Göygöl rayonu təbiəti, tarixi və mədəniyyəti ilə yanaşı, kənd təsərrüfatı və turizm sahəsindəki zəngin potensialı ilə Azərbaycan xəritəsində özünəməxsus yer tutur. Lakin bu gözəl bölgəni fərqləndirən əsas amillərdən biri onun üzümçülük və şərabçılıq ənənələridir. Alman irsinin izlərini daşıyan Göygöl şəhərində əsası 19-cu əsrdə qoyulmuş bu sənət sahəsi bu gün də yaşayır, inkişaf edir və ölkənin brendinə çevrilir.
Göygöldə şərab istehsalının tarixi 1860-cı illərə təsadüf edir. Bu tarix Azərbaycanda genişmiqyaslı şərabçılıq sənayesinin əsası kimi qəbul olunur. 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) ilk konyak zavodu “Forer qardaşları” tərəfindən, 1895-ci ildə isə “Hummel qardaşları” tərəfindən ikinci zavodun əsası qoyulmuşdur. Bu tarixi mərhələlər Göygölü ölkənin konyak və brendi istehsalının mərkəzlərindən birinə
Bu zəngin irsin qorunması və təbliği məqsədilə Göygöl şəhərində ilk dəfə “Göygöl Brendi-Konyak Günü” adlı möhtəşəm tədbir keçirildi. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər tərəfdaşların dəstəyi ilə baş tutan tədbir, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerli və xarici qonaqları bir araya topladı.
Tədbirin açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Almaniya, İsveç, Latviya, Avstriya və İsveçrə səfirləri, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Şərab İstehsalçıları Assosiasiyasının icraçı müdiri Fuad Mollayev çıxış edərək Göygölün bu sahədəki tarixi rolundan, potensialından və gələcək perspektivlərindən bəhs etdilər.
Tədbir çərçivəsində yerli istehsalçılar tərəfindən təqdim olunan brendi və konyak nümunələrinin dequstasiyası keçirildi, satış yarmarkaları təşkil olundu. Peşəkar ustad dərsləri, brendi üzrə yarışlar və maraqlı seminarlar ziyarətçilərə həm maarifləndirici, həm də əyləncəli anlar yaşatdı.
Park ərazisində qurulan milli mətbəx guşələri, əl işləri sərgiləri, klassik musiqi axşamları və canlı musiqi proqramları isə tədbiri tam bir festival ab-havasına bürüdü. Hər bir iştirakçı Göygölün yalnız dad baxımından deyil, mədəniyyət və turizm baxımından da nə qədər zəngin olduğunu bir daha hiss
Qeyd edək ki, bu il “Müstəqil Dövlətlər Birliyinin İdman Paytaxtı” elan edilən Gəncə şəhərində keçirilən III MDB Oyunlarının bəzi idman yarışları da Göygöldə baş tutub. Maraqlıdır ki, bu beynəlxalq turnirlə “Brendi-Konyak Günü” eyni tarixlərə təsadüf edib. Nəticədə şəhərə axın edən yerli və xarici turistlər həm idman yarışlarının, həm də yerli məhsul və mədəniyyətin dadını çıxara biliblər.
Əslində “Göygöl Brendi-Konyak Günü” tədbiri milli irsimizi qorumağa, onu dünyaya tanıtmağa və gələcək nəsillərə ötürməyə yönəlmiş çağırışdır. Bu təşəbbüs, Göygölün brend kimi formalaşmasında və beynəlxalq platformada tanıdılmasında mühüm addımlardan biri kimi yadda qalacaq.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri