Bəzi dairələr Ermənistanı illüziya bataqlığına sürükləyir

post-img

Bu durumda vasitəçilərin səmimi davranışına ciddi ehtiyac var. Əks halda…

 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesini şərh edib. Cənab Millerin nə söylədiklərinə diqqət yetirəcəyik. Hələlik isə onu deyək ki, Dövlət Departamentinin sözçüsünün fikirləri Bakı-İrəvan danışıqlar prosesinin, bir növ, dalana dirəndiyi zaman kəsiyinə təsadüf edir. Hazırda elə görüntü var ki, sanki sülh ritorikası yerini anti-Azərbaycan təbliğatına verib. Müəyyən qüvvələrin ermənipərəstlik damarı tutub. Bu fonda Bakının qəddar və anti-insani obrazı formalaşdırılır. Belədə sual yaranır: Azərbaycanla sülhü müzakirə etməyə dəyərmi? 

Əslində, Ermənistanın istəyi də budur ki, Azərbaycanı danışıq aparmaq qabiliyyətində olmayan, ancaq  hərbə-zorbaya üstünlük verən tərəf qismində göstərsin. Bu təqdimat ona prosesdən yayınmaq, vaxt qazanmaq və bölgədə yeni reallıqlar formalaşdırmaq üçün hava-su kimi lazımdır. 

İrəvan rəsmiləri mətləbdən uzaqlaşaraq, Azərbaycanın haqlı istəklərinin gerçəkləşməsinə maneçilik törətməyi düşünürlər. Yazımızda bunun üçün onlara müxtəlif xarici qüvvələrin dəstəyindən söz açacağıq. Ancaq indi Millerin açıqlamasına qayıdaq. 

Bəli, hazırda Vaşinqton, obrazlı desək, okeanın ortasındakı tək adadır və Cənubi Qafqazda sülhün yaranacağına inanır. Daha doğrusu, Birləşmiş Ştatlar, belə demək mümkünsə, dəryadakı sülh ağacından möhkəm-möhkəm yapışıb. Amma Millerin açıqlamasından görünən budur ki, ABŞ-ın əlini həmin ağacdan buraxmasını istəyənlər də var və belələrinin məqsədi ümumən sülh prosesini pozmaqdır. Amma, “Biz inanırıq ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər. Buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlayırıq”.

İlk baxışdan yaranmış təəssürat budur ki, rəsmi Vaşinqtonun açıqlamaları Ermənistan üçün illüziya tanımır. Ancaq ölkə illüziyalara qapıla-qapıla getməkdədir. Bu gedişatda başlıca rolu bəzi beynəlxalq dairələr oynamaqdadır. Əlbəttə, sırf ermənipərət baxışları ilə seçilənləri bir kənara qoyuruq. Onların mövqeləri aydındır – nəyin bahasına olursa-olsun İrəvanı haqlı, məsum, Bakını isə haqsız, zalım və qəddar qiyafəsində tanıtmaq. 

Məsələn, belələrindən biri Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Baronessa Keralayn Koksdur. Xanım Koks beynəlxalq aktorları Azərbaycanın hədsizlik kimi qiymətləndirdiyi hərəkətlərinə son qoymağa çağırıb. Onun fikrincə, Bakının davranışları Qarabağ ermənilərini aclığa və soyqırıma məruz qoymağı hədəf seçib. Koks deyib ki, Azərbaycanın bölgədə qaz təchizatını tamamilə və ya qismən kəsməsindən 142, elektrik enerjisinin verilişinin tamamilə dayandırmasından isə 180 gün keçir. Görürsünüz də onu necə dəqiq təlimatlandırıblar… 

Ötən əsrin 90-cı illərindən Qarabağa səfərlər etməklə populyarlaşmış ermənipərəst qarı onu da bildirib ki, Azərbaycanın, guya, bölgənin enerji təminatına vurduğu zərbə nəticəsində məktəblər ərzaq qıtlığı səbəbindən bağlanmağa məcbur olub, yayılan videolarda gündəlik ehtiyacları ödəmək üçün qida, dərman və avadanlıqla tam təchiz edilməli olan boş vitrinlərin şokedici görüntüləri yer alır. 

