Söyüdlüdəki şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb

post-img

İyulun 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən verilən məlumata görə, Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də yaranmış narahatedici və xoşagəlməz hadisə ilə əlaqədar monito­rinqlərin aparılması və mövcud vəziyyə­tin qiymətləndirilməsi üzrə Komissiyanın fəaliyyətinə dair iradlar bildirərək müvafiq tapşırıq verib. Həmin tapşırığın təxirə sa­lınmadan icrası ilə əlaqədar Komissiyada aşağıdakı məsələlərə baxılıb.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə aparılmış monitorinqlərin nəti­cələri barədə geniş məlumat verib. 

Baş nazir Ə.Əsədov Ekologiya və Tə­bii Sərvətlər Nazirliyi tərəfindən şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb. Bildirilib ki, nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib. 

Baş nazir icra hakimiyyəti orqanla­rı ilə razılaşdırılmadan tullantı anbarın­da müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiy­mətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələ­bin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonasının müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarların çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib. 

Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji auditin aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət edilib və onun nümayəndələrinin yaxın günlərdə ölkəmizə səfəri gözlənilir. Bu şirkət tərə­findən ətraf mühit, təhlükəsizlik və sağ­lamlıq məsələləri qiymətləndiriləcək.

İclasda, həmçinin Komissiya üzvləri­nin aparılan monitorinqlərin nəticələrinə dair məruzələri dinlənilib. 

Səhiyyə nazirinin müavini Nadir Zey­nalov bildirib ki, Söyüdlü kəndində və müəssisə ətrafında yerləşən yaşayış məntəqələrində müvafiq müayinələr və monitorinqlər aparılır. 

Kənd təsərrüfatı nazirinin müavini Sar­van Cəfərov qeyd edib ki, Söyüdlü kəndin­də və ətraf ərazilərdə heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, bitki mühafizəsi və tor­paq münbitliyi sahələrində monitorinqlər həyata keçirilib, kompleks müşahidələr aparılıb, örüş-otlaq sahələrinin və təsərrü­fatların mövcud vəziyyəti qiymətləndirilib. 

Baş nazir aparılan monitorinqlərin daha da sərtləşdirilməsi və mütəmadi qaydada keçirilməsi ilə bağlı tapşırıqlarını verib. 

Ə.Əsədov Söyüdlüdə təbiətə, insan­ların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin mü­vəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib.

Cəlb edilmiş beynəlxalq şirkət tərəfin­dən aparılacaq qiymətləndirilmənin nə­ticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəs­sisənin fəaliyyətinin bərpası məsələsinə baxıla bilər. 

Baş nazir qeyd edib ki, ərazidə fəaliy­yət göstərən şirkət tərəfindən növbəti döv­rdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir. Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunveri­ciliyin tələblərinə uyğun qurmalı, o cümlə­dən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.

Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilmə­si, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çər­çivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Ko­missiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda, Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əha­lisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasi­ya olunmalarının təmin edilməsi ilə bağlı göstəriş verilib.

Baş nazir Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib, kənd sa­kinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zə­ruriliyini vurğulayıb.

Son xəbərlər