Separatizmin mənşəyi eyni olsa da, yanaşma fərqlidir

post-img

Ölkəmizin legitim hüququ mübahisə mövzusu ola bilməz!

Azərbaycan XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox problemlərlə üzləşdi. Şübhəsiz ki, onlardan ən böyüyü bədnam qonşumuz Ermənistan tərəfindən Qarabağda erməni separatizminin körüklənməsi, bunun ardınca 1992-ci əvvə­lindən etibarən başlanan açıq hərbi əməliy­yatlar oldu. Yeni müstəqillik qazanmış ölkə Birinci Qarabağ müharibəsi zamanı məğlu­biyyətlə üzləşməklə, ərazi itkilərinə məruz qalmaqla yanaşı, xarici dairlərin əsassız hü­cumlarının da hədəfinə çevrildi.

Erməni diaspor və lobbisinin güclü olduğu ABŞ, Fransa, Rusiya, eləcə də Avropanın bir sıra dövlət­lərindən edilən hücumlar ölkəmizin vəziyyətinin pis­ləşməsinə gətirib çıxardı. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının 1992-ci ildə qəbul etdiyi Azadlığa Dəstək Aktına 907-ci düzəliş ABŞ Preziden­tinə Azərbaycana birbaşa yardımlar göstərməyi qa­dağan etdi. Bu, dünya tarixində təcavüzlə üzləşənin cəzalandırılmasına dair nadir hallardan biri idi. Əfsus­lar olsun ki, Azərbaycanın əsassız hücumlara məruz qalması, eyni məsələdə fərqli yanaşma ilə üzləşməsi sistemli oldu. Ötən onilliklərdə biz bunun çox sayda nümunələrini gördük.

44 günlük Vətən müharibəsi zama­nı ölkəmizə bəzi Qərb dövlətlərinin, əsasən də Fransanın ittihamları heç bir sərhəd tanımadı. Bu cür hallar müasir dünyada haqlı olaraq ikili standartlar adlanır. Azərbaycan ikili standartlardan ən çox əziyyət çəkən ölkələrdən biridir.

***

Qərbin Azərbaycanla bağlı prin­sipial məsələlərə bir çox hallarda ikili standartlarla yanaşması ölkəmizdə zaman-zaman tənqid olunub. Azər­baycan rəsmiləri bu yanaşmanın yol­verilməz olduğunu dəfələrlə bildiriblər. Sonuncu dəfə bu istiqamətdə öz fikir­lərini Prezident İlham Əliyev açıqlayıb. Dövlət başçımızın iyulun 22-də Şuşa­da “Euronyus” televiziyasına verdiyi müsahibə avqustun 1-də telekanalda yayımlanıb. Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda mü­vəqqəti olaraq rusiyalı sülhməramlıla­rın nəzarəti altında olan ərazidə yaşa­yan insanlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azər­baycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istə­diyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günah­landırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənis­tan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan “Dağlıq Qara­bağ respublikası”nın vətəndaşları ola­raq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşma­dır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uy­ğundur”.

Dövlət başçımız qeyd edib ki, indi biz separatizmə qarşı mübarizə apar­maqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini gö­rürük. “Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anla­şılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum ke­çirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfər­dir və yaxınlıqda öz dövləti olan ermə­nilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə döz­məliyik?” – deyə haqlı suallar verən Prezident İlham Əliyev sonra qətiyyətlə bildirir ki, biz bunu etməyəcəyik.

