Bütövlük, prinsipiallıq və qətiyyət

post-img

Bu keyfiyyətlər İlham Əliyevə xalqın etimadını qazandırdı

“Mən İlham Əliyevə özüm qədər inanıram”. Bu fikri xalqımızın ümummilli lideri Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciətində özünəxas müdrikliklə ifadə etmişdi. Dahi şəxsiyyətin inamı Azərbaycanın gələcək yoluna parlaq işıq saldı. Bu inamın səsləndiyi vaxtdan bir neçə ay əvvəl – 2003-cü il avqustun 4-də cənab İlham Əliyevin Baş nazir təyinatı ulu öndərin dövlət quruculuğu kursuna yeni nəfəs verdi. Elə bir nəfəs ki, onun böyüklüyü Azərbaycan adlı orqanizmin strateji qələbələrlə zəngin hədəflərə daşınmasında, sanki məşəl yandırdı. 

İlham Əliyev fenomeni siyasət meydanında uca zirvələri fəth etmiş Heydər Əliyev liderliyinin davamı, məğlubedilməzlik, əbədi qalibiyyət təntənəsi idi. Siyasətdə varislik nü­munəsi məhz bu cür olmalı idi və oldu da. Ümummilli lider bir çox nü­munələrə, ilklərə imza atdığı kimi, belə bir dərin varislik mirasını müəy­yənləşdirməklə də, özünün nəhəng­liyini yenidən sübuta yetirmiş oldu. 

Bəli, Prezident Heydər Əliyevin İlham Əliyevin Baş nazir təyin olun­ması ilə bağlı Milli Məclisə müraciə­tini deputatların böyük razılıqla qar­şılamaları müasir dövr tariximizdə müstəsna hadisədir. Ona görə ki, bu razılıq Azərbaycan xalqının ira­dəsindən nəşət almışdı. 

Cənab İlham Əliyev xalqımızın dərin rəğbətini özünün yorulmaz fəaliyyəti ilə qazanmışdı. Bu baxım­dan onun Avropa Şurasında Azər­baycanın nümayəndə heyətinin rəh­bəri, Avropa Şurasının Parlament Assambleyasının sədr müavini, büro üzvü, Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin preziden­ti kimi mühüm postlarda ölkəmiz naminə gördüyü səmərəli işlərin vurğulanması mütləqdir. 

Ümumən, İlham Əliyev şəxsiy­yətinin nəinki vətəndaşlarımız, ha­belə, bütün dünya azərbaycanlıları qarşısındakı nüfuzunu şərtləndirən bir neçə məqamı xüsusi vurğulama­ğa ehtiyac var.

***

Birincisi, Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna inanır­dı və arzulayırdı ki, bu kurs davamlı olsun. İnamdan söz düşmüşkən, yazımızın ilk cümləsində iqtibasın özü hər şeyi deyir. Heydər Əliyevin dahiyanə səslənmiş bu fikri insanla­rımızda İlham Əliyevə olan rəğbətin inama çevrilmək təşnəsinə, sanki qığılcım vermişdi.

İkincisi, cənab İlham Əliyevin Baş nazir postuna təyinatı, əslində, xalqın sosial sifarişi idi. Ümummilli lider Heydər Əliyev bu sifarişi yerinə yetir­məklə, dövlətçiliyimizin qorunması baxı­mından müstəsna addım atdı. Bu addım İlham Əliyevin həmin vaxtadək gerçək­ləşdirdiyi qlobal fəaliyyəti mahiyyətcə yeni keyfiyyət mərhələsinə yönəltdi.

Üçüncüsü, İlham Əliyevin Baş na­zir təyinatı xalqın Heydər Əliyev siyasi kursuna sədaqətinin göstəricisi olmaq­la, ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasına və davamlılığının təmi­natına xidmət edirdi. Daha bir vacib məqamı da vurğulayaq: İlham Əliyevin yüksək dövlət postuna təyin olunması Heydər Əliyevin prezidentliyi dövründə formalaşmış dövlətçilik aparatının möh­kəmləndirilməsi əzminin məhsulu kimi də diqqət çəkirdi. Nəzərə alaq ki, bu əzm özlüyündə müstəqilliyimizin dön­məzliyinin qarantı idi. 

Cənab İlham Əliyevin Baş nazir tə­yinatı onun dövlət başçılığı yolundakı ən mühüm addım kimi də əhəmiyyət­lidir. Yəni, ulu öndər Heydər Əliyevin ifadə etdiyi inamın qayəsini məhz pre­zidentlik yolunda addımlamaq üçün şə­raitin yaradılması təşkil etmişdi. Şərait isə yetişmişdi. Heydər Əliyev şəxsiyyə­tinin böyüklüyü həm də bu şəraiti ye­tişdirmək qabiliyyəti ilə ölçülür. Onu da nəzərə alaq ki, ulu öndər, eyni zaman­da, İlham Əliyevin özünün bir lider kimi formalaşması istiqamətində müstəsna böyüklük göstərmişdi. Liderlik həm də lider yetişdirmək bacarığıdır. Heydər Əliyev özünün siyasi fəaliyyətində buna da müvəffəq olmuşdu. 

Bəli, vurğuladığımız kimi, cənab İlham Əliyev Baş nazir postu­nadək yüksək vəzifə daşımağa layiq olduğunu, sözün əsl mənasında, sübu­ta yetirmişdi. Bu baxımdan onun Avro­pa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində həyata ke­çirdiyi genişmiqyaslı işlər xüsusi vurğu­lanmalıdır. Həmin dönəmin proseslə­rinə diqqət yetirəndə görürük ki, Avropa Şurası müstəvisi ölkəmiz üçün, kifayət qədər, ciddi, ciddi olduğu qədər də ağır platforma səciyyəsi daşımaqda idi. 

