Sözümüzə qüvvət verən Türkiyə!

post-img

Bu, prezident seçiləndən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Şimali Atlantika Alyansının toplantısında ilk iştirakı idi. Onun Vilnüsdən verdiyi önəmli açıqlamalar artıq gündəmə çevrilib. 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdiril­miş Rusiya sülhməramlı hərbi kon­tingentin ötən iki il səkkiz aylıq fəa­liyyəti müddətində öz missiyasına uyğun gəlməyən, bir çox hallarda rəsmi Bakıda inciklik, haqlı narazı­lıq doğuran məqamlar az olmayıb. Kontingent rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinə göndərdiyi he­sabatlarda Qarabağdakı Azərbay­can yer adlarını təhrif etməsindən tutmuş bölgəyə silah-sursatın, mi­naların daşınmasında separatçıla­ra yardım etməsinə qədər şübhəli “oyunları”na Bakı ara-sıra yumşaq formada iradlarını bildirib. Amma sülhməramlıların nə sülhdənkənar işləri, nə də onların Qarabağda qalma müddəti ilə bağlı Bakının Moskvaya rəsmi müraciəti olmayıb. Bu mənada Vilnüsdə verilən mesa­jı ilk reaksiya və mövqe kimi qəbul etmək olar. 

* * * 

NATO-nun Vilnüs Sammiti başa çatandan sonra düzənlənən mətbu­at konfransında azərbaycanlı jur­nalistin Qarabağ bölgəsindəki rus sülhməramlı kontingentin aqibəti ilə bağlı sualını Türkiyə Preziden­ti Rəcəb Tayyib Ərdoğan “2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək” formasın­da cavablandırıb. R.T.Ərdoğan, həmçinin Moskvanın bununla bağlı imzaladığı razılaşmaya sadiq qa­lacağına əminliyini də vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın iştirak etmədiyi nüfuzlu beynəlxalq platformada, yəni dünyanın gözü qarşısında Qarabağ münaqişəsi­nin həllinə birbaşa aidiyyatı olan məsələ ilə bağlı bu qədər açıq və konkret şəkildə münasibətini bildir­di. Üstəlik, bu məsələdə Bakının da mövqeyini ifadə etdi: “Qarda­şım Əliyev (Azərbaycan Preziden­ti İlham Əliyev - red) zatən bunu diqqətlə izləyir”.

R.T.Ərdoğanın bu mesajı ha­zırda Rusiyadan daha çox Ermə­nistanda müzakirə mövzusuna çevrilib. Axı, bu məsələ onlardan ötrü Qarabağdakı ermənilərin “təh­lükəsizliyi” ilə sıx bağlıdır. Bakı və Ankaranın digər məsələlərdə oldu­ğu kimi, Qarabağ mövzusunda da vahid mövqedən çıxış etməsi heç kəsə sirr deyil. İntəhası, 2020-ci il 10 noyabr tarixli üçtərəli Bəyanatda Qarabağda müvəqqəti yerləşdiril­miş Rusiya sülhməramlılarının mis­siyasının bölgədə qalma müddəti ilə bağlı münasibətin NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyənin dövlət başçısının dilin­dən, həm də hərbi alyansın zirvə görüşünün ardından səslənməsi məsələyə yalnız diplomatik deyil, başqa aspektdən yanaşıldığını dü­şünməyə əsas verir. Məlumdur ki, hərbi alyans Cənubi Qafqazda nü­fuz dairəsini məhz Ankara üzərin­dən genişləndirir. Əgər belə demək mümkünsə, Türkiyənin bölgədə cərəyan edən hadisələrdə birbaşa iştirakı NATO-nun da regional si­yasətinə tam uyğundur. Digər tərəf­dən, bugünədək sülh danışıqlarının heç bir platformasında üçtərəfli bə­yanatın bu bəndi müzakirə pred­metinə çevrilməyib. 

