torpaqlarının ələ keçirilməsi idi. Üzərindən illər keçdikdən sonra marksist-bolşevik tarixşünaslığı deyəcəkdi ki, istənilən quruluşu məhv etmək üçün onun sifətindəki müqəddəslik maskasını cırıb atmaq lazımdır. Bəli, Xaç yürüşləri də, əslində, sifətində müqəddəslik maskası olan tarixin talançı səhifələridir. Yəni, hansı səmtdən yanaşsaq, nəticə dəyişmir. Maska isə elə o dönəmdə cırıldı. Prosesi avropalıların özləri gerçəkləşdirdilər. Bu barədə söz açacağıq. Hələlik isə… İkinci Qarabağ müharibəsi günlərində ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının üzvləri ölkənin sabiq Prezidenti Donald Trampa “dərdlərini” söyləmək imkanı qazanmışdılar. Onlar bildirmişdilər ki, bəs, Qarabağdakı savaş müsəlmanların xristianlara qarşı apardıqları müharibədir.
Erməni avantüristləri bu yolla Birləşmiş Ştatlar Administrasiyasında xristian təəssübkeşliyi hisslərini oyatmağa cəhd göstərmişdilər. Lakin cəhdləri alınmamışdı. Deyilənə görə, Trampın ritorik sualı erməniləri, sözün əsl mənasıda, pəjmürdə hala salmışdı. Sual təxminən belə idi: Bu, necə dini müharibədir ki, Ermənistanı İran silahlandırır, Azərbaycana İsrail dəstək verir?
Ümumən, erməni avantürizminin təmsilçilərinin zaman-zaman istila siyasətlərinə dini don geyindirməyə çalışdıqları faktdır. Onlar məzlum qiyafəsinə bürünərək, elə fon yaratmışdılar ki, sanki müsəlman azərbaycanlılar ermənilərin timsalında xristianlara qarşı zorakılıqlar həyata keçirirlər. Halbuki, özlərinin etdikləri dəhşətli zülmlər, istər Azərbaycan, istərsə də Anadolu türklərinin tarixində faciə yaşantıları kimi əbədilik qalmaqdadır.
***
Erməni milllətçiliyinin dini ekstremizmini yada salarkən, bu qövmün türk düşmənçiliyi xəttini xüsusi vurğulamalıyıq. Əvvəldə Xaç yürüşlərini isə heç də təsadüfən xatırlamadıq. Məsələ burasındadır ki, erməni avantüristləri indi də eyni “kursu” götürürlər. Söhbət Ermənistanın paytaxtı İrəvandan Laçın yoluna doğru hərəkət edən “Xaçlılar” adlı erməni millətçi qrupunun çıxardığı populizm oyunundan gedir.
Əslində, bu sayaq populizm Ermənistan cəmiyyətinin ruhuna hakim kəsilmiş xəstəlikdir. O cəmiyyətdə elə düşünürlər ki, tarixi Səlib yürüşləri ilə bağlı addan istifadə etməklə, haqsız dirənişlərinə beynəlxalq ictimai məzmun qazandıracaqlar. Beləliklə, erməni psevdomillətçiliyi özünün mənfur xislətini ortaya qoymaqdadır. Baxın, bu da demokratik inqilab etdiyi deyilən ölkə! Budur həmin inqilabla Avropa dəyərlərinə yiyələndiyi bildirilən toplum! Budur o toplumun tarixə yanaşması!
***
Gələk, maskanın cırılması məsələsinə. Bəli, erməni “xaçlılar” sarsaqlığa yol verirlər. Axı, Xaç yürüşlərinin əsl məqsədini dünyada bilməyən yoxdur. Həmin yürüşlərin bəşəriyyətin tarixindəki hansı faciələrə yol açdığını da həmçinin.
Yada salaq ki, Avropa insanı böyük sarsıntılar və üzüntülər doğurmuş katolik sxolastikasından qurtulmaq üçün XVI əsrdə inqilab etdi. Bu inqilab dünyaya reformasiya hərəkatı kimi daxil oldu. Reformasiya Avropada yalnız dinin məişət səviyyəsində saxlanılmasına yönələn deyil, eyni zamanda, dinin ehkamçı təsəvvürlərindən birdəfəlik qurtulmaq, inkişaf və tərəqqiyə nail olmaq vasitəsi idi.
Təsadüfi deyil ki, qitə ölkələrində sürətli iqtisadi inkişaf məhz XVI əsrdəki böyük dəyişikliklərin sayəsində baş vermişdi. Nəticədə ictimai şüur cilalanmış, yeni baxışlar sistemi formalaşmışdı. Bir sözlə, bu gün dünya özünün inkişafına görə həm də Almaniyada başlamış, sonradan “köhnə qitə”nin bir sıra yerlərinə yayılmış Reformasiya hərəkatına borcludur. O hərəkata ki, Səlib yürüşlərinin mövhumata əsaslanmış baxışlarını inkar edirdi. Yəni, böyük ölçüdə dini quruluşların sifətindəki riyakarlıq maskasını cırıb atırdı.
