Bakı diplomatik qələbə seriyasını davam etdirir

post-img

Azərbaycan və Ermənistan arasında anklavlarla bağlı davam edən diplomatik mübarizənin “əsas turu” başa çatıb. Azərbaycan diplomatiyası rəsmi Bakının anklavlarla bağlı mövqeyini İrəvana qəbul etdirə bilib. Ermənistan tərəfi Azərbaycana məxsus 8 kəndin bu gün də erməni işğalında olduğunu, həmin kəndlərin ölkəmizə məxsusluğunu qəbul edib. 

Ölkəmizin “anklav mübarizəsi”ndəki bu uğuru Pre­zident İlham Əliyev tərəfindən də təsdiqlənib. Dövlət başçısı 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunla­rına həsr olunmuş müşavirədə Ermənistanın anklav­larla bağlı ölkəmizin haqlı mövqeyini tanıdığını qeyd edib: “Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul et­mişdirsə, bu ilin may ayında daha irəli gedərək, artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəs­mən tanıyıb”.

Amma İrəvanın etiraf etdiyi bu həqiqət hələ də rəsmi sənədlərdə öz təsdiqini tapmayıb. Bütün digər məsələlərlə yanaşı, anklavlar və onların gələcək taleyi ilə bağlı məsələnin də rəsmiləşdirilməsinə, əməli icra­sına ciddi ehtiyac var.

“Müqavimət təkcə faydasız deyil, həm də təsirsizdir”

Azərbaycanın anklavlar və Zəngəzur dəhlizinin açılması məsələsindəki israrçı mövqeyinin rəsmi Bakının qəti qələbəsi ilə yekunlaşacağı erməni mediası tərəfindən də etiraf olunmaqdadır. Məsələn, Ermə­nistanın “Qraparak” nəşri yazır ki, İrəvanın indiki halda Azərbaycanın gücü qarşısın­da müqavimət göstərməsi mümkün deyil. Məhz buna görə də proseslər rəsmi Ba­kının arzuladığı məcrada cərəyan edəcək: “Nikol Paşinyan hökumətin iclaslarında Azərbaycana qarşı cəsarətli mətnlər səs­ləndirsə də, hökumət nümayəndələri onun tapşırığı ilə qapalı görüşlərdə reallıqlardan danışırlar: Müqavimət təkcə faydasız de­yil, həm də təsirsizdir. Azərbaycan istə­diyini alacaq, Ermənistan isə müqavimət göstərərsə, itkiləri olacaq. Elə bu günlərdə hökumət nümayəndələri ekspertlərlə qa­palı görüş keçirib və açıq, səmimi söhbət olub, lakin ictimaiyyətləşdirilməsi qadağan edilib”.

Erməni mediası hesab edir ki, zəif Er­mənistanın qüdrətli Azərbaycanla müba­rizədə heç bir şansı yoxdur və bu, İrəvan üçün sadəcə yeni itkilər demək olacaq. Buna görə də erməni mediası vəziyyətdən mümkün qədər daha az itki ilə çıxmağı İrəvan üçün ən məqbul çıxış yolu olaraq görməkdədir. 

Sərhəd müzakirəsi: Hansı yeniliklər var?

Münasibətlərin nizamlanması prose­sində diqqət çəkən məqamlardan biri də sərhədlərin delimitasiyası ilə bağlı mü­zakirələrin aktivləşməsidir. Xatırladaq ki, iyulun 12-də iki ölkə arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənis­tan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında sərhəd­lərin delimitasiyası üzrə komissiyaların dördüncü görüşü keçirildi. Müzakirələr zamanı sərhədlərin delimitasiyası ilə bağlı təşkilati və prosedur məsələlər müzakirə edilib, habelə növbəti görüşün vaxtı və yeri razılaşdırılıb. 

Hələlik delimitasiya ilə bağlı siyasi proses yekunlaşmadığı üçün bu məsələ ilə bağlı yekun rəsmiləşdirmə gerçəkləş­məyib. Bununla yanaşı, həm delimitasi­ya, həm də sərhədlərin təhlükəsizliyi ilə bağlı görüş və danışıqların intensivləşmə­si, hər iki tərəfin bu məsələdə qərarlılıq sərgiləməsi ciddi uğur kimi dəyərləndirilə bilər. Çünki məhz bu intensivlik sərhədlə­rin delimitasiyası ilə bağlı yekun razılaş­manı şərtləndirəcək başlıca amildir.

Parisin anti-sülh siyasəti regional təhlükədir

Anklavlar və delimitasiya məsələləri ilə bağlı prosesin yekunlaşmasını əngəl­ləyən əsas amillərdən biri Fransa və digər ermənipərəst qüvvələrin anti-sülh siyasə­tidir. Bu, rəsmi İrəvanı Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkindirən ən başlıca amildir. Fransa və digər təxribat­çı qüvvələrin Ermənistanın təxribatlarına haqq qazandırması, onun hərbiləşdirilmə­sinə yardım göstərməsi İrəvanı sülhdən uzaqlaşdırır ki, bu da regionda vəziyyəti gərginləşdirir, sülh və təhlükəsizlik üçün yeni təhdidlər yaradır. Bu amil Azərbay­canla Ermənistan arasında uzun müddət­dir ki, müzakirə mövzusu olan anklavlar və delimitasiya ilə bağlı məsələlərin həl­linə də öz mənfi təsirini göstərir. Bunun­la yanaşı, bütün ermənipərəst qüvvələr bilməlidir ki, onların İrəvanı hansı səviy­yədə dəstəkləməsindən asılı olmayaraq, Azərbaycan bölgədə sülhün və ədalətin bərqərar olmasını, qorunub saxlanılması­nı təmin edəcək. 

Seymur ƏLİYEV



Siyasət