Azərbaycanın mühüm ölkə kimi nüfuzu rasional və praqmatik xarici siyasətinin nəticəsidir

post-img

Bu gün dünya mürəkkəb geosiyasi dəyişikliklərdən keçir. Artan qloballaşma şəraitində, regionallaşmanın yeni formatları paralel olaraq formalaşır və güclənir. Bu, beynəlxalq münasibətlərin, o cümlədən, sabitlik və təhlükəsizlik çərçivəsində yeni qayda və mexanizmlərin yaradılması üçün artan rəqabət yaradır. Bu kontekstdə Azərbaycan, siyasi və geoiqtisadi proseslərin, o cümlədən, iri güclərin maraqlarının təmas nöqtələrinin axtarışı, müzakirəsi və həlli istiqmətində, əsas əməkdaşlıq məkanına çevrilir və bunun üçün ciddi əsaslar vardır. 

Son illər Azərbaycan, həqiqətən də, onlarla beynəlxalq siyasi, ictimai və digər formatlı forumların platformasına çevrilib. Dövlətimizin dünyada artan prestiji ölkəmizin cəlbediciliyini artırır, bir çox ölkələrin müxtəlif nümayəndələrinin maraq dairəsi çərçivəsindədir. Buna bariz nümunə, cari ilin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, 60 yerli media rəhbəri və nümayəndəsinin iştirak etmələridir. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Şuşa şəhəri dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır. Forumun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev verilən sualları cavablandıraraq, dünya ictimaiyyətinə aktual mövzulara dair fikirlərini çatdırdı. Dövlətimizin başçısının  həqiqəti əks etdirən fikirləri, siyasi məharəti foruma xüsusi rəng qataraq, iştirakçıları, sözün həqiqi mənasında, heyran etdi. 

Yeni reallıqlara nəzər salsaq görərik ki, qlobal dialoq təkcə böyük dövlətlər arasında dialoq və ya konfrontasiya üzərində deyil, həm də regional güclərlə dialoq  üzərində qurulmalıdır. Azərbaycan regional güc və beynəlxalq aləmdə ciddi aktor kimi dünya proseslərinə təsir etmək üçün məlum resurslara və ciddi potensiala malikdir. Yəni artıq Azərbaycanın gücünü və qüdrətini nəzərə almamaq və ya qiymətləndirməmək mümkün deyil. Bu, rasional deyil, ən əsası isə dünyada sülhün təmin olunmasında məqsədəuyğun deyil. Təəssüflər olsun ki, müasir dövrdə müxtəlif siyasi güclərin qaynar rəqabəti müşahidə olunur və bu rəqabətin qaynar ocaqları mövcuddur. Müxtəlif miqyaslı analitiklər yeni ocaqların yaranmasını da proqnozlaşdırırlar, hətta Azərbaycanın da rəqabət meydanına çevrilməsini görürlər. Əminliklə demək olar ki, Azərbaycanda mövcud olan inkişaf dinamikası, davamlı inkişaf səriştəsi və Prezident İlham Əliyevin rəhbərliyi faktoru, ölkəmizin “rəqabət poliqonuna” çevrilmə fikrini kökündən məhv edir. Ölkə başçısı qeyd edən kimi: “Azərbaycana gəldikdə isə, bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Bildiyiniz kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, bu rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə belə təmaslar potensial olaraq Azərbaycanda yenə də bərpa edilə bilər”. 

Bu gün Azərbaycan transmilli layihələrin, qlobal təhlükəsizlik məsələlərinin, Avropanın enerji təhlükəsizliyinin icraçısı kimi, müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlığın qurulmasına töhfə verən, fəal aktor və regional güc kimi tanınır. Bundan başqa, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eləcə də Şimal və Cənub arasında dəhliz rolu oynaması, onun mühüm ölkə kimi nüfuzunu nümayiş etdirir. Təbii ki, Azərbaycanın bu cür nailiyyətləri rasional və praqmatik xarici siyasətin nəticəsidir.

Azərbaycan xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq əsasında qurur və müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların, o cümlədən, Qoşulmama Hərəkatının, Birləşmiş Millətlər Təşkilatının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və s. təşkilatların üzvüdür. Azərbaycan həm də NATO və Avropa İttifaqı kimi təşkilatlarla əməkdaşlığı, antiterror koalisiyası çərçivəsində fəaliyyətini daim inkişaf etdirir. Azərbaycan həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Dövlətimiz bu təşkilatlarda və regional təşəbbüslərdə iştirak etməklə öz milli maraqlarını aktiv həyata keçirir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət yeridir və bu istiqamətdə görülən işlər ildən-ilə yüksələn xətlə artır. Bu siyasət Azərbaycan dövlətçiliyinin sistemli şəkildə möhkəmlənməsinə və inkişafına, milli maraqların qorunmasına yönəlib. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurların əldə edilməsi kontekstində Prezident İlham Əliyev tərəfindən beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir və bu dinamika bu gün artmaqda davam edir.

 

Masil DƏMİROV, 

Beynəlxalq münasibətlər üzrə analitik

Siyasət