Qarabağ və Gürcüstanda müharibənin 15 ili

post-img

Rusiya–ABŞ rəqabəti: ikili standartlar, qlobal təhdid və əzilən xalqların sülh həsrəti  

 

“Biz inanırıq ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər. Buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlayırıq”. Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan–Ermənistan sülh prosesini şərh edərkən dilə gətirib. 

Əlbəttə, Millerin “məsələnin tərəfi olmayan digər ölkələr” şərhi maraq doğurmaya bilməz. Çünki Rusiya rəsmiləri də tez-tez Cənubi Qafqaza aidiyyatı olmayan tərəflərin bölgədə sülh prosesinə zərər gətirdiklərindən söz açmaqdadırlar. Məsələn, ölkənin Xarici işlər naziri Sergey Lavrov iyulun 25-də azərbaycanlı və ermənistanlı həmkarları ilə görüşdən sonrakı bəyanatında Bakı və İrəvan təmsilçilərinin dünyanın müxtəlif bölgələrindəki görüşlərinin nəticələrini şübhələndirmiş və həmin görüşlərdə sülh sazişi ilə bağlı razılaşmanın əldə olunduğuna dair təqdimatları yalnız pafos məhsulu kimi dəyərləndirmişdi. Sual yaranır: Cənubi Qafqaza aidiyyatı olmayan tərəf və ya tərəflər kimlərdir? 

Ortada Əlahəzrət tarix var

Əslində, məsələ kimin bölgə ilə daha çox bağlılığında da deyil. Lap hesab edək ki, Rusiyanın yaşadığımız regiona aidiyyatı danılmazdır. Bu, öz-özünə baş verməyib? Rusiya Qafqazda işğal reallaşdırıb və bunun nəticəsində onun əraziyə aidiyyatı amili formalaşıb. Yəni Moskva rəsmilərinin, eləcə də siyasi dairələrinin məsələni, belə demək mümkünsə, anadangəlmə bağlılıq olaraq göstərmələri yolverilməzdir. Çünki ortada çox da uzaq olmayan əlahəzrət tarix var. Deməli, indiki durumda əsas olan kimin sülh yolunda daha səmimi fəaliyyət göstərməsidir. Səmimilik varmı? Təəssüf ki, yox!

Əlbəttə, niyyətimiz tarixdə ilişib qalmaq deyil. Çox güman ki, ABŞ da Rusiyanın yerində olsaydı, eyni işğalları gerçəkləşdirəcəkdi. Başlıca məsələ indiki durumda bu iki super qütbün bir-birinə münasibətləri kontekstində yaşadığımız regionun gələcəyinin hansı əsaslarla formalaşmasıdır. Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi fonunda Moskva–Vaşinqton rəqabətinin doğurduğu nəticələri görürük. Ən böyük nəticə, daha doğrusu, nəticəsizlik sülhün olmamasıdır. Nəinki sülh yoxdur, gərginlik hökm sürməkdədir. 

Qlobal rəqabət, qlobal mövcudiyyət

Bəli, Cənubi Qafqazda gərginliyin başlıca göstəricisi Azərbaycan–Ermənistan münasibətlərinin yoluna qoyulmamasıdır. Əvvəldə də Millerin hədəfi Rusiya olan subliminal mesajını və Lavrovun şəxsində Moskvanın Vaşinqtonun, ümumən kollektiv Qərbin vasitəçiliyinə qısqanc münasibətindən söz açdıq. Ancaq nəzərə alaq ki, bölgəmizdə digər gərginlik ocaqları da var. Söhbət Gürcüstandakı Cənubi Osetiya və Abxaziya problemindən gedir. 

Beynəlxalq hüquq baxımından Gürcüstan torpağı olan hər iki subyekt indiki durumda Rusiyanın işğalı altındadır. Əlbəttə, Kreml buna işğal demir və  arqumentlərində özünü haqlı sayır. Ancaq yekun nəticə heç bir halda dəyişmir. Ümumən, keçmiş SSRİ-nin müttəfiq respublikalarındakı münaqişəli bölgələr - Qarabağ, Cənubi Osetiya və Abxaziya, Moldovadakı Dnestryanı, Ukraynadakı Donetsk və Luqansk – bunlar hamısı sabiq imperiyanın böyük coğrafiyadakı xalqlara qoyub getdiyi, dincliyi və əmin­amanlığı daim təhdid edə biləcək qorxunc miraslardır. Çox təəssüf ki, nəinki Rusiya rəsmiləri, eləcə də ölkənin ictimai rəyi bu miraslara qlobal mövcudiyyət faktorları kimi yanaşmaqdadır. Prinsip etibarilə Birləşmiş Ştatların, ümumən kollektiv  Qərbin anti-Rusiya cəbhəsini də elə sadalanan regionlar təşkil etməkdədir. 

15 illik işğal

Diqqət yetirək, ABŞ Dövlət Departamenti dünən, yəni avqustun 8-də Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Birləşmiş Ştatlar Rusiyaya 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün təzyiq edəcək. 

ABŞ Dövlət katibi Antoni Blinkenin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinin açıqlandığı bəyanatında vurğulanıb ki, 15 il əvvəl Rusiya suveren Gürcüstan dövlətinə təcavüz edərək, onun ərazisinin 20 faizini işğal edib: “Birləşmiş Ştatlar Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyir. Rusiyanın hərəkətləri bu münaqişədən əziyyət çəkən insanların həyatını həmişəlik dəyişdi”.

Bəyanatda o da bildirilib ki, Rusiyanın işğal zamanı hərəkətləri, o cümlədən Kremlin amansız dezinformasiya kampaniyaları və əhalinin kütləvi köçkünlüyü hələ də misilsiz iztirablara səbəb olur: “Ukraynada olduğu kimi, Gürcüstan xalqı da Rusiyanın beynəlxalq hüquqa hörmətsizliyinin və qonşularına hakim olmaq istəyinin nəticələrindən əziyyət çəkir.

Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının qondarma müstəqilliyini tanımaqdan imtina etməlidir. Bu tədbirlər yüz minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə öz evlərinə qayıtmalarını və ləyaqətlə yaşamalarını təmin etmək üçün vacibdir”.

İkili standartlar – Qarabağ, Cənubi Osetiya və Abxaziya

Yəqin, bəyanatda kifayət qədər açıq ifadə olunmuş fikirlərə diqqət yetirdiniz. Sual olunur: Birləşmiş Ştatlar indiyədək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən belə bəyanat səsləndiribmi? Yox! Ağ ev otuz ilə qədər davam etmiş işğal müddətində Qarabağ və erməni təcavüzünə məruz qalmış digər torpaqlarımızla, orada yaşamış əhali ilə bağlı bu cür sərt ritorikaya üstünlük veribmi? Əlbəttə, yox! 

Əvvəldə M.Millerin Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı açıqlamasını təsadüfən xatırlatmadıq. Hiss etdinizsə, orada konkret hədəf var idi. O hədəf ki, ədaləti təmin etməyə deyil, Birləşmiş Ştatların maraqlarına təhdidi aradan qaldırmağa hesablanıb. Məsələn, Miller, elə A.Blinken də indi deyə bilər ki, Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisidir və Bakı bölgənin  ermənilərinə sahib çıxmaq haqqına malikdir. Ancaq mövcud məqam heç bir halda Gürcüstanla bağlı bəyanat kimi qətiyyətli səslənmir. Əslində, heç düz-əməlli dilə də gətirilmir. Yalnız arada səslənmiş haqlı məqamları və Ermənistanın anti-təbliğatından sonra, guya balans yaratmağa söykənmiş yumşaldıcı fikirləri görürük. Nəticədə Ermənistan və havadarları illüziyalara qapılır. Belədə Rusiya da düşünə bilər ki, ABŞ Azərbaycanla Ermənistan arasındakı durumun tənzimlənməsində səmimi deyil. Axı Moskvada çox yaxşı görürlər ki, Vaşinqton Gürcüstana bir, Azərbaycana bir başqa cür münasibət bildirir.  

Saakaşvilinin qeyrəti, Antonovun hiddəti və xalqların sülh həsrəti

Daha bir məqama diqqət yetirək. Yəni bir halda ki, ortada qeyri–səmimilik var, onun cavabı da eyni tonda olmalıdır. “2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş müharibə ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatı ABŞ-ın vəziyyəti qəsdən necə alt-üst etdiyinin bariz nümunəsidir”. Bu fikri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov dilə gətirib. “Məqsəd aydındır: bu faciə ilə bağlı həqiqəti təhrif etmək və günahı Rusiyanın üzərinə atmaq. Lakin faktlar təsdiq edir ki, həmin hadisələrə görə bütün məsuliyyət Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin (Mixeil Saakaşvili – red.) üzərinə düşür. Məhz onun cinayətkar əmri ilə Cənubi Osetiya xalqına qarşı genişmiqyaslı müharibə başladılmışdı”, – deyə Rusiya səfiri bildirib.  Onun sözlərinə görə, Vaşinqtonun “bu qeyri-insani qərarının həm də ABŞ-ın özünün yanlış siyasətinin nəticəsi olduğunu” etiraf etməsinin vaxtı çatıb: “Axı hakimiyyətə gətirən, sonra isə qeyrətli Saakaşvili rejimini qeyrətlə dəstəkləyən Qərb oldu. ABŞ Ədliyyə Nazirliyinin bu yaxınlarda təsdiq etdiyi kimi o, hələ də bu fiqurun maraqları üçün lobbiçilik etməkdə davam edir”.

A.Antonov onu da vurğulayıb ki, əgər ABŞ Administrasiyası, həqiqətən, regionda sülhün təmin edilməsinə sadiqdirsə, o zaman Rusiyaya qarşı ittihamları və sanksiyaları aradan qaldırmalıdır. “Ölkəmizlə Gürcüstan arasında qurulmuş əlaqələri pozmağa çalışmayın. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə müzakirələri çərçivəsində praktiki işə diqqət yetirmək vacibdir. İlk növbədə, Tbilisi ilə Suxumi və Sxinvali arasında gücdən istifadə etməmək haqqında hüquqi qüvvəyə malik sazişin bağlanması istiqamətində iş aparın”, – deyən Rusiyanın Birləşmiş Ştatlardakı səfiri fikrini yekunlaşdırıb.

Sonda bir daha deyək ki, istər Qarabağ, istərsə də Cənubi Osetiya və Abxaziya problemləri müstəvisində sülhün əldə edilməməsi qlobal güclərin bir-birilə rəqabətinin doğurduğu acı mənzərədir. Bu mənzərənin ayrı-ayrı epizodları haqq və ədalət anlayışlarını ikinci plana atır. Nəticədə hər kəs özünü haqlı hesab edir, böyük haqlar unudulur. Durumdan əziyyət çəkən isə bölgənin xalqlarıdır. Xalqların dinc birgəyaşamı qlobal siyasi oyunların, avantürist baxışların qurbanına çevrilir. Ən böyük reallıq da elə budur, sülh yox. Çox təəssüf. 
 

Ə. RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət