Qarabağdakı Ermənistan əsgərləri: Meyitlər rəsmi İrəvanın yalanını üzə çıxardı

post-img

Məlum olduğu kimi, Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas-2” əməliyyatı zamanı öldürülən beş erməni hərbçisindən ikisinin meyiti Ermənistana təhvil verildi. “Qisas-2” əməliyyatı fonunda baş verənlər Ermənistan və onun bölgədəki hərbi təxribatları, həmçinin, rəsmi İrəvanın Qarabağdakı separatçılarla əlaqələri ilə bağlı bir sıra məqamları üzə çıxardı. Bunlardan biri Ermənistanın Qarabağa heç bir çağırışçı göndərmədiyi, separatçılara hərbi dəstək vermədiyi ilə bağlı yalanlarının konkret faktlar əsasında ifşasıdır. 

Məlum hadisələr axarında baş verən maraqlı məqamlardan biri də ortada 5 erməni cəsədinin olmasına baxmayaraq, Ermənistanın bu cəsəd­lərdən yalnız 4-nü təsdiqləməsi ilə bağlıdır. İrəvanın itki sayını 5 deyil, 4 göstərməsi istər-istəməz suallar doğu­rur: “Yiyəsiz” meyit kimindir? İrəvanın cəsədlərdən 1-ni inkar etməsinə səbəb nədir? 

İndiki məqamda bu sualların dəqiq cavabı yalnız Ermənistan hərbi-siyasi rəhbərliyinə məlum olsa da, mövcud vəziyyət ortalıqda qalan, nə Ermənista­nın, nə də Qarabağdakı separatçıların sahib çıxmadığı həmin meyitin muzdlu döyüşçü olması ehtimalını gücləndirir. Çox güman ki, insan resursu baxımın­dan ciddi problem yaşayan Ermənistan Qarabağa çağırışçılarla yanaşı, digər dövlətlərdən olan muzdluları da cəlb etmişdir. 

Əcnəbi muzdluların Qarabağda xidmətə cəlb edilməsi separatçıları əs­gər ehtiyatı ilə təmin etməklə yanaşı, döyüş itkilərinin ictimaiyyətdən gizlət­məkdə də kömək edir. Həmin muzd­luların xidmətə cəlb olunması rəsmi sənədlərə daxil edilmədiyi üçün onların ölümü də bu sənədlərdə əksini tapmır. Nəticədə Ermənistan döyüş itkilərini, əslində, olduğundan daha az göstər­mək imkanı qazanır. Lakin “Qisas-2” əməliyyatı nəticəsində məhv edilən bü­tün düşmən hərbçilərinin cəsədi Azər­baycan ərazisində qaldığı üçün Ermə­nistanın muzdlu hərbçinin meyitindən qurtulmaq imkanı olmayıb. Ona görə də İrəvan 4 erməni hərbçisinin öldü­rüldüyünü etiraf etsə də, ortada qalan cəsəd haqqında israrla susmaqdadır.

“Ölü canlılar”ın harayı 

Baş verənlər fonunda diqqət çəkən maraqlı məqamlardan biri də Ermənis­tanın Azərbaycandan cəmi iki cəsədi təhvil almasıdır. Bu və həmin şəxs­lərin İrəvandakı hərbi qəbiristanlıqda – Erablurda torpağa tapşırılması bəzi mətləblərdən xəbər verir. Bu, eyni zamanda, Ermənistandan Qaraba­ğa göndərilən çağırışçılar olduğunu göstərir. Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş Ervand Ta­devosyan və Samvel Torosyanla bağlı yayılan sənədlər də onların Ermənis­tandan Qarabağa göndərilən hərbi çağırışçılar olduğunu təsdiqləyir. Yəni, həm hər iki hərbçiyə aid sənədlər, həm də Qarabağda deyil, İrəvanda basdı­rılmaları onların Ermənistan vətəndaşı olduğunu, Qarabağda qanunsuz xid­mətə cəlb edildiyini göstərir. Buna görə də Ermənistan məhz öz vətəndaşı olan iki erməni hərbçisinin cəsədini almaqla işini bitmiş hesab edir, digər cəsədləri almağa maraq belə göstərmir. 

İrəvan 2020-ci il 10 noyabr bəyanatını pozmaqda davam edir

“Qisas-2” əməliyyatı ilə məhv edilən düşmən hərbçilərindən ikisinin Ermə­nistan vətəndaşı olması İrəvanın 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı pozmaqda davam etdiyini, Qarabağa silah-sursatla yanaşı, həm də canlı qüvvə göndərdiyini təsdiqləyir. İrəvan­da basdırılan cəsədlər sübut edir ki, Er­mənistan rəhbərliyinin Qarabağa hərbi yardım göstərmədiyi ilə bağlı bugünə qədər səsləndirdiyi bütün bəyanatlar yalandır və Paşinyan rejimindəkilərin heç bir fikrinin doğruluğuna etibar et­mək olmaz. 

Həmçinin, Ermənistan vətəndaş­ları olan Ervand Tadevosyan və Sam­vel Torosyanın Qarabağda xidmətə göndərilmələri faktı Qarabağdakı separatçıların sıralarında çox sayda Ermənistan vətəndaşının olduğunu göstərir. Bu isə o deməkdir ki, İrəvan üçtərəfli Bəyanatı pozur, Qarabağda hərbi mövcudluğunu davam etdirir və bölgədə müharibədən sonra yaranmış status-kvonu dəyişməyə cəhd göstərir. 

Qarabağ ermənilərinin dirisi kimi, ölüsünə də hörmət qoyulmur

İrəvanın cəsədlərlə bağlı sərgilədiyi mövqe Ermənistanın Qarabağdakı er­mənilərə olan ögey münasibətinin də göstəricisidir. Belə ki, İrəvan 5 cəsəd­dən yalnız 2-nə sahib çıxmaqla, Qara­bağdakı ermənilərin dirisi kimi, ölüsünə də hörmət qoymadığını sübut etdi. Əl­bəttə, məhv edilənlər muzdlular deyil­lərsə. Hərçənd, gərək İrəvan muzdlula­ra da sahib çıxsın. Yəni, onları bölgəyə gətirdiyini etiraf etsin. 

 

Seymur ƏLİYEV

Siyasət