* * * 

Bu mesaj niyə məhz indi, NA­TO-nun da dəstəklədiyi Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqe nümayiş etdirdiyi Vilnüs Zirvə toplantısında elan edildi? Bu açıqlama Ərdoğanın verilən suala cavabdan daha çox şimal qonşu­muza ünvanlanan konkret ismarıc kimi dəyərləndirilə bilər. Yəni, An­kara müddət başa çatanda sülhmə­ramlıların Qarabağdan çıxmasını istəyir və Rusiyanın imzaladığı ra­zılaşmanın şərtlərinə əməl edəcə­yinə inanmaq istəyir.

Bəli, bu, Azərbaycanın demək istədiyi söz, irəli sürməyə ha­zırlaşdığı tələb idi. Hər şeydən göründüyü kimi, rəsmi Bakı bu məsələ ilə bağlı konkret mövqeyi­ni Moskvanın önünə sərgiləməz­dən öncə Ərdoğanın mesajı ilə mövqeyini daha da gücləndirməyi planlaşdırır. Əslində, Azərbaycanın 10 noyabr razılaşmasına əsasən uzağı iki il dörd aydan sonra rus sülhməramlılarının Qarabağı tərk etməsi mövqeyindən çıxış edəcəyi indidən məlumdur. Bir daha vurğu­lamaq istəyirik ki, Vilnüs mesajının altında Bakının istər iki, üç və beş­tərəfli sülh danışıqlarında, istərsə də Azərbaycan-Rusiya münasibət­lərinin çox önəmli məqamlarında mövqeyimizi gücləndirən ismarıc dayanır. Azərbaycanın suveren ərazisi sayılan Qarabağ iqtisadi rayonundan Ermənistan ordusu­nun tör-töküntülərinin çıxarılması, bölgənin silahsızlaşdırılması və separatçıların son aqibətinin həll edilməsi Bakının tezliklə atacağı praktiki addımlar kimi qəbul oluna bilər. Amma bundan öncə Rusiyaya “bölgədə qalma müddətiniz bəllidir, buna görə proseslərə müdaxilə et­məyin” mesajı verilir.

2025-ci ildə Rusiya sülhmə­ramlı kontingenti Qarabağdan çıxacaqmı? – sualına müsbət və praktiki cavabın indiki şərtlər daxi­lində mümkün olacağı ehtimalına inananlar azdır. Sualın cavabı sülh dialoqunun konkret nəticələrə nə vaxt və necə nail olunacağından asılıdır. Görünən odur ki, həm ge­osiyasi, həm də regional müstəvi­də Türkiyə-Azərbaycan tandeminin əhəmiyyət dərəcəsinin xeyli art­ması faktını Moskva nəzərə alma­lıdır. Kreml üçün Ankara faktoru Ukraynada apardığı müharibənin gedişatına təsir göstərməyə qadir gerçəklikdir. 

Bəli, Türkiyənin Cənubi Qafqaz­da Rusiya ilə Qərbin toqquşan ma­raqlarını balanslaşdıran qüvvəyə çevrildiyi danılmaz həqiqətdir. Rəs­mi Ankara üzvü olduğu NATO-nun Şərqə genişlənməsinə töhfə versə də, həm özünün, həm də qardaş Azərbaycanın strateji maraqların­dan dolayı Moskva ilə də isti müna­sibətlərini qoruyub saxlayır.

2025-ci ildə sülhməramlıların Qarabağda qalma müddətinə xi­tam verilməsini gündəmə gətirən Türkiyə liderinin ismarıcını Mosk­vanın qəbul etməsi mümkündür. Deyəsən, Ərdoğanın bunu məhz indi ilk dəfə açıq şəkildə dilə gətir­məsi də bu amilə hesablanıb. Rusi­ya bölgədəki maraqlarını qorumaq üçün artıq fərqli şərtlər daxilində hərəkət etməyə məcburdur. İrə­vanın rəsmən Qarabağdan imtina etməsi Kremldən ötrü bu amilin effektivliyini və perspektivini xeyli zəiflədib. Artıq Rusiya isteblişmenti anlayır ki, Qarabağda uzun müd­dət duruş gətirə bilməyəcək. Hətta sülhməramlıların bölgədə qalma müddəti uzadılsa belə, bu, Mosk­vanın əvvəlki mövqeyini və tərəf­lərə təsir rıçaqlarını gücləndirməyə zəmin yaratmayacaq. Məgər bir ovuc haya görə Kremlə Bakı-Anka­ra tandemi ilə problemlər lazımdır? 

* * * 

İndi Moskvanı Cənubi Qafqaz bölgəsində kommunikasiyalarda, yeni yol və dəhlizlərdə daha çox paya sahib olması düşündürür. Məsələyə bu yöndən yanaşsaq, deyə bilərik ki, Rusiya üçün böl­gədə mənafeyini və gücünü qo­ruyub saxlamağın ən real variantı təhlükəsizliyini sərhədçilərinin tə­min edəcəyi Zəngəzur dəhlizi ola bilər. Burada Bakının Moskva üçün sərfəli varianta etirazı yoxdur. An­kara da transmilli nəqliyyat layihə­sində Moskvanın söz sahibi olaca­ğına loyal yanaşır.

Türkiyənin Rusiya ilə əməkdaş­lığında cizgiləri görünən yeni ten­densiya, güman edirik ki, Prezident Vladimir Putinin Türkiyəyə göz­lənilən səfər proqramının özəyini təşkil edəcək. Bəli, Ərdoğanın NA­TO-nun Vilnüs Sammitindəki isma­rıc-bəyanatı göründüyündən daha geniş təsirə malikdir. Bu ismarıc özündə Kremlin bölgə müstəvisin­də “komandanlıq” etmək niyyətini balanslaşdırmaq məqsədini daşı­yan diplomatik addımdır. İki qitəni birləşdirən, bir ayağı Avropada, bir ayağı Asiyada olan Türkiyə regi­onal, eləcə də beynəlxalq müstə­vilərdə siyasətini məhz qardaş Azərbaycanın mənafeyini nəzərə alaraq irəliyə aparır. Və yeri gələn­də mövqemizi öz mövqeyi, sözü­müzü öz sözü kimi dünyaya bəyan edir. 

Fərid ŞƏFİYEV, 

siyasi şərhçi 

Qarabağda rus sülhməram­lılarının qalma müddəti barədə Azərbaycan Prezidenti İlham Əliyev birbaşa deməsə də, do­layısı ilə müəyyən şərhlər ver­mişdi. İndiki mərhələdə Türkiyə lideri tərəfindən belə bir mesajın verilməsi, ilk növbədə, son za­manlar Rusiyadan Laçın yolu ilə bağlı Azərbaycana qarşı təz­yiqlərin bir növ qarşılığı idi. Bu təzyiq tendensiyası Qərbdən də hiss olunurdu. Burada söhbət konkret olaraq Rusiyadan gedir. Bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirlyinin rəsmi nümayən­dəsi Mariya Zaxarovanın müəy­yən şərhləri də var idi. Yəni, o, Laçın yolunun açılması, guya blokadanın aradan qaldırılması ilə bağlı bəyanatlar səsləndirirdi. Bu konteksdə Rusiyanın başqa qurumlarından da Azərbaycanın ünvanına ultimativ tərzdə müra­ciətlər, təhdidlər eşidilirdi. Birin­cisi, onlar sadəcə unudurdular ki, Azərbaycanın arxasında Tür­kiyə kimi NATO-nun üzvü olan nəhəng bir dövlət durub. İkincisi, həmin 2025-ci illə bağlı məsələ­dir ki, Azərbaycan təxminən iki ildən sonra Rusiyanın Qarabağı­mızda müvəqqəti yerləşdirilmiş sülhməramlı hərbi kontingenti ilə vidalaşmaq niyyətindədir. Bu məsələdə də Azərbaycan tək deyil və yenə qardaş Türkiyənin dəstəyini hiss edirik.

 

İmran BƏDİRXANLI, 

“Xalq qəzeti”



Siyasət