***

Ölkəmizə münasibətdə bu yanaş­ma, həqiqətən də, hiddət doğurur. Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür və planetimizin üzləşdiyi prob­lemlərin aradan qaldırılmasında fəal rol oynayır. Ölkəmiz hələ 2001-ci ildə Qərbin antiterror koalisiyasına qoşu­lub. NATO-ya üzv olan ölkələrin vahid mövqeyinə görə, Azərbaycan həm an­titerror əməliyyatlarında, həm də vax­tilə Əfqanıstanda və digər ağır şəraitdə olan ölkələrdə həyata keçirilən sülhmə­ramlı missiyalarda ən fəal iştirak edən ölkə kimi qəbul olunub. Azərbaycan Avropa və Qərbin enerji təhlükəsizli­yinin təmin olunmasında mühüm rol oynayır. Hələ 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan nef­ti Qərbə ixrac olunur. Bundan əlavə, Azərbaycan mavi yanacağı TANAP və TAP boru xətləri vasitəsilə Avropa ölkələrinin təbii qazla təmin olunmasın­da əhəmiyyətə malikdir. Koronavirus pandemiyası dövründə Azərbaycan BMT Baş katibinin Ümumdünya Səhiy­yə Təşkilatına və kasıb ölkələrə yardım etməklə bağlı təşəbbüsünə qoşulan ilk ölkələrdən oldu. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi hərəkata üzv olan dövlətlərə həm maddi yardımlar, həm də peyvənd yardımları etdi. Bu gün də Azərbaycan dünyanın harasın­da baş verməsindən asılı olmayaraq, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün hökumətlərə yar­dımlar edir. Həmin yardımlar Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin xətti ilə həyata keçirilir.

Azərbaycan sülh və sabitlik, təh­lükəsizlik və əməkdaşlıq tərəfdarıdır. Bu gün Qarabağda yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası da tam təbii proses sayılmalıdır. Konsti­tusiyamız hər kəsin hüquq və azadlıq­larına təminat verir. Qərb dövlətlərinin rəsmi şəxslərinin bunu bildikləri halda məsələyə fərqli yanaşma göstərmək­ləri heç bir çərçivəyə sığmır. Onlar ölkəmizin legitim hüququna hörmətlə yanaşmalı, bu məsələni mübahisələn­dirməyə çalışmamalıdırlar. Ancaq əgər bu prosesi davam etdirsələr belə, bu, heç nəyi dəyişməyəcək.

Hələ 2016-cı il yanvarın 29-da ölkə gənclərinin bir qrupu ilə görüşdə Prezident İlham Əliyev demişdi: “Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlərin, qarayaxma kam­paniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə apa­rırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqları­nı müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar. O təzyiq mexanizmləri də çox primitivdir. Bura­da da hesab edirəm ki, bu təzyiqləri edənlər bir balaca gərək innovasiyala­ra şərait yaratsınlar, yeni bir üsul icad etsinlər. Çünki eyni, şablon ittihamlara artıq heç kim inanmır. Amma bu, bizim iradəmizə, əlbəttə ki, təsir edə bilməz. Çünki mən həmişə bu fikirdə olmuşam: əgər hesab edirsən ki, sən düzgün yol­dasan, gərək bu yola davam edəsən...”

Bəli, Azərbaycanın iradəsinə yaxın-uzaq xaricdəki heç bir qüvvə tə­sir edə bilməz. Ölkəmizə ikili standart­larla yanaşanlar bunu birdəfəlik yadda saxlamalıdırlar.

Aydın MİRZƏZADƏ,
Milli Məclisin deputatı, politoloq

– Prezident İlham Əliyev “Euron­yus” televiziyasına müsahibəsində çox ciddi məsələlərə toxundu. Bunların hamısı aktual, düşündürücü və bey­nəlxalq hüquqa söykənən məsələlər­dir. Onlardan biri separatizmə münasi­bət məsələsidir. Cənab Prezident çox düzgün olaraq, Qərbdə separatizmə ikili standartlarla yanaşıldığına dair nümunələr gətirdi. Azərbaycan öz əra­zi bütövlüyü uğrunda erməni separa­tizminə qarşı mübarizə aparır. Amma Qərbin müəyyən dövlətləri, hətta BMT Təhlükəsizlik Şurasının 5 daimi üz­vündən biri olan Fransa Azərbaycanın bu istəyinə qarşı çıxır. Bununla belə, Ukraynanın separatizmə qarşı müba­rizəsində Qərb birləşir. Katalonların öz milli dövlətlərinin olmadığına baxmaya­raq, İspaniya hökuməti sayları 6 milyon nəfərə çatan bu xalqa müstəqil dövlət yaratmaq üçün referendum keçirməyə imkan vermir.

