ABŞ-ın İrəvandakı səfiri nə demək istəyirdi?

post-img

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinnin ölkənin İctimai Televiziyasına müsahibəsini iki müstəvidə təhlil etmək mümkündür. Birincisi, Qarabağ erməniləri ilə bağlı təminatlar, ikincisi, Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyi. 

Ümumən, xanım Kuinn müsahibə­sində, faktiki olaraq, ölkəsinin mövqe­yini dolğun şəkildə ortaya qoyur. Eyni zamanda, çalışır ki, həmin mövqe Er­mənistan cəmiyyətində qəbul edilsin. Onun Birləşmiş Ştatların baxış buca­ğına hayların hörmətlə yanaşmalarına, sözünə etimad göstərmələrinə çalışdı­ğı aşkardır. 

Əlbəttə, ABŞ səfiri Ermənistanın İctimai Televiziyasının efirinə buraxıl­dığından, düşünmək mümkündür ki, ölkədə onun təmsil etdiyi dövlətə inam var. Əks halda, telekanalda Kuinni danışdırmağa maraq yaranmazdı. O da mümkündür ki, baş nazir Nikol Pa­şinyanın administrasiyası ictimai rəyə Vaşinqton təmsilçisinin fikirləri ilə təsir göstərərək, daxildəki aqressiv ritorika­nı yumşaltmaq niyyətindədir. 

Hər halda, Birləşmiş Ştatların öz sülh missiyasının uğuru üçün həmin ritorikanın aradan qalxmasında ma­raqlı olduğunu da söyləməliyik. Nəzərə alaq ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin iyunun 27-29-da Vaşinqtonda keçirilmiş görüşü əv­vəlki təmasın (1-4 may danışıqlarının – red.) uğurunun davamı baxımından əhəmiyyətli sayılmadı. Deməli, necəsə vəziyyəti xilas etmək, yenidən təşəb­büsə yiyələnmək lazımdır. Bu mənada xanım səfirin dediklərini pozitiv qiy­mətləndirmək və anlayışla qarşılamaq mümkündür. Amma...

Beləliklə, ABŞ-ın Ermənistandakı ali diplomatik təmsilçisi deyir ki, Bir­ləşmiş Ştatlar İrəvan və Bakı arasında uzun müddətdir davam edən qarşıdur­manın hərbi həll yolunun istisnalığını açıq şəkildə bildirib. “Biz hərbi alov­lanmaların danışıqlar üçün əlverişli ol­madığını söylədik. Bütün tərəfləri fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə çağırdıq. Görürük ki, regionun prob­lemlərinin aradan qaldırılmasının yolu davamlı sülhdən keçir”, – deyən səfi­rin sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasındakı danışıqları dəstəkləməkdə davam edəcək. 

Bəli, XİN rəhbərlərinin sonuncu səmərəsiz Vaşinqton görüşündən son­ra ABŞ vasitəçiliyinə impuls vermək la­zım idi ki, bunu xanım Kuinn müəyyən qədər bacardı. O, Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkenin iyunun 27-29-da keçirilmiş danışıqları (Azər­baycan və Ermənistan XİN başçılarının – red.) konstruktiv adlandırdığını da xatırlatdı. Bildirdi ki, ölkəsinin məqsədi regionda hər kəsə davamlı və ədalətli sülh gətirəcək nəticəyə nail olmaqdır. 

Səfirin fikirlərindəki maraqlı məqamlardan biri də onun Azərbay­can–Ermənistan münasibətlərinin ni­zamlanması fonunda Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq cəhd­lərinə münasibətidir. Kuinn ölkəsinin Qarabağ münaqişəsinin universal həlli planını irəli sürdüyünü vurğulayıb, nəti­cə etibarilə özünə ünvanlanmış konk­ret sualdan yayınıb. Əlbəttə, bölgənin ABŞ üçün çox vacibliyini bildirməyi unutmayıb. Onun söylədiklərindən ən maraqlısı isə budur: “ABŞ hesab edir ki, Ermənistan suveren dövlət kimi müttəfiqlərinin və tərəfdaşlarının kim olduğuna (o cümlədən İran məsələsin­də) qərar verə bilər. ABŞ Avropada və Cənubi Qafqazda sülh görmək istəyir və bunun üçün hər kəslə danışmağa hazırdır”.

