Regional inkişaf davamlı iqtisadi islahatlar nəticəsində əldə edilir

post-img

Azərbaycanda 2004-cü ildən indiyədək uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərib, bununla da ölkəmizin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfə verib.  

Regional proqramların uğurla icrası dövründə  kənd və qəsəbələrin, şəhərlərin  siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı getdikcə artıb.

Sonuncu “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr nəticəsində yüksək göstəricilər əldə edilib. Regionlarda infrastruktur tədbirlərinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı sistemlərinin yenilənməsi işləri davam etdirilib.  

Ümumiyyətlə, regionlarının sürətli tərəqqisi respublikada reallaşdırılan davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə qəbul edilən və uğurla gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin gerçəkləşdirilməsi respublikada qeyri-neft sektorunun davamlı inkişafına, yerlərdə kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə isə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.  

Prezident İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri bir daha göstərdi ki, əvvəllər olduğu kimi, sonuncu (2019–2023-cü illər) regional proqramda da nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi Azərbaycanın yuxarıda adları çəkilən rayonlarının hər birinin malik olduğu özünəməxsus təbii, maddi əmək resurslarından, coğrafi, nəqliyyat-kommunikasiya imkanlarından səmərəli istifadə edilməsi, yoxsulluğun səviyyəsinin aşağı salınması, məşğulluq problemlərinin həlli üçün kifayət qədər əlverişli zəmin yaradıb. Sənəddə sosial, infrastruktur, aqrar sahələrin inkişafı ilə bağlı tədbirlər, yeni iş yerlərinin yaradılması ilə əlaqədar layihələr xüsusilə diqqətdə saxlanılıb. Nəticədə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm irəliləyiş əldə olunub.  

Bu fikrin təsdiqi olaraq Prezident İlham Əliyevin səfər çərçivəsində açılış mərasimləri gerçəkləşən bir sıra obyektlərə nəzər salaq. Məsələn, dövlətimizin başçısının Qazaxda fəaliyyətə başlayan “Venzana” mebel fabriki  barədə məlumat verilərək bu  obyektin “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradıldığı bildirilib və orada buraxılan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edildiyi vurğulanıb. Eyni zamanda,  fabrikin illik istehsal gücünün 14 min 260 mebel dəstinə çatdığı və hazırda müəssisədə 425 nəfər işlə təmin olunduğu qeyd edilib. 

Yeni mebel fabrikinin işə salınması ilə bağlı məlumatda diqqətçəkən iki məqamı xatırlatmaq istərdik:

–respublikamızın digər bu təmayüllü sənaye müəssisələrində olduğu kimi, burada da istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditindən yararlanılıb;

–digər dəstək mexanizmi kimi, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən “Müasir mebel istehsalının qurulması” layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Bunun nəticəsində fabrik tərəfindən 8,4 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub, fabrik 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.

Ümumiyyətlə, bu cür istehsal müəssisələrinin işə salınması, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Bu, həm də daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. 

Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri çərçivəsində istismara buraxılan  Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri də mühüm əhəmiyyəti ilə diqqət çəkir. Bu münasibətlə keçirilən mərasimdə dövlətimizin başçısına verilən məlumatdan aydın oldu ki, sözügedən layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində reallaşdırılıb. Eyni zamanda, bu təşəbbüs 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi daşıyıb.  

Yeri gəlmişkən, icrasına 2019-cu ildə başlanılan sözügedən layihə çərçivəsində Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb və 7,8 kilometr uzunluğunda artezianlararası su xətti inşa olunub. Buradan isə Qazax şəhərinə 8,9 kilometr uzunluğunda magistral su kəməri çəkilib. Qazax şəhəri yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı da tikilib, şəhər ərazisində 119 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi inşa olunub. İnvestisiya hesabına ümumilikdə 8 min 224 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Bundan savayı, şəhər ərazisində 83 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,8 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.

Dövlətimizin başçısının açılışında iştirak etdiyi Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolu da mühüm önəm daşıyır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu avtomobil yolu uzun müddət təmirsiz istifadə edildiyindən, həmçinin təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Vətəndaşların rahat gediş-gəlişi məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub, 14 mindən çox əhalinin normal hərəkəti təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Bundan başqa, rayonun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərəhli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri də yekunlaşıb.

Beləliklə, adları çəkilən yolların tikintisi kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazarlara, eyni zamanda, digər satış məntəqələrinə vaxtında çatdırılmasına şərait yaradıb.  

Emin BAĞIROV,

ETN Riyaziyyat və Mexanika 
İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri ilə bağlı bir məqamı xüsusilə qabartmaq istərdim. Bu, respublikamızda  avtomobil yolları sektorunda irihəcmli layihələrin icrasının uğurla həyata keçirilməsi ilə əlaqədar məsələdir. Xatırladım ki, ölkədə  yol infrastrukturuna belə önəm verilməsi təsadüfi deyil. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu, bölgədə həyatın, sözün əsl mənasında, canlanmasına gətirib çıxarır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcıdır.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral  yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra olunur. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır...”.   

Yol tikintisindən danışarkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, son illər ərzində respublikamızda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə magistral yolların yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu layihəsinin icrası bunun bariz ifadəsidir. Bu magistral beynəlxalq nəqliyyat dəhlizinin ölkəmizin ərazisindən keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Prezident İlham Əliyevin Qərb bölgəsinə səfər zamanı Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin istifadəyə verilməsi də yuxarıda vurğulanan fikrin təsdiqinə çevrildi. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 130,15 kilometrlik bu yolun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək.

Beləliklə, Prezidentin yuxarıda adları çəkilən rayonlara  səfəri bir daha göstərdi ki, son 20 ildə regionların inkişafı, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və sosial şəraitinin yaxşılaşması, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməklə və modern texnologiyalara əsaslanılmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması istiqamətində mühüm uğurlar əldə edilib. Ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, çox sayda sosial obyektlər tikilib, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş verib. Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilib və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunub.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 





İqtisadiyyat