Məlumdur ki, həmin görüntülər hansı məqsədlə dövriyyəyə buraxılır, bu, öz yerində. Amma B.Koks daha “incə” məqamlara baş vurmaqdadır. O deyir ki, qida çatışmazlığının yaratdığı ağır sağlamlıq vəziyyətinə, həmçinin, dərman və tibbi ləvazimat çatışmazlığına, çətinliklərə və stressə görə Qarabağda vaxtından əvvəl və ölü doğum halları üç dəfə artıb. Bəli, göründüyü kimi ermənipərəst həyasızlıq sərhəd tanımır… 

Bir daha bildirək ki, B.Koks və onun kimi ermənipərəstlərin iddialarını müəyyən mənada anlamaq mümkündür. Çünki onlar mövqelərini əvvəldən ortaya qoyublar. Əsl problem nüfuzlu mötəbər təşkilatların təmsilçilərinin Azərbaycan–Ermənistan münasibətlərinə yanaşmasıdır. Bu baxımdan BMT-nin xüsusi məruzəçiləri deyilən bir qrupun açıqlamasını fərqləndirmək mümkündür. Əlbəttə, BMT-nin Baş katibi Antoniu Quterreşin "Laçın dəhlizi ilə azad hərəkətlə bağlı yaranmış problemlər barədə məlumatlardan dərin narahatlıq" keçirməsinə dair bir neçə gün əvvəlki bəyanatının yanında, qurumun qida və təhsil hüququ üzrə xüsusi məruzəçiləri Maykl Fəxrinin və Fəridə Şahidin bəyanatları heç nədir. Bununla belə, bu sayaq sənədlər Ermənistandakı illüziyanı dərinləşdirir və yekunda Cənubi Qafqazda sülhün yaranmasına maneçilik törədir. 

Yada salaq ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (12 noyabr 1993-cü il) saylı qətnamələrini onillər boyu icra etməkdən boyun qaçırmışdı. Bunun nəticəsində bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış durumda – vaqonlarda, çadır şəhərciklərində ömür süməyə məhkum olmuşdu. Bəli, elə o zaman da BMT özünün fəaliyyətsizliyi və acizliyi ilə Ermənistanın illüziyalara qapılmasına şərait yaratmışdı. İrəvan elə sanmışdı ki, Qarabağ və işğal edilmiş digər rayonlar əbədilik ona məxsusdur. İndi də istər Quterreş olsun, istərsə də onun xırım-xırda ekspertləri özlərinin reallıqları təhrif edən bəyanatları ilə eyni yolu tutmaqdadırlar.

Yeri gəlmişkən, BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçiləri və müstəqil ekspertinin, guya, Azərbaycan tərəfindən “Laçın dəhlizi”nin blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etmələrinə, Azərbaycanın Xarici İşlər Nazirliyi də  münasibət bildirib. Qurumun mətbuat xidməti BMT-nin orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən təəssüfünü ifadə etməklə yanaşı, ölkəmizin üzləşdiyi işğal reallıqlarına diqqət çəkərək vurğulayıb ki, həmin şəxslərin  Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməməsi, “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, daxili işlərimizə qarışmaları və ikili yanaşmaları qəbuledilməzdir: “Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb”.

Azərbaycan XİN-in mətbuat xidməti ölkəmizin öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, Laçın sərhəd-buraxılış məntəqəsini yaratdığını, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul tarixli qərarında bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı erməni iddiasının yekdilliklə rədd edildiyini xatırladıb və bəyan edib ki, bütün bunlar bir daha Ermənistan tərəfinin iddialarının əsassızlığını sübuta yetirir. Azərbaycanın qanuni ərazilərində qaçaqmalçılıq cəhdlərinin yaşandığının, İrəvanın müxtəlif təxribatlara əl atdığının vurğulandığı açıqlamada, həmçinin Qarabağ ermənilərinin ehtiyaclarının qarşılanması məsələsinə də toxunulub: “Azərbaycanın suveren ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məsələsinə gəldikdə isə bunun üçün Azərbaycan tərəfindən “Ağdam–Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib”.