Göründüyü kimi, səfir xanım vurğu­nu Ermənistanın müstəqilliyi üzərinə qoyur. Yəni, faktiki olaraq, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması pla­nını, belə demək mümkünsə, ictima­iləşdirmir. Dolayısı ilə, məsələni İrə­vanın müstəqil şəkildə verəcəyi qərar kontekstində qiymətləndirir. Bu an­lamda səfirin entuziazmı işə saldığını da söyləmək mümkündür: “ABŞ nə etməyə çalışır? Sülh gətirməyə. Biz bunu ən yaxşı bildiyimiz şəkildə edirik: tərəfləri bir yerə, bir araya gətirmək, onların sülhə doğru hərəkət edə bilə­cəkləri nöqtədən keçmələrinə kömək göstərmək. ABŞ insan həyatlarına təh­lükə yarada biləcək sərhəd atışmaları­nın əleyhinədir. Biz tərəfləri qoşunlarını geri çəkməyə çağırırıq. Ümid edirik ki, onlar bununla bağlı razılığa gələcək­lər”.

***

İndi isə keçək Birləşmiş Ştatların Ermənistandakı səfirinin müsahibəsin­dəki “əmma”lardan birincisinə. O, Azər­baycanın “Zəngəzur dəhlizi” adlandır­dığı məsələyə münasibət bildirərkən, ölkəmizin savaş ritorikasından yarar­landığını vurğulayıb. Əlbəttə, baxışını diplomatikliyini qorumaq şərtilə ortaya qoyub. “Biz tərəfləri nəqliyyat infrast­rukturunun müzakirəsinə təşviq edirik, lakin müzakirələri onlar özü aparırlar”, – deyən və rəsmi Vaşinqtonun Ermə­nistanın infrastrukturunun inkişafına yardımını xatırladan səfirin fikirlərin­dən anlaşılan budur ki, sözügedən məsələyə dəhliz məntiqindən, yaxud hansısa digər rakursdan yanaşmaq, Bakının və İrəvanın öz öhdəliyinə bu­raxılır. Təxminən belə: Nə edirsinizsə edin, biz razılaşacağıq, ancaq da­va-şavasız. 

Belə düşünmək də mümkündür ki, ABŞ “Zəngəzur dəhlizi” müstəvisində daha qərarlı və güclü tərəfi dəstək­ləyəcəkdir. Nəzərə alaq ki, Azərbay­can dövləti məsələdə prinsipialdır və mövqeyini kifayət qədər əhatəli əsas­landırmağı bacarır. Artıq dəhliz mən­tiqi dünya tərəfindən qəbul edilir. Əs­lində, səfir Kuinn də cavabı ilə bunu təsdiqləməkdədir. Yəni, haqqında söz açdığımız ilk “əmma”ya beləcə bəraət qazandırmaq mümkündür. Keçək ikin­ciyə.

Vaşinqtonun İrəvandakı ali diplo­matik nümayəndəsi, eyni zamanda bildirib ki, ABŞ Qarabağda yaşayanla­rın hüquqlarının və təhlükəsizliklərinin Azərbaycanın daxilində qorunacağına inanır və ümid edir. Məlumdur ki, Er­mənistanda belə bir fikir var: Qarabağ Azərbaycanın bir hissəsidirsə, ölkənin yeritdiyi siyasəti nəzərə alsaq, orada yaşayan ermənilərin təhlükəsizliklə­rinin və hüquqlarının müdafiəsi qey­ri-mümkündür. Səfir Kuinn bu kimi təlaşlara, daha doğrusu, qəsdən yara­dılan süni qorxu mühitinə şərh verməsi ilə diqqət çəkib. Onun sözlərinə görə, ABŞ Qarabağ ermənilərinin hüquq­larının və təhlükəsizliyinin təminatına inanır: “Biz inanırıq ki, bu məqsədə çatmaq üçün bütün iştirakçılar əmək­daşlıq etməlidir. ABŞ bu yanaşmanı dəstəkləyir və bütün tərəfləri hüquqla­rın və təhlükəsizliyin (Qarabağ sakinlə­rinin - red.) müdafiəsini təmin etməyə çağırır. Bütün tərəflər bu mövzuda da­nışıblar və indi bunun üçün düzgün həll yolunu tapmaq vacibdir”.

Xanım səfir bir qədər də dəqiqləş­dirmə apararaq bildirib ki, ABŞ Qara­bağ əhalisinin hüquq və təhlükəsiz­liyinin qorunmasının zəruriliyini açıq şəkildə bəyan edib. O, danışıqların bu məqsədə çatmağa gətirib çıxar­malı olduğunu deyib: “Mən şəxsən inanıram ki, insanlar öz evlərində özlərini təhlükəsiz hiss etməli və öz icmalarına cəlb olunmalıdırlar. Danı­şıqlar prosesində bu prinsiplər təmin edilməlidir”.

Əlbəttə, ABŞ səfirinin ölkəsinin po­zitiv ahəngə söykənmiş, ilk baxışdan, səmimi təsir bağışlayan