Bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng etmişdi. O vaxt erməni mediası bu zəngin Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Arutyunyanın xahişi ilə gerçəkləşdiyini yazmışdı. Eyni zamanda, Arayikin Putinə məktub göndərdiyinə dair xəbərlər də dolaşmaqda idi.
Əlbəttə, baş separatçının naməsində nələrin əksini tapdığı açıqlanmasa da, ehtimal irəli sürmək mümkün idi ki, o, Rusiyanın bəzi dairələrinin Qarabağ sevdasından irəli gələn pozuculuğu üzərində manipulyasiya edərək, özünü şirin satmağa, beləliklə Kreml rəhbərini bölgə ilə bağlı hərəkətə keçməyə həvəsləndirməyə çalışır. Yeri gəlmişkən, vurğulayaq ki, Şimal qonşumuzun bəzi politoloqları belə bir cəfəng fikir irəli sürmüşdülər ki, guya, Qərbpərəst Ermənistan hakimiyyəti Rusiyaya pislik etmək üçün rusmeyilli Qarabağı Azərbaycana peşkəş etmək fikrindədir. Ancaq...
Dünən baş nazir Nikol Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə Qərb formatının Brüssel raundu çərçivəsində Belçikanın paytaxtında olarkən, vasitəçi qismində çıxış edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə də separatçıbaşı Arayikin məktubunu təqdim edib. Erməni mediası isə həmin təqdimat anının əksini tapdığı şəkli paylaşıb.
Şəkli siz, dəyərli oxucularımız da görürsünüz. Onu da görürsünüz ki, Paşinyanın təqdimatı qeyri-formal şəraitdədir. Buna ayaqüstü təqdimat da demək mümkündür. Yəni, məktub söhbət zamanı çatdırılmayıb. Belə təəssürat yaranır ki, Arayik Paşinyana inanmır və ondan məktubun Mişelə verdiyi anı, belə demək mümkünsə, öz gözü ilə görmək istəyib. Çox güman ki, Nikol bunu cənab Mişelə də deyib və ona görə hər iki tərəf mənasız işlə məşğuliyyətin gətirdiyi gülüşü gizlədə bilmir.
Elə bu şəkildən də görmək mümkündür ki, Brüssel masasında Qarabağ məsələsinə yer yoxdur. Yer o qədər yoxdur ki, Paşinyan Arayikin məktubunu protokol qaydasında vermir, birbaşa Mişelin özünə çatdırır. Yəqin, namənin “it-bata” düşməsindən qorxub. Əlbəttə, bu, əslində, Nikolun deyil, Arutyunyanın qorxusudur. Görünür, Arayik yalvarış edib və deyib ki, məktub birbaşa Mişelin özünə çatsın.
Arutyunyanın Putinə məktubunun məzmunu tam şəkildə açıqlanmadığı kimi, onun Aİ Şurasının prezidentinə naməsinin də mətnindən xəbər-ətər yoxdur. Əlbəttə, mənasız söz yığınını ictimai rəyə yük etmək mənasızdır. Həm də nəzərə alaq ki, Putindən fərqli olaraq, Mişelin administrasiyası Arayikin məktubunu heç cür ictimailəşdirə bilməz. Çox güman, orada ağlına gələn cəfəng fikirləri sıralayıb ki, həmin cəfəngiyyatın dünyanın ictimai rəyinə çıxması Brüssel gündəliyinə zidd təmayüldür. Bu, həm də Azərbaycanın mövqeyinə qarşı demarş kimi qəbul edilə bilər ki, belə bir hal nəinki Mişelə, onun təmsil etdiyi tənzimləmə xəttinə də xeyir gətirməz.
Onu da nəzərə alaq ki, Qarabağ separatçısının məktubunun məzmununun açıqlanması elə Ermənistanın özünə də zərərlidir. Paşinyan zərərin bir addımlığından qayıdır. Axı, gördüyünüz təqdimat anının ictimailəşdirilməsinin özü də sülh gündəminə zidd təmayüldür və heç şübhəsiz ki, bu, Azərbaycan tərəfindən qıcıqlandırıcı motiv, danışıqlara yeni “ovqat” gətirmək cəhdi olaraq qiymətləndiriləcəkdir. Hər halda, ziyanın yarısından qayıtmaq da xeyirdir. Sonrası isə məlumdur...
Digər tərəfdən, A.Arutyunyanın əvvəl Putinə, indi isə Ş.Mişelə məktubu başqa mətləblərdən də xəbər verir. Tam mümkündür ki, separatçıbaşı özünün təhlükəsizliyini təmin etmək barədə düşünür. Yəni, böyük ehtimalla burada söhbət heç də pafoslu bəyanatlardakı kimi deyil.
Diqqət yetirək, sosial şəbəkələrdə A.Arutyunyanın Xankəndidəki villasını satışa çıxardığına dair məlumatlar dolaşmaqdadır. Villa üçün qoyulan məbləğ də açıqlanır – 1 milyon dollar. Ola bilər, villa satılmadığından, Arayik onun pulunu Mişeldən, yaxud Avropdan, kollektiv Qərbdən almaq istəyir. Hər halda, ermənidir, ondan nə desən çıxar. Onu da düşünək ki, ağlı başında olan kimsə hazırda gedib Xankəndidə villaya 1 milyon dollar verməz.
...Belə qənaətə də gəlmək mümkündür ki, Arayik əvvəl Rusiyadan özü üçün təhlükəsizlik qarantiyası və belə demək mümkünsə, separatçı mühacirət üçün təminat istəyib, amma alınmayıb. Ona görə indi eyni “istəklə” Ş.Mişelə üz tutub. Mişelin də təbəssümündən görünür ki, məktub qeyri-ciddidir.
Sual yaranır: nə üçün Paşinyan özü Arayikə sahib çıxmaq istəmir? Nikol yaxşı bilir ki, dünya ictimaiyyəti Qarabağ kontekstində baş verən prosesləri Azərbaycan-Ermənistan münasibətləri müstəvisində görür. Hətta, hazırda bölgənin erməni əhalisinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələ qaldıranlar da duruma eyni müstəvidən yanaşırlar. Elə həm də bu səbəbdən Arayikin məktubunun daha çox şəxsi xarakterli olduğuna dair qənaətə gəlmək mümkündür.
Bilavasitə suala cavaba gəldikdə isə Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla, 86,6 min kvadratkilometr ərazidə suveren haqlarını tanıyırsa, Bakı-Xankəndi kimi dialoq məntiqi keçərsizdirsə və bu fonda hər iki ölkə sülhə gəlirsə, o zaman Arayik kimi separatçının Ermənistanda qalması da mümkünsüzləşdir. Deməli...
... Arayik villasını kiməsə sırıyıb aradan çıxmalıdır. Yeri gəlmişkən, Arutyunyanın öz ailə üzvlərini artıq Qarabağdan çıxardığı bildirilir. Ailə üzvlərini özü bilər, ancaq onun villasını tövlə kimi almaq istəyənlər Azərbaycanda çoxdur. Zəhmət çəkib buna görə ora-bura məktub yazmasa da olar.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