Göründüyü kimi, Azərbaycan XİN duruma tam aydınlıq gətirməkdədir. Bu yerdə yenidən Millerin açıqlamasına qayıdaq. Bəli, onun təbirincə desək, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin tərəfi olmayanların şərhlərini diqqətə çatdırdıq. Onu da bildirdik ki, belə şərhlər Ermənistanı illüziya bataqlığına çəkir. Bu bataqlıqda isə sülh yoxdur, boğulma var. Yəni indiki halda istər Miller, istərsə də Birləşmiş Ştatların digər rəsmiləri ölkələrinin başlatdığı prosesdə fəal mövqe tutmalıdırlar. Onlar bəşəri missiya yerinə yetirib Ermənistanı düşdüyü girdabdan çıxarmalıdırlar. 

Digər tərəfdən isə İrəvana reallıqları və həqiqətləri daha uca səslə çatdırıb sülh üçün əhəmiyyətli töhfə verməlidirlər. Nəzərə almalıdırlar ki, hazırkı Ermənistan rəhbərliyi bütün hərəkət  və davranışı ilə sülh prosesindən tam uzaqdır. Yaxşı olar ki, cənab Miller məhz bu məqama toxunsun. 

Məsələn, vaxtilə Rusiyanın Ukraynanın Donetsk vilayətinə humanitar yardım göndərməsini ikincinin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirən Vaşinqton, indi də Ermənistanın Qarabağa humanitar yardım yollamaq cəhdini Azərbaycanın suveren hüquqlarına sayğısızlıq olaraq dəyərləndirsin. Yəni, burada görülməyəcək heç nə yoxdur. Hər şey gün kimi aydındır. Məsələyə Miller də münasibət bildirməli və deməlidir ki, Ermənistanın “Spayka” “tır”ları ətrafında yaratdığı  şou yolverilməzdir. Ancaq demir, ümumi ifadələrlə məhdudlaşır. O ifadələr ki, onu Ermənistan mediası da özünə sərfəli sayır. 

***

Bəli, yalnız ABŞ-ın deyil, ümumən Azərbaycan–Ermənistan münasibətlərinin nizamlamasına vasitəçilik edən tərəflərin öz missiyalarına həssas yanaşmaları son dərəcə vacibdir ki, sülh prosesi əndazədən, indiyədək əldə olunmuş müsbət nəticələr sıradan çıxmasın. Bunun üçün ancaq səmimiyyətə ehtiyac var. Səmimiyyət isə yalnız Millerin və ya qeyrisinin bəyanatları və açıqlamaları ilə ölçülmür, bütöv mahiyyət daşıyır. Əgər indiki halda, “Vaşinqton post” kimi nüfuzlu qəzet mətləbə dəxli olmadan Azərbaycanda həbs edilən iqtisadçı ekspert Qubad İbadoğlunun məsələsini Bakı-İrəvan sülh prosesində ölkəmizə təzyiq kimi qabartmaq çağırışı səsləndirirsə, deməli, səmimiyyət ya yoxdur, ya da istənilən səviyyədə deyil. Hər halda, “Vaşinqton post” adi bir nəşr deyil və zaman-zaman görmüşük ki, onun, eləcə də digər ABŞ nəşrlərinin qaldırdıqları məsələlər sonradan reallıqla fiksasiya oluna bilir. Təəssüf ki, belə qərəzli təqdimatlar Ermənistan rəhbərliyinin və ermənipərəst dairələrin əlində xal qazanmaq vasitəsinə çevrilir. 

 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 

Siyasət