Xarici media Qarabağda “humanitar fəlakət”lə bağlı erməni yalanlarına inanmır

post-img

Bir çox xarici KİV-lər Laçın yolu ilə bağlı vəziyyət və Qarabağ separatçılarının regionda guya “humanitar fəlakət” barədə yalan bəyanatlarını ifşa edən materiallar dərc edirlər. Məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizə humanitar yüklərin çatdırılması imkanı barədə Avropa İttifaqının bəyanatından sonra separatçı rejiminin artan spekulyasiyalarına xüsusi diqqət yetirilir. 

Bu barədə xüsusilə Rumıniyanın “DIGI24” və Bolqarıstanın “sofiaglobe” nəşrləri, eləcə də Ukraynanın “ukranews.com” portalında ətraflı bəhs olunub. Hə­min nəşrlərdə yayımlanan və siyasi ic­malçı Svetlana Kuşnirin müəllifi olduğu məqalədə deyilir ki, Qarabağda separatçı­lar “Aİ-nin Azərbaycanın Qarabağ bölgə­sinin erməni anklavına humanitar yüklərin çatdırılması üçün əlavə yolun açılması haqqında bəyanatından sonra” humanitar marşrutu bağlayıblar. 

Müəllif qeyd edir ki, Avropa Şurasının Prezidenti Şarl Mişel Bakının Azərbay­canın Ağdam şəhəri vasitəsilə Qaraba­ğın erməni əhalisinə humanitar yardımın çatdırılmasını təşkil etmək niyyəti barədə bildirib. Materialda deyilir: “Şarl Mişelin Azərbaycanın əlavə marşrut açmağa hazır olması barədə bəyanatına cavab olaraq “Artsaxın təhlükəsizliyi və inkişafı cəbhəsi” rusiyapərəst hərəkatının nü­mayəndələri iyulun 18-də Ağdamdan Xankəndiyə gedən yolu beton bloklarla bağlayıb, burada “aclıq və humanitar fə­lakət”in hökm sürdüyünü bildirirlər. Bu bə­yanatlar Xankəndidə korporativ məclislər üçün asanlıqla ət, balıq, pendir, desertlər sifariş etdiyini deyən ukraynalı deputat Vladimir Kreydenkonun araşdırması ilə təkzib edilir”. 

Latviyanın “La.lv” portalı isə öz növ­bəsində oxucuların diqqətini “Artsaxın təhlükəsizliyi və inkişaf cəbhəsi” adlan­dırılan qurumun rusiyalı oliqarx Ruben Vardanyan tərəfindən təsis edilməsinə yönəldir. Bu barədə Ukraynanın “Cen­sor”, “Politeka.net”, “Ukranews” və “Kr” kimi xəbər saytları da xəbər verir. “Kr” bildirir ki, “Kreml Ukrayna Donbası, Gür­cüstan Cənubi Osetiyası və Moldova Dnestryanı ssenarisi üzrə Qarabağda Ermənistan-Azərbaycan münaqişəsini dondurmağa çalışır. O, yalnız bu yolla öz mövqelərini, o cümlədən Cənubi Qafqaz­da və Şərqi Avropadakı hərbi mövcudlu­ğunu qoruyub saxlaya biləcək”. 

Nəşrlərdə qeyd edilir ki, “Rusiyanın separatçı anklavların köməyi ilə nəzarətə götürməyə çalışdığı digər postsovet ölkələrində olduğu kimi, Ermənistan-Azər­baycan danışıqlar prosesində də əsl va­sitəçi Aİ və ABŞ-dır”. 

“Sülh sazişinin bağlanması Rusiya Prezidenti Vladimir Putini Cənubi Qafqaz­dakı mövqeyindən məhrum edəcək və İrəvanın son olaraq Qərbə yönləndirilmə­sinə töhfə verəcək”, – deyə Svetlana Kuş­nir “Ukranews”da dərc olunmuş məqalə­sində yazır. 

ABŞ-ın nüfuzlu “The Washington Ti­mes” qəzetində dərc olunan məqalənin müəllifi də bu fikirlə şərikdir. Məqalədə qeyd olunur: “Rusiya Cənubi Qafqazda etnik münaqişə ocaqlarının sönməməsi üçün Qarabağdakı erməni azlığını mani­pulyasiya etməyə çalışır”. 

Öz növbəsində, ingilis dilində nəşr olu­nan Rumıniyanın “Romanian Newsweek” həftəlik jurnalı vurğulayır: “Bu, [erməni se­paratçılarından Qarabağda istifadə olun­ması] Moskvaya Cənubi Qafqazda hərbi mövcudluğunu saxlamağa imkan verir”. 

Gürcüstanın “Primetime” və “Nyus­hub” nəşrləri ona diqqət çəkirlər ki, Mos­kvadan fərqli olaraq Avropa İttifaqı Cənubi Qafqazda sülhdə maraqlıdır. Çünki Avro­pa İttifaqı regional nəqliyyat marşrutları, xüsusən də Zəngəzur dəhlizi vasitəsilə Rusiyadan yan keçməklə Çinə birbaşa tranzit imkanı əldə edəcək. 

Eyni mövzuya “Moldova-1” televiziya şousunun buraxılışında da toxunulub. Bu­rada bildirilir: “Bu dəhlizin açılması Avropa İttifaqına Rusiyadan yan keçməklə, Tür­kiyə, Azərbaycan, Xəzər dənizi və Mərkə­zi Asiya vasitəsilə Çinlə birbaşa nəqliyyat əlaqəsi yaratmağa imkan verəcək”. 

Avropa və ABŞ KİV-lərində qeyd edi­lir ki, bu, həmçinin Azərbaycana Avropa İttifaqının əsas enerji tərəfdaşına çevril­məsinə, Avropaya isə Rusiya qalıq yana­cağından məhrum olmağı kompensasiya etməyə imkan verəcək.

Siyasət