Misirin milli bayramı qeyd olunub

post-img

İyulun 25-də Bakıda Misirin milli bayramı – İyul İnqilabının 71-ci ildönümü qeyd olunub. 

Tədbirdə çıxış edən Misirin ölkəmiz­dəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, inqilab, həmçinin Misiri ərəb dünya­sında regional lider edib və onun təsir sərhədlərini aşaraq Afrika, Asiya və Latın Amerikasında müstəqillik hərəkatlarını ruhlandırıb. 

İki ölkə arasındakı əlaqələrdən da­nışan səfir qeyd edib ki, Azərbaycan və Misir arasında hər zaman səmimi dostluq münasibətləri olub. Səfir vurğulayıb ki, Misir 1991-ci ildə Azərbaycanın müstəqil­liyini tanıyan ilk dövlətlərdən biri olub. “Keçən il biz hökumətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik”, – deyə o vurğulayıb. 

Sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir xalqını və dövlətini əlamətdar bayram mü­nasibətilə təbrik edib.

Nazir xalqlarımızı dini və tarixi bağlara əsaslanan ənənəvi dostluq münasibət­lərinin birləşdirdiyini qeyd edib, bu gözəl ənənələr üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu gün də yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

O, həmçinin ikitərəfli münasibətləri­mizlə yanaşı, ölkələrimiz arasında bey­nəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı dəstəyi də vurğulayıb.

“Xalq qəzeti”

Son xəbərlər