“Eynullanın sərhədi” – …Paşinyan bilmir, Fətullayev bilir?

post-img

Jurnalistika strateji sahədir. Bu sahənin daşıyıcıları üçün peşəkarlıq, eyni zamanda, strateji düşünmə, hadisə və proseslərə soyuq yanaşma qabiliyyəti ilə ölçülür. Strateji düşünmək fitri istedad və dünyagörüşündən asılı olmaqla yanaşı, həm də prinsipcə daha üstün düşüncə qabiliyyəti ilə seçilməli olanların və ya seçilənlərin mövqeyi ilə hesablaşmaq, ictimai rəyə həmin mövqedən irəli gələn baxışları çatdırmaqdır. Daha strateji düşünməli olanların mövqeyindən danışdıqda isə, yenə prinsip etibarilə bildirək ki, bu ali xarakter dövlətə məxsusdur. 

İşğaldan azad olunmuş ərazilərimizə jurnalist səfərlərinin təşkili kimi bir ənənə formalaşıb. Əlbəttə, ənənə dediyimiz üçün bunun müsbət məqam olduğunu vurğulamalıyıq. Ancaq jurnalistlərdən heç də hamısı həmin bölgələrimizə nə üçün getdiklərinin fərqinə varmırlar. Bəziləri ora özünü göstərmək, yəni digər həmkarlarından, guya daha üstün saymaq üçün yollanırlar. Hərəkət və davranışları ilə elə təəssürat yaradırlar ki, sanki bunlar heç kəsin yazmadığı, göstərmədiyi, bildirmədiyi mətləbləri agah edirlər. Halbuki, belələrinin həmin ərazilərimizdə gördüklərini də başqaları görür, yazmağı və diqqətə çatdırmağı da pis bacarmırlar. İndiki halda deyək ki, “Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayevdən pis bacarmırlar. Amma görünür, heç kəs də pisi Eynulla kimi bacarmır. Daha doğrusu, pis olanı etməyi… Bəli, E.Fətullayev özünü işğaldan azad edilmiş bölgələrimizə, konkret olaraq, Laçına -  Həkəri körpüsü üzərindəki sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsinə çatdırıb. Oradan facebook hesabında paylaşımlar edib. 

Bu yerdə qısa haşiyə çıxaq ki, jurnalistin hətta şəxsi sosial şəbəkə profilində paylaşdığı hər hansı fikrin cəmiyyətdə etibarlı məlumat kimi qarşılanması ehtimalı böyükdür. Yəni, Eynulla sosial şəbəkə dostluğunda beş-on qohum-əqrəbası olub NATO-nu, BMT-ni asıb-kəsənlər kateqoriyasına aid deyil. Məqsədimiz heç də Fətullayevi kultlaşdırmaq deyil. Söhbət, bütövlükdə, jurnalistlərdən gedir. Yəni, onlar deyə bilməzlər ki, sosial şəbəkə hesabı şəxsi dünyalarıdır, orada istədiklərini paylaşırlar. Yəqin razılaşarsınız ki,  haqqında söz açdığımız basıb-kəsən fatmanisələr, tofiqlər, ələmdarlar və digərləri bir yana, jurnalist sözü bir yanadır. Deməli, media təmsilçisi də fatmanisəyə çevrilməməlidir. Müqayisəmiz qəribə görünə bilər, amma Co Bayden özünün şəxsi sosial şəbəkə hesabında ABŞ Prezidenti qismində çıxış edirsə, Eynulla Fətullayev də jurnalist olaraq çıxış etməlidir. Özü də strateji düşünərək. Axı, heç kəs ona Ələmdar, yaxud Tofiq olma demir. Heç Fatmanisə də olma deyən yoxdur. Buyurub seçimini etsin və müəyyənləşdirsin ki, jurnalistikanı seçir, yoxsa…

İndiyədək çox jurnalistlərimiz işğaldan azad edilmiş bölgələrimizin müəyyən hissələrində erməni postlarının tam yaxınlıqda olduğunu görüblər. Ancaq onlardan heç biri yazmayıb ki, arxada 150 metrliyimizdə erməni postu var. Birincisi, bu, cəmiyyətə veriləcək mesaj deyil. Daha doğrusu, 44 günlük müharibədən sonrakı reallıqları nəzərə alsaq, yenilik deyil. İkincisi və ən əsası isə ümumən vəziyyəti Eynulladan daha strateji düşünən başlar var. Hə, cənab Fətullayevin xarakteri, yaxud eqosu həmin düşüncə sahiblərini qəbul etməyə yol vermirsə, bu, artıq başqa söhbətin mövzusu olur. Yeri gəlmişkən, yazımızda başqa söhbətləri də yada salacağıq…

Hələlik isə deyək ki, E.Fətullayev erməni postlarını, belə demək mümkünsə, selfiləşdirmək üstünlüyünü göstərməklə yanaşı, Həkəri körpüsündən qarşı tərəfdəki ərazilərin Ermənistan olduğunu da iddia edib. Maraqlıdır, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin ərazisinin hardan başlayıb, harda bitdiyini bilmədiyi, “kadastr şəhadətnaməsi” ilə gələcək nəsillərə ərazi mirası qoyub getməkdən danışdığı halda, Eynulla necə müəyyənləşdirir və yazır ki, Həkəri postundan o tərəfdəki yerlər Ermənistandır? 

Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmayıb. Mövcud istiqamətdə danışıqlar gedir və neçə müddətdir ki, İrəvanın qeyri-konstruktiv davranışları, sülhə gəlmək istəməməsi səbəbindən proses, sanki dalana dirənib. Ermənistanin mövcud istiqamətdəki qeyri-adekvat davranışları o qədər həyasız xarakter alıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, sülh istəmirlərsə, istəməsinlər, delimitasiya və demarkasiyanın aparılmasına razılıq vermirlərsə, sərhəd ölkəmizin münasib bildiyi yerdən keçəcək. Eynulla Fətullayev bunu nəzərə almır? 

Yaxşı, bəs o, əlahəzrət tarixidəmi yaxşı bilmir? Bilmir ki, iki yüz ilə yaxın müddətdə həmin ərazidə düz əməlli sərhəd zolağı olmayıb? Xəbəri yoxdur ki, erməni adlı qövmün yaratdığı dövlətəbənzər bir şey tarixi Azərbaycan torpaqlarında formalaşdırılıb? Bəlkə, Eynulla ermənilərin Azərbaycan ərazilərinə nə vaxt, hansı məqsədlə köçürüldüyündən, onların keçmiş SSRİ-nin zamanında vətənimizdən torpaq oğurluğuna girişdiklərindən və nəticə etibarilə bu avantürizmin ötən sərin 90-cı illərinin əvvəllərində ərazilərimizin iyirmi faizinin işğalı ilə yekunlaşdığından da məlumatsızdır? 

Xeyr, cənab Fətullayev hər şeyi gözəl bilir. Deməli, bu sualı verməli və soruşmalıyıq ki, “Haqqın.az” saytının rəhbəri nə üçün Azərbaycan xalqının haqqına girir? Əvvəldə jurnalistin strateji düşünmək qabiliyyətinin mühüm peşəkarlıq göstəricisi olduğunu bildirdiyimizdən, Eynullanın peşəkarlığına şübhə yeri qoymaq niyyətindən uzağıq. Belə olan halda isə, gərək sualları sıralayaq: Fətullayevin məqsədi nədir? O, nəyə nail olmaq istəyir? Əlbəttə, cavab tapmaq çox çətindir. Elə isə keçək anonsunu verdiyimiz başqa söhbətlərdən danışmağa. 

…danışarkən, Eynulla Fətullayevin Qarabağ və Azərbaycan həqiqətləri ilə bağlı qalmaqallı açıqlamalarını, təqdimatlarını yada salmalıyıq. Hər halda Qarabağdakı separatçı rejimin əvvəlki rəhbərlərindən biri olmuş Arkadi Qukasyana “cənab prezident” deyə müraciət edən Eynulla olmuşdu, onun yuxarıdan aşağı baxdığı həmkarları yox. Ümumən, Azərbaycanda heç bir jurnalist, yumşaq desək, bu səfeh ifadəni işlətməzdi, Fətullayev işlətmişdi. Sonra nəyi deyək? 

Əslində, söylənilməli olanlar o qədər çoxdur ki, hansının hazırkı mövzuya daha uyğun olduğunu müəyyənləşdirmək bir qədər müşkil görünür. Hələ biz Fətullayevin, el dilində söyləsək, ingilis bayrağı kimi dəfələrlə mövqe dəyişdirdiyini, müxtəlif siyasi qruplaşmaların ruporu qismində çıxış etdiyini bir kənara qoyuruq. Ancaq “Haqqın.az” rəhbərinin Xocalı ilə bağlı haqsızlığı heç cür kənara qoyula bilməz. Onun bildirdiklərindən elə çıxmışdı ki, dəhşətli soyqırımı törədənlər ermənilər və Ermənistan rəhbərliyi olmayıb. 

Əlbəttə, E.Fətullayevin beynəlmiləlçi damarının da nə vaxt tutub, nə zaman buraxacağını söyləmək çətindir. Bu barədə uzun-uzadı danışmağa da ehtiyac yoxdur. Çünki əslində o damarı da Fətullayevin əyninə biçən Azərbaycan jurnalistlərinin özüdür. Onun hərəkətlərinə başqa ad tapa bilmədiklərindən, necə deyərlər, sərhədləri götürməmək üçün beynəlmiləlçilik obrazı ilə məhdudlaşıblar. Nəticədə bu gün Eynulla sərhəd və onun o tərəfindəki Ermənistanı müəyyənləşdirməklə məşğuldur. Hələ sözündə düzəliş edərək, dağları aşıb Ermənistana “çatmağı” da unutmur.  Unutmasın, görünür, strateji düşüncəsi bura qədər çatır. 

 

R.AMİN, "Xalq qəzeti"

Siyasət