Kreml tərəflərin ümidlərini doğrultmağa çalışır

post-img

Moskva müzakirələrinin dinamikası yüksək olsa da, konkret nəticə əldə edilmədi

Sülh danışıqlarının Brüssel raundundan 10 gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. 

Sülh danışıqlarından əvvəl bakı­lı və irəvanlı həmkarları ilə görüşən Rusiyanın baş diplomatı Moskva­nın sülh müqaviləsi üzrə razılığa gəlməyə kömək etməyə hazır ol­duğunu deyib: “Bizim səylərimiz Er­mənistan–Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, huma­nitar problemlərin həllinə, iqtisa­di-nəqliyyat əlaqələrinin açılmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar və parlamentarilər va­sitəsilə insanlar arasında əlaqələrin inkişafına yönəlib”. 

Məlumata görə, S.Lavrovun Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə ikitərəfli danışıqların­da Rusiya–Azərbaycan və Rusi­ya–Ermənistan arasında aktual və önəm kəsb edən mövzular, siyasi, ticarət-iqtisadi və humanitar sahələ­ri əhatə edən məsələlər müzakirə olunub.

Tərəflər nikbinliyə köklənmişdi

“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir”. Bu sözləri Azərbayca­nın Xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistan XİN başçıları ilə üçtərəfli danışıqlardan əvvəl deyib. C.Bayramov qeyd edib ki, xarici işlər nazirləri sonuncu dəfə, təxminən, 2 ay əvvəl görüşüblər. O vaxtdan indiyədək müxtəlif səviyyələrdə çox sayda görüş­lər, təmaslar olub: “Danışıqlar prosesinin dinamikası kifayət qədər yüksək olsa da, nəticələr dinamikadan bir qədər aşağıdır. Amma, ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün deyil”.

“İrəvan Bakı ilə danışıqlarda konst­ruktivliyə köklənib”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Rusiya və Azərbaycandan olan həmkarları ilə üç­tərəfli görüşdən əvvəl belə deyib. “Bəzi məsələlərdə konkret nəticələr, digərlərin­də razılıq əldə etmək perspektivləri var”, – söyləyən Mirzoyan danışıqların bütün platformalarda, bütün istiqamətlərdə aparıldığını vurğulayıb. 

Paşinyanın bədbin proqnozu özünü doğrultdu 

“Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla Ermə­nistan arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platfor­malarda – Moskvada, Vaşinqtonda və Brüsseldə aparılır”. Bu sözləri Er­mənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Vaşinqton, Brüssel və Moskvada ke­çirilən görüşlərdə prioritetlərin dəyi­şib-dəyişməməsi ilə bağlı sualı cavab­landırarkən deyib. 

Onun sözlərinə görə, danışıqlarda uğur qazanmaq lazımdır, amma gün­dəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi də dəyişmir. “Dün­yada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanı­masın”, – deyən Hayastanın baş naziri­nin sözlərinə görə, Ermənistan hər za­man Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib. Moskvada Azərbaycan, Ru­siya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında keçiriləcək üçtərəfli görüşdən gözləntilərə gəlincə, Paşinyan bildirib ki, Mirzoyandan Bakı ilə mümkün sülh müqaviləsinin daha bir neçə maddəsinin razılaşdırılmasın­da irəliləyiş gözləyir.

Sülh müqaviləsi layihəsi üzərin­də işlərin davam etdiyini vurğulayan Paşinyan Moskva danışıqları ilə bağlı “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmaq üçün hələ hazır deyil” kimi pessimist proqnoz ver­məyi də “unutmayıb”. 

Qeyd edək ki, Moskvadakı üçtərəfli görüş 2 ölkə arasında sülh danışıqları­nın Brüssel və Vaşinqton platformaları­na alternativ dialoq masası sayılır. 

* * *

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həm­karı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb. Nazirlər Azərbaycan və Ermənis­tan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunu keçirməyi planlaşdırıblar.

 

İ.BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət