Oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində Qarabağın bərpasına və yenidən qurulmasına həsr olunmuş Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi − “Rebuild Karabakh” sərgisi bu il ilk yubileyini qeyd edir. Sərgi regionun inşaat sektorunda aparıcı sənaye platforması olan 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunacaq.
Keçirildiyi ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və bu məktub rəsmi açılış mərasimində səsləndirilir. Sərgi hər il yerli və xarici aparıcı şirkətlərin diqqətini cəlb edir, iştirakçıların sayını və ekspozisiyanın miqyasını daha da genişləndirir.
XQ xəbər verir ki, “Rebuild Karabakh” sərgisi ilk dəfə 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən sonra təşkil olunmuşdur. Həmin dövrdə sərginin təşkilatçıları azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasına, dövlət-özəl tərəfdaşlığının möhkəmləndirilməsinə və ən perspektivli layihələrin nümayişinə həsr olunmuş ixtisaslaşmış platforma yaratmaq qərarına gəldilər. Keçirildiyi illər ərzində sərgidə 300-ə yaxın yerli və beynəlxalq şirkət iştirak edib. İlk sərgidən etibarən Qarabağın yenidənqurulması və bərpasına dair hazırda uğurla icra olunan bir sıra layihələr – Füzuli Beynəlxalq Hava Limanı və “Ağıllı kənd” (Smart Village) layihələri burada təqdim olunmuşdur. Bundan əlavə, bu platformada Qarabağ Dirçəliş Fondunun fəal iştirakı ilə bərpa işlərinin strateji istiqamətlərini müəyyənləşdirən panel sessiyaları təşkil olunmuşdur.
Sərginin ayrılmaz hissəsi onun sosial missiyasıdır: İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 109 243,16 AZN dəyərində ianə bağışlanmışdır. Bu ənənə sərginin mühüm elementidir və gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Yubiley ilində əsas tədbirlərdən biri Qarabağ mətbəxinə və milli kulinariya irsinin təbliğinə həsr olunmuş Milli Mətbəx İrsi Çempionatı – «Qarabağ Kuboku» olacaq. Bu layihə Qarabağın zəngin mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan yaradacaq.
Tədbirlər proqramında bərpa və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş panel müzakirələrinə xüsusi önəm veriləcək. Sərginin üçüncü günündə “Azərbaycan Respublikasının azad edilmiş ərazilərində "Bootcamp" platformaları” adlı panel sessiyası baş tutacaq. Bu sessiyada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov iştirak edəcək.
“Rebuild Karabakh” sərgisində şirkətlər yaşıl energetika, tikinti və tikinti materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edəcəklər. Beləliklə, “Rebuild Karabakh” sərgisi işgüzar, sosial və mədəni istiqamətləri özündə birləşdirərək Qarabağın gələcək inkişafı üçün təcrübə mübadiləsi və yeni ideyaların formalaşdığı mühüm platforma rolunu oynayır.
Ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış aparıcı qurumlardan biri olan “AzInTelecom” MMC bu il sərginin Rəqəmsal Həllər üzrə Tərəfdaşı qismində iştirak edir.
Sərgiyə artan maraq fonunda qurulan bu əməkdaşlıq innovativ yanaşmaların sərgi mühitinə inteqrasiyasını təmin edir və texnoloji tərəfdaşlığın önəmini bir daha ön plana çıxarır. Əməkdaşlıq çərçivəsində “AzIntelecom” MMC panel müzakirələrində çıxış edərək Qarabağın bərpa prosesinə yönəlmiş layihələrini təqdim edəcək və iştirakçılara ən müasir rəqəmsal texnologiyaları nümayiş etdirəcək. Bu tərəfdaşlıq şirkət üçün brend nüfuzunun gücləndirilməsinə, müştərilərlə birbaşa ünsiyyətin qurulmasına, rəylər əsasında yeni həllərin hazırlanmasına, mövcud xidmətlərin təkmilləşdirilməsinə və yeni əməkdaşlıqların yaradılmasına yeni imkanlar açacaq.
Şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bu tərəfdaşlıqla bağlı fikirlərini bölüşərək “AzInTelecom”un “Rebuild Karabakh” sərgisinin rəqəmsal tərəfdaşı olmaqdan qürur duyduqlarını bildirib:
“Qarabağın bərpası yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda müasir texnologiyaların tətbiqi ilə mümkün olacaq. “Bulud” xidmətlərimiz və SİMA ekosistemimiz – “SİMA İmza”, “SİMA Pay”, “SİMA Access” kimi həllər azad olunmuş ərazilərdə vətəndaşlara sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim etməyə imkan yaradır. Xüsusilə Qarabağa köçən insanlarımızın dövlət və özəl sektordan məsafədən xidmət alması onların gündəlik həyatını asanlaşdıracaq və resurslarına qənaət edəcək.
Bizim məqsədimiz Qarabağın yalnız fiziki deyil, həm də rəqəmsal infrastrukturunun qurulmasına töhfə verməkdir. İnanırıq ki, Qarabağın bərpasında iştirak edən qurumların “AzInTelecom”un rəqəmsal həllərindən istifadəsi işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərini sürətləndirəcək, dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan addımlar bölgənin dayanıqlı və innovativ inkişafına mühüm stimul verəcək”.
Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Qarabağ Dirçəliş Fondu və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) yer alır.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers”, “Iteca Caspian”, və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.