Heydər Əliyev dərsləri

post-img

“Bu, sizin bədbəxtliyinizdir”

Milli Məclisin iclaslarının birində Heydər Əliyev əvvəlki hakimiyyətin yol verdiyi nöqsanların, səhvlərin geniş təhlilini belə vermişdir: 

– Bizim məclisin üzvü İbrahim bəy (İbrahimov – F.S.) kimi adamlar, – bu, Xalq Cəbhəsinin ən böyük bəlasıdır, – belə hesab edirlər ki, onlar Azərbaycan­da demokratiyanın Allahıdırlar, dedikləri Quran ayəsidir, yalnız və yalnız onlar demokratik adam ola bilərlər, başqa­ları əsla ola bilməz və onların gördüyü bütün işlər demokratik işlərdir. Bu, sizin bədbəxtliyinizdir, İbrahim bəy. Mən sizə dəfələrlə demişəm, bəzən mənim sizə yazığım gəlir. Ona görə ki, siz özünüz haqqında elə fikirdəsiniz ki, guya, siz böyük hünər göstərib, dağı-dağ üstə qoymusunuz.

Axı belə deyil! Yoxsa, yeddi milyon əhalisi olan Azərbaycanda təkcə siz demokratsınız, qalan hamımız anti-de­mokratik? Qanun tərəfdarları tək bir siz oldunuz, qalanların hamısı Konstitusi­yanın əleyhinə çıxan adamlardır? Axı belə olmaz! Bu iddialardan əl çəkin. 

Mən Ali Sovetin Sədri kimi, Milli Məclisin iclasını apararkən şərait yara­dıram ki, burada hərə öz fikrini desin. Amma, bu, o demək deyil ki, burada böhtanlar atasınız, başqa adamlar haqqında hökmlər verəsiniz. Daxili işlər naziri çıxış edib öz fikrini deyir ki, Xalq Cəbhəsi bağlanmalıdır. Siz də sübut edin ki, yox, bağlanmamalıdır. Bax bu­dur, fikir müxtəlifliyi. O deyir ki, İbrahim İbrahimov məclis üzvlüyündən çıxarıl­malıdır. Bunu deməyə onun haqqı var. Siz isə özünüzü müdafiə edin. Yoxsa durub deyirsiniz ki, heç kəs məni Mil­li Məclisin üzvlüyündən çıxara bilməz. Bu nə deməkdir, siz nəyə arxayınsınız? Mən başa düşə bilmirəm. Əgər məclisin üzvləri səs versələr, siz çıxacaqsınız. Amma siz deyirsiniz ki, heç kəs məni çıxara bilməz. Mən bunları ona görə deyirəm ki, siz bu ifadələri işlədəndə düşünmürsünüz axı! Odur ki, sizə ya­zığım gəlir. Düşünsəydiniz, belə sözlər deməzdiniz. Bax, bunu sizə də, başqa­larına da deyirəm. Siz dediniz ki, bura­da antikonstitusion yol ilə hakimiyyət dəyişildi. Bu böhtançılıqla nə vaxtadək, nə qədər məşğul olacaqsınız? Deyirsi­niz ki, gedən proseslərə siyasi qiymət verilməyibdir. Bu böhtançılıqla nə qə­dər məşğul olacaqsınız? Əl çəkin bun­lardan! Mən bu məsələni müzakirəyə çıxartmışam ki, burada həqiqətən, sö­zün əsl mənasında milli barışıq elan edim. Gördünüz ki, öz səlahiyyətimdən istifadə edib, burada çıxış edən iki ada­ma göstəriş verdim. 

Amma siz görün nə iddialar irəli sürürsünüz. Nə qədər danışmaq olar? 74 il ərzində buranı dağıdıblar? Yoxsa buranı siz düzəltmisiniz? Yaşadığınız torpaq da, ev-eşik də, oxuduğunuz, iş­lədiyiniz məktəb də, bu bina da – hamı­sı 74 il ərzində yaradılıbdır. Bəs siz nə yaratmısınız? Hər şeyə düzgün qiymət vermək lazımdır. 

74 il Azərbaycan xalqının tarixidir, bizim tariximizdir. 74 ildə bir necə nə­sil yaşayıb, qurub-yaradıb. İndi sizin nə haqqınız var ki, bu 74 ilin üstündən qara xətt çəkirsiniz? Nə haqqınız var? Hansı xidmətlərinizə görə? Sizin də, sizin başçınız olub Elçibəyin də hansı xidmətləri olub? Göstərin görək, hansı ağacı əkmisiniz? Hansı arxa su çəkmi­siniz? Hansı evi tikmisiniz, hansı binanı ucaltmısınız? Belə olmaz axı! Sözünü­zü deyin, amma bu iddialardan əl çə­kin. Özünüzü elə qələmə verməyin ki, Allah tərəfindən yaradılmış xüsusi bir təbəqəsiniz. Siz də bu xalqın içərisin­dən çıxmış, bu xalqın arasında yaşa­mış adamlarsınız. Sizin fikriniz belə­dir, başqalarının fikri ayrı cürdür. Mən gərək hər dəfə sübut edəm ki, İbrahim İbrahimov demokratik adam deyil, an­tidemokratik adamdır? Mən demokrati­ya ilə məşğul olanda sən hələ kənddə, necə deyərlər, ayaqyalın gəzirdin. Mən məhz demokratiya ilə məşğulam. İndi sən gəlib Azərbaycanda demokratiya­nın banisi olmusan, demokratiyanın ha­kimi olmusan? Hələ bir qiymət verirsən ki, kim demokratiyanın tərəfdarıdır, kim əleyhinədir? Belə şeylər yaramaz axı, qardaş! Belə olmaz, milli barışığa bu cür getmək olmaz. 

***

Məclisin bəzi üzvləri çıxış edib de­dilər ki, Xalq Cəbhəsinin üzvləri bu salonda adamları döyüblər, söyüblər, təhqir də ediblər, qanunsuz olaraq həbsə də alıblar. İndi siz siyahı çıxa­rıb deyirsiniz ki, min nəfər adam işdən qovulub. Mən bilmirəm, bu, düzdür, ya yox. İnanmıram buna, Xalq Cəbhəsi adamlarının əksəriyyəti iş başındadır. Bəziləri vəzifələrini, özləri demişkən, dondurdular. Bu, onların öz işidir. Elə dondurublar ki, hələ indiyədək buzun içərisindədirlər.

Yenə deyirəm, bu, onların öz işidir, amma əksəriyyəti iş başındadır, işlə­yir. Bəs siz hakimiyyət başına gəldikdə nə işlər gördünüz? Adamların başına nə işlər gətirdiniz, nə oyunlar açdınız? İşdən də çıxartdınız, həbs də elədiniz, döydünüz də, söydünüz də. Mən de­mirəm ki, indi onları təkrar etmək la­zımdır, yaxud da kimsə təkrar edirsə, mən ona bəraət qazandırıram, – xeyr, belə deyildir. Mən ona da nifrət edirəm, indi qanunları pozanlara da. Onun da əleyhinəyəm, bunun da. Amma siz elə bilirsiniz ki, tutduğunuz əməllərin hamı­sı qanunidir, sizin buna haqqınız vardı. Lakin indi sizin qeyri-qanuni hərəkətlə­rinizi bir balaca qanun çərçivəsinə qoy­maq istədikdə dünyaya car çəkirsiniz ki, burada qanun pozulur, insan hüquqları, demokratiya pozulur. Siz nə desəniz də, nə etsəniz də, bilin ki, mən qanu­nun və insan hüquqlarının pozulması­nın əleyhinəyəm. Amma siz də bilin ki, qanun nə deməkdir, qanunun hüdudu haradadır, insan hüquqlarının həddi haradadır. Bunları bilin və özünüzü ər­köyün uşaq kimi aparmayın, özünüzə istisna səlahiyyət tələb etməyin, bunlar doğru deyildir. 

***

Mən Xalq Cəbhəsinin nə bağlan­masının, nə də ləğv olunmasının tərəf­darıyam. Demokratik bir adam kimi, bütün demokratik təşkilatların fəaliy­yət göstərməsinin tərəfdarıyam və buna şərait yaradacağam. Amma Xalq Cəbhəsi düşünməlidir – o, özünü ləkələyib. Ona görə ki, bir ictimai-siyasi təşkilat olduğu halda, özünə böyük si­lahlı dəstələr düzəldib. Bu isə Xalq Cə­bhəsi üçün ən böyük ləkədir. Çünki ic­timai-siyasi təşkilatın silahlı dəstəsi ola bilməz. Tarixdə heç bir partiyanın silahlı dəstəsi olmayıb. Yalnız faşist partiyası­nın silahlı dəstəsi vardı. Əgər siz faşist partiyası olmaq istəyirsinizsə, bu, öz işinizdir. Özünüz bilərsiniz. Amma mən bunu sizə məsləhət bilməzdim. Buna görə də fikirləşin. 