Birincisi, Azərbaycan quruma yeni qəbul edilmişdi. İkincisi, respublikamız mövcud platformanı özü üçün diploma­tik sipərə çevirməli idi ki, uğradığımız erməni təcavüzü beynəlxalq aləmin ictimai şüurunda oturuşmasın. Üçüncü məqam, ümumən, Azərbaycan həqiqət­lərinin təbliğinə söykənir. Nəzərə alaq ki, erməni lobbi və diaspor təşkilatla­rının fəaliyyəti ölkəmizi həm Qarabağ müstəvisində haqsız çıxarmağa, həm də, bütövlükdə, respublikamızla əlaqə­dar mənfi imic yaratmağa köklənmişdi. Cənab İlham Əliyevin Avropa Şurasın­da Azərbaycanın nümayəndə heyətinin rəhbərliyi məhz belə bir çətin və mürək­kəb zaman kəsiyinə təsadüf etmişdi. O, çətinliyi, ağırlığı uğura çevirməyi bacar­mışdı.

Digər tərəfdən, cənab İlham Əliyev ARDNŞ-in Birinci vit­se-prezidenti kimi də məhsuldar fəaliy­yət göstərmişdi. O vaxt Azərbaycanın dünyanın bir sıra ölkələri ilə imzaladığı nəhəng neft sazişlərinin layihələrinin hazırlanmasına müstəsna əmək sərf etmişdi. Dövrün mürəkkəbliyini və bir sıra proseslərin ölkəmizin zərərinə ol­duğu reallığını nəzərə alsaq, onun da­şıdığı missiya gələcəyimiz üçün təmi­nat faktorlarının müəyyənləşdirilməsi kimi həssas işin öhdəsindən gəlinmə­sini məcburiyyətə çevirirdi. Həmin vaxt İlham Əliyev məsuliyyəti daşıya bilmək səriştəsini ortaya qoymaqla da, xalqın sevimlisinə çevrilmişdi. 

Nəhayət, idman. Cənab İlham Əliyevin Baş nazir postuna doğ­ru marafonunda onun bu gün də prezi­denti olduğu Milli Olimpiya Komitəsinə rəhbərliyi mühüm halqanı təşkil etmişdi. Tam əminliklə deyə bilərik ki, o dönəm üçün populyar olan idman diplomati­yasının reallaşmasında İlham Əliyev liderliyinin böyük rolu olmuşdu. İdman­çılarımızın beynəlxalq miqyasda ardıcıl və davamlı qələbələri, Azərbaycana idman ölkəsi statusu qazandırmışdı. İd­man diplomatiyası isə həmin statusdan ölkəmizin həqiqətlərinin təbliği meyda­nı baxımından məharətli istifadə üçün baza yaratmışdı. Bu dəst-xəttin müəllifi İlham Əliyev idi. 

Əlbəttə, İlham Əliyevin prezident­liyə gedən yoldakı Baş nazirlik missiyasındakı layiqlik payı yuxarıda sadaladığımız komponentlərin cəmi kimi də ümumiləşmiş təbiətə malikdir. Axı, xalqımızın ictimai şüurunda oturuş­muş lider obrazı məhz bu keyfiyyətlərin daşıyıcısı olmağı mühüm tələbə çevirir­di. Xalq lider deyərkən, gözləri önündə Heydər Əliyev şəxsiyyətinin sanbalını canlandırırdısa, onun nəhəngliyindən nümunə götürürdüsə, deməli, İlham Əliyev də liderə xas cəhətlərin toplusu­nu özündə birləşdirməli idi və birləşdirdi də. Ən əsası isə bu birləşdirmə dünya çapında da qəbul olundu. 

2003-cü ildə Türkiyənin Baş naziri, ABŞ, Rusiya və Gürcüstan prezident­ləri, İran hökuməti və digər dövlətlərin rəsmiləri İlham Əliyevin Baş nazir tə­yinatını çox uğurlu seçim kimi qiymət­ləndirdilər. Bu qiymətləndirmə həmin ölkələrin Azərbaycanla rasional əmək­daşlığa hazırlığının bəyan edilməsi idi. Bu qiymətləndirmə, eyni zamanda, İlham Əliyev şəxsiyyətinə dərin bələd­çilikdən irəli gəlirdi. 

Yeniliklərə həssas yanaşmaq, eru­dik mühakimə, rasional keyfiyyətləri özündə cəmləşdirmək, xarici siyasətdə məharət, eləcə də demokratik proses­lərdəki leytmotivi aydın şəkildə dərk et­mək bacarığı, beynəlxalq münasibətlər sisteminin bütün parametrlərini duymaq qabiliyyəti, bütövlük, prinsipiallıq və qətiyyət - bütün bunlar İlham Əliyevə həm ulu öndər Heydər Əliyevin etibarı­nı, həm xalqın etimadını, həm də bey­nəlxalq aktorların inamını şərtləndirən müstəsna keyfiyyətlər idi. 

Sonda bir daha inam barədə. Yazımızı dövlət idarəçiliyi baxı­mından inam və etimadın ən parlaq səhnəsini yada salmaqla tamamlamaq istərdik. Bunun üçün 2020-ci ilin 8 no­yabrını xatırlamalıyıq. Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olun­ması müjdəsini verdiyi tarixi. 

“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata və­siyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” Bəli, tam əminliklə vurğulaya bilərik ki, 44 günlük Vətən müharibəsindəki Qələbə Heydər Əliyev şəxsiyyətinin İlham Əliyev lider­liyinə dərin inamının Zəfəri idi. 4 avqust tarixi Zəfərin əsasının qoyulduğu gün kimi də əlamətdardır. 

Əvəz CAHANGİROĞLU, 

“Xalq qəzeti”



Siyasət