İranın Ali Dini Liderinin müşaviri, ölkənin sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin “Tasnim” nəşri üçün qələmə aldığı məqaləni Ermənistanın “news.am” saytı xüsusi seçdirmə ilə paylaşıb. Məqalənin ana dilimizdə icmalını qısa şərhlərlə oxucuların diqqətinə veririk.
“Ukraynada müharibənin şiddətləndiyi indiki məqamda Türkiyənin guya Rusiyanın siyasi mövqeyinə yaxın daha bir tərzi müşahidə edirik. Son günlər Ankaranın İsveçin NATO-ya üzv qəbul olunması ilə razılaşdığını xəbər verirlər. O, həmçinin “Azov”çuların bir hissəsini Ukraynaya təhvil verib. Bu cür mövqe dəyişikliyinin fonunda son aylar Türkiyənin Azərbaycanla əlaqələri barədə məsələ gündəmə gətirilir ki, İran bunun əleyhinə çıxır. Skeptiklər deyirlər ki, əgər Azərbaycan Respublikası ilə Naxçıvan arasında əlaqələr bərpa olsa, bu halda Ermənistan ərazisinin xeyli hissəsini işğal etməyə (?) ehtiyac olmayacaq. Qazın nəqli, elektrik enerjisinin verilişi, tranzit marşrutlar və s. kimi obyektlər Ermənistanın suverenliyi pozulmadan asanlıqla əldə edilə bilər və bu tezis ölkələr arasında yayılmaqdadır”, – yazan Vilayəti məqaləsində qeyd edir ki, Azərbaycan və Türkiyə hökumətlərinin İranla Ermənistan arasında gərginliyin artmasında nədən bu qədər maraqlı olduqları kənar müşahidəçiləri təəccübləndirdi. Müəllif türklərin “bəd niyyətinin” məqsədlərini də sıralayır:
“Amma onlar tədricən reallığı başa düşdülər. Ekspertlər anladılar ki, Naxçıvanı Azərbaycanla bağlayan geniş əlaqələrin arxasında pis niyyətlər dayanır: birincisi, Ermənistanı iki hissəyə bölmək, ikincisi, Əhəmənilər və Fars imperiyaları dövrünə gedib çıxan İran-Ermənistan əlaqələrini qırmaq, onları bir-birindən ayırmaq. Üçüncüsü isə bununla İranın xarici aləmlə təmaslarını məhdudlaşdırmaq. Yəni, həmin andan etibarən biz 15 deyil, 14 ölkənin qonşusu olacağıq. İİR-in Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə əlaqələri pozulacaq. Regional sərhədlərdə istənilən dəyişiklik uzunmüddətli gərginliyə səbəb olacaq. Bu zaman ən narahatedici amil sərhədboyu yad ölkələrin sayının çoxalmasıdır”.
Maraqlı narahatlıqdır. Keçmiş xarici işlər naziri, dini liderin hazırki müşaviri hesab edir ki, İran, Çin və Rusiya Asiyada qüdrətli və sabit üçbucaq yaradıblar və dünyanın yeni xəritəsində arzuları həyata keçməyən ABŞ və Avropa Qərbi Asiyada əsas qüvvə kimi beynəlxalq hadisələrə təsir edə bilən İran amilini nəzərə almaya bilməzlər.
“Bu gün Rusiya və ABŞ arasında münasibətlər strateji cəhətdən də gərgindir və ata Corc Buşun söylədiyinin əksinə olaraq, gələcəkdə dünya çoxqütblü olacaq”, – yazan Vilayəti Türkiyənin NATO ilə əlaqələrinin miqyası genişləndikcə, İranı əhatə edəcək bir zolağın meydana çıxması versiyasını irəli sürür. Bu kontekstdə Naxçıvana yolun açılmasını ticarətin və əməkdaşlığın inkişafına deyil, NATO-nun və onun bəzi üzvlərinin İranın şimalında və Rusiyanın cənubundakı bütün obyektlərdə daha ciddi və fəal iştirakına gətirib çıxaracağını iddia edən eks-diplomat hazırda Cənubi Qafqaz regionunun Avropa İttifaqının, Fransanın, ABŞ-ın, eləcə də İsrailin müdaxilə etdiyi, qeyri-qanuni yollarla və korrupsiyalarda iştirak etdiyi məkana çevrildiyini “acı təəssüflə” qeyd edir.
“Bizim rus dostlarımız çox ehtiyatlı olmalı və Qafqazda yol verdiyi hər hansı ehtiyatsız hərəkət regionu müxtəlif ölkələrin və bədniyyətli tərəfdaşların müdaxiləsinə bəhanə verər və onlar Rusiyanın və İİR-in maraqları üzərinə hücuma keçə bilərlər. Bu isə Cənubi Qafqaz kimi çox həssas bir bölgədə gərginliyi artırar, bütün regionun təhlükəsizliyini zərbə altında qoyar”.
Təxəyyül məhsulu olan bu ehtimalları qəzetin səhifəsindən üfürən eks-nazirin sözlərinə görə, regionun NATO-ya daxil olmuş bəzi ölkələri alyansla əlaqələrini möhkəmləndirərək gələcəkdə Asiyada nəhəng gücə çevrilmiş “üçlük” ittifaqının Rusiya, İran və Çin üçün problemlər və maneələr yarada bilərlər. Bunun isə “üçlüy”ün liderlərinin strateji ehtiyatlılığı ilə üzləşəcəyinə əmin olan Əli Əkbər Vilayəti sonda yenə hayların əsas dayağı və təəssübkeşinin İran olduğunu yazmağı da unutmur.
Bu, həmin Vilayətidir ki, 2020-ci ilin oktyabrında, artıq Qarabağın taleyinin həll olunduğu Vətən müharibəsinin gedişində demişdi ki, BMT-nin Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında 4 qətnaməsi var. “İran da BMT-nin üzvü kimi bu qərarların yerinə yetirilməsini istəyir”, – deyən müşavir hətta diqqətə çatdırmışdı ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb və Qarabağ azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıtmalıdırlar.
Amma 1995-ci ildə İranın xarici işlər naziri kimi Təbrizin iqtisadi cəhətdən geridə qalması ilə bağlı iclasda belə buyurmuşdu: “Biz niyə Azərbaycana (Güney Azərbaycan -red.) sərmayə qoymalıyıq? Azərbaycan əvvəl-axır İrandan ayrılacaq”.
Əlbəttə, İİR-in sabiq xarici işlər nazirinin, hazırda Ali Dini Liderin müşavirinin ikiüzlülüyü göz önündədir. Onun fərdi düşüncələrinin məhsulu olan “politoloji mülahizələri” artıq bizim üçün elə bir əhəmiyyət kəsb eləmir.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”