***
Deməli, Ermənistan cəmiyyəti özünün barbarlığını bir daha nümayiş etdirməkdədir. Laçın–Xankəndi yolunda qurduğumuz Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsinə yürüş edən “xaçlılar” barədə başqa nə isə demək mümkün deyil. Hesab edirik ki, Ermənistan hakimiyyəti məsələyə həssas yanaşmalıdır. Ona görə ki, Azərbaycanla münaqişəyə dini zəmin gətirmək olduqca təhlükəli tendensiyadır. Hərçənd, baş nazir Nikol Paşinyan administrasiyanın bunu düşünmədiyini söyləmək mümkünsüzdür. Erməni iqtidarı sülhə gəlməmək üçün bütün “variantlardan” yararlanır ki, “Xaçlı yürüşləri” də, heç şübhəsiz, onlardan biridir. Hər bir halda ortada son dərəcə biabırçı gediş var.
***
Beləliklə, hərəkatları böyük pafosla təqdim edilmiş “Xaçlılar” dəstəsinin üzvləri Ermənistandan Qarabağa humanitar yardım göndərilən yük maşınlarının yerləşdiyi əraziyə çatıblar. Sayı 150 nəfər olan dəstənin komandiri Sarqis Poqosyan tarixi xaçlı sərkərdəsi deyil, diplomat kimi açıqlama verib. O, ərazidə mühitin sakitliyindən söz açıb və bir az dincəlmək niyyətində olduqlarını vurğulayıb. Daha sonra sülhməramlılarla danışıqlara başlayacaqlarını deyib. Nəticə olmasa isə guya, şərti sərhədi güc yolu ilə keçəcəklərmiş.
Əslində, Ermənistandakı “Xaçlı hərəkatı” ilə bağlı ortada son dərəcə gülünc durum var. Məlum olduğu kimi, hərəkatın üzvləri avqustun 8-də İrəvandakı hökumət binası yaxınlığında etiraz aksiyası düzənləmişdilər. Onlar Paşinyan administrasiyasından şərti sərhədə yaxın ərazidəki humanitar yardım maşınlarının Qarabağa çatdırılmasını tələb etmiş, öz aləmlərində Nikola vaxt vermişdilər. Lakin baş nazirin komandası məsələyə əhəmiyyət verməmişdi. Daha doğrusu, ölkə iqtidarının cavabı hökumət binasının önündə polis kardonu yaratmaq şəklində olmuşdu. Axı, “səlibçilər” cəsarətlənib hökuməti güc tətbiq etməklə də hədələmişdilər. Hökumətdən heç bir cavab almayan avantürislər qəfildən sərhədə getmək qərarını vermişdilər ki, belə görünür, onlar aciz Paşinyana tətbiq etməkdən çəkindikləri gücü Azərbaycan əsgərinə göstərmək kimi beyin qıcolmasından da əziyyət çəkməkdədirlər.
***
Əlbəttə, psevdoxaçlıların ucuz populizmi heç bir nəticə verməyəcək. Dünya XI-XII əsrlərdə keçilmiş yolu təkrarlayanları kloun gözündə görəcək. Artıq bildirdik ki, onlar yalnız özlərini güldürməklə məşğuldurlar. Digər tərəfdən isə bu sayaq davranış Ermənistanı dünyanın gözündən salmaqdan, ölkəni arxaik düşüncələrin hakim kəsildiyi toplum kimi təqdim etməkdən başqa da bir şey deyil. “Xaçlılar” buna nail istəyirdilərsə, qətiyyətlə demək mümkündür ki, məqsədlərinə çatıblar.
Sonda onu da vurğulayaq ki, erməni “xaçlılar” şərti sərhədi heç bir halda keçə bilməyəcəklər. Yəni, nə xoşluqla, nə də zorla bunun mümkün olacaq variantı yoxdur və ola da bilməz. Həm də ona görə ki, 44 günlük müharibə Qarabağın talan edilməsinə də son qoyub. Orta əsrlərdəki metodları təkrarlayaraq, əraziyə sahiblənmək də tarixin arxivinə gömülüb.
“Xaçlılar”ın sərhəddə zor tətbiqinə girişmələrinə gəldikdə, bunun baş verməsi tamam başqa situasiya doğuracaqdır. Durumu düşünməli olan tərəf isə yenə də Ermənistan hakimiyyətidir. Ya Paşinyan zəhmət çəkib öz ipləmələrinə sahib çıxsın, ya da…
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