“Toy vaxtı idimi?”

Ulu öndər keçmiş iqtidarın gü­nahları ucbatından Kəlbəcərin işğal edildiyini faktlar əsasında sübut et­mişdi. O demişdi:

– Siz Kəlbəcərin işğal olunmasının hansı şəraitdə baş verməsi barədə keçən dəfə danışmışdınız, bu dəfə də dediniz. Həqiqətən, televiziyada deyil­diyi kimi, kəlbəcərlilər silahı, tankı, topu olmayanda belə əllərindəki silahla, ço­maqla, başqa nə iləsə 20-30 nəfərlə er­mənilərin qarşısını almışlar. Bu, 1918-ci ildə olmuşdur. 

Şübhəsiz ki, keçən dəfə dediyiniz kimi, televiziyada göstərildiyi kimi, bu gün burada bildirdiyiniz kimi, Kəlbəcər böyük xəyanət nəticəsində verilibdir. Bizim başqa rayonların, ərazilərin əl­dən getməsi də xəyanət nəticəsində olubdur. Amma Kəlbəcərin əldən get­məsi xüsusi xəyanətin nəticəsidir. Bu­rada danışdınız ki, parlamentin sədri o ağır günlərdə Kəlbəcərə toya gəlmişdi. O zaman toy vaxtı idimi? Ar olsun belə adamlara! Əgər sən Kəlbəcərə gəl­misənsə, respublikanın rəhbərisənsə, sən gedib xalqla görüşməlisən, onun dərdini bilməlisən, Kəlbəcəri qorumaq üçün lazımi tədbir görməlisən. 

Amma hökumətə rəhbərlik edən bir şəxsin buradan, necə deyərlər, ba­sa-basa Kəlbəcərə toya getməsindən, orada iştirak etməsindən, sərxoşluq etməsindən böyük xəyanət ola bilməz. Bilirsiniz, belə bir insanın xalq arası­na çıxmağa haqqı yoxdur – təkcə bu hərəkətinə görə. Burada yalan bir şey yoxdur. Qızğın müharibə gedən vaxtı kim toy edə bilərdi? Toy vaxtı idimi? Qan tökülürdü, insanlar şəhid olurdu, qurban gedirdi. Görün nə qədər mənəviyyat­sız, nə qədər düşkün, nə qədər alçaq insanlardır ki, Bakıdan dövlət rəhbəri Kəlbəcərə gedir ki, orada icra hakimiy­yəti başçısının toyunda iştirak etsin. Siz hələ dözümlüsünüz, kəlbəcərlilər. Siz gərək çomağınızı götürüb, gedib onun başını əzəydiniz orada, Kəlbəcərdən qovaydınız, deyəydiniz çıx buradan. Si­zin də günahınız var. Kəlbəcərlilər hə­mişə döyüşkən olub, cəsur olublar. Ona xalq qarşısında gərək sual verəydiniz: sən bura niyə gəlmisən? Gəl bizə ca­vab ver. Ancaq bunlar olub-keçib. Mən bunlardan həyəcansız, hiddətsiz danı­şa bilmirəm, öz münasibətimi ancaq bu cür bildirə bilərəm. 

Bu insanlar dövlətdən, hökumətdən, xalqdan öz məqsədləri üçün istifadə et­məkdən ötrü hakimiyyətə gəlmişdilər. Ona görə də onları toy, araq içmək və başqa-başqa çirkin əməllər maraqlan­dırırdı. Amma Kəlbəcərin aqibəti ma­raqlandırmırdı. Kəlbəcərin işğalı ilə hə­min toy arasında neçə gün fərq vardı? Təqribən bir ay, 40 gün. Fevralın 7-də toy olubdur, aprelin 2-də isə Kəlbəcər işğal edilibdir.

“Ola bilər çörəyimiz də olmasın” 

Ümummilli lider həmişə nizami ordu yaratmağın ən vacib məsələ olduğunu vurğulamışdı.O, çıxışlarından birində demişdir:

– Əgər münaqişə başlanandan bizim ordumuz olsaydı, gücümüz ol­saydı, respublikanın güclü imkanları olsaydı, belə vəziyyət yaranmazdı. Tarix bunu göstərmişdir. Ancaq bizim gəncləri təşkil etmək, öyrətmək, onlar­da hərbi vətənpərvərlik hissini yüksəlt­mək və onları hərbi peşəyə cəlb etmək işi neçə illər özbaşına buraxılmışdır. Əgər bu vəziyyət indi də davam edər­sə, bilin ki, bizim nə müstəqilliyimiz ola­caq, nə də Azərbaycan olacaq. Çünki bizim əhatəmiz çox mürəkkəbdir, bunu bilirsiniz. Dünyada o cümlədən keçmiş Sovet İttifaqının ərazisində gedən pro­seslər bir-iki illik proseslər deyil, bunlar davam edəcəkdir. Buna görə də ordunu yaratmaq, onu həqiqi orduya, torpaqla­rımızı etibarlı müdafiə edə bilən qüdrətli orduya çevirmək bizim müqəddəs bor­cumuzdur. Ola bilər çörəyimiz də olma­sın, yeməyimiz də olmasın. Ola bilər ac qalaq, ola bilər paltarımız da olmasın, amma gərək ordumuz olsun.

“Onların dediyi Allahın hökmü, Quran ayəsi deyil”

Milli Məclisə seçkilər prosesində qüsurlar olduğu barədə bəzi xarici müşahidəçilərin rəylərinin əsassız olduğunu Londonda BBC-nin müx­birinə verdiyi müsahibədə Heydər Əliyev xüsusi vurğulamışdı. 

Sual: Cənab Prezident, seçkilər prosesi Qərb müşahidəçiləri tərəfindən tənqidə məruz qalmışdır. Siz də de­mişdiniz ki, seçkilər uğurla, demokratik yolla gedib. Siz bunu nə ilə əsaslandı­rırsınız? Ümumiyyətlə, xarici müşahi­dəçilərin rəyinə necə baxırsınız? 

Cavab: Bilirsiniz, bu, tamamilə təbii bir şeydir. Dünyada nə var ki, onu tənqid etmək olmasın? Elə bir şey varmı? Elə BBC-ni də tənqid etmək olar. Elədirmi? Dünyada heç bir şey yoxdur ki, onu tənqid etmək olmasın. Dünyada heç bir hakimiyyət yoxdur ki, onu tənqid etmək mümkün olmasın. Heç bir tədbir yoxdur ki, onu tənqid etmək mümkün olmasın. Ona görə də seçkilərin aparılmasında buraxılan səhvlərin xarici müşahidəçilər tərəfindən göstərilməsi, ayrı-ayrı yerlər­də qanun pozuntularının göstərilməsi, yaxud da ki, tənqid o demək deyil ki, seçkilər normal keçməyib. Seçkilər nor­mal keçib. Heç vaxt ola bilməzdi ki, bü­tün xarici müşahidəçilər gəlib desin ki, hamısına əla qiymət verirəm. Bu, qey­ri-təbii bir şey ola bilərdi… Ona görə də müşahidəçilərin tənqidlərini də təbii he­sab edirəm, bəzi hallarda onların, bəlkə də qeyri-obyektiv fikirləri də var. Bunu da demək istəyirəm. Onların dediyi Al­lahın hökmü, Quran ayəsi deyil. Hərə öz müşahidəsini özü bildiyi kimi edir, öz fikrini özü bildiyi kimi deyir. Biz onları da qəbul edirik – obyektiv olsa da, obyektiv olmasa da. Amma, eyni zamanda, he­sab edirik ki, bizim seçkilər əsasən de­mokratik gedibdir və deputatlar əsasən demokratik şəraitdə seçiliblər. 

(ardı var)

(əvvəli

https://xalqqazeti.az/sosial-heyat/131774-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/128056-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/131345-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/siyaset/131524-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/131874-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/siyaset/132081-heyder-eliyev-dersleri)

 

Faiq SADIQOV,

Əməkdar jurnalist

Sosial həyat