Yəni, Avropa bir tərəfdən separa­tizmdən ehtiyat edir, onun baş qaldır­masının qarşısını müxtəlif yollarla alır, belə halların yaşandığı qitə ölkələrini vahid dövlət formasında saxlamağa çalışır, digər tərəfdən isə Avropanın bir hissəsi olan, Avropa dəyərləri, de­mokratik prinsiplərlə müstəqil dövlətini quran Azərbaycanın ərazi bütövlüyü məsələsinə ikili standartla yanaşır. Əl­bəttə, bu, Qərbin müəyyən dairələrinin ölkəmizin maraqlarını hələ də qəbul et­məməsi, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsindən heç də razı qalmadıqları ilə bağlıdır. Azər­baycanı neft çıxaran bəzi ölkələr kimi problemlər içində görmək, amma neft­dən gələn gəlirləri transmilli şirkətlərin büdcələrinə yönəltmək istəyindən irəli gəlir. Bu baxımdan müəyyən dairələr ölkəmizi, o cümlədən, separatizm problemi ilə üzbəüz qoymaqda maraq­lıdırlar.

“Euronyus” adi bir telekanal deyil, nəinki Avropa məkanında, bütün dün­yada yayımlanır. Onun tamaşaçıları arasında sadə izləyicilərlə yanaşı, si­yasətçilər, rəsmi şəxslər, söz sahibi olan ciddi insanlar var. Cənab prezi­dentin bu məsələyə münasibəti onları düşündürməlidir. Şübhəsiz ki, onlar Azərbaycanın mövqeyini bir daha eşit­dilər. Özləri üçün bir daha yəqin etdilər ki, Azərbaycan separatizmlə barışma­yacaq. Azərbaycan suverenliyinin bü­tün ölkə ərazisində tam təmin olunma­sı uğrunda çox ciddi şəkildə mübarizə aparacaq, heç kəsin diktəsi altında fəa­liyyət göstərməyə razı olmayacaq. Bu, ulu öndər Heydər Əliyevin prezidentliyi zamanında da belə idi, həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə də özünü açıq şəkildə göstərir.

Vətən müharibəsi zamanı Azər­baycan ərazi bütövlüyünü təmin edib, Ermənistanla sərhədə çıxıb. Aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılıb. Bununla da sər­hədlərimizin bütövlüyü təmin edilib. Ermənistanın Azərbaycanın daxili işlə­rinə bu və ya digər formada müdaxilə etmək cəhdlərinin qarşısı qətiyyətlə alı­nır. Eyni zamanda, Prezident “Euron­yus”a müsahibəsində Qarabağ iqtisadi rayonunda erməni sakinlərə müraciət etdi. Onların seçim etməli olduqlarını bildirdi. Qarabağdakı erməni sakin­lər xunta başçılarının köləsinə çevril­məməlidirlər.

Azərbaycan dövləti ərazisində ya­şayan hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasına təminat verir. Bu gün Azərbaycanda erməni sakinlərdən sayca qat-qat çox olan rus, talış, kürd, ləzgi, avar, gürcü ic­maları var. Onların hüquqları, dinləri, dilləri qorunur. Azərbaycan XX əsrdə ərazisində katolik kilsəsi inşa olunan yeganə müsəlman dövləti oldu. Ölkə­mizdə müxtəlif xalqların dini ayinlə­ri icra olunur və bayramları keçirilir. Hesab edirəm ki, dövlət başçımızın “Euronyus”a verdiyi müsahibədəki bü­tün məqamlar Azərbaycanın milli ma­raqlarından, suveren hüquqlarından irəli gəlir.

 

Səxavət HƏMİD,
“Xalq qəzeti”





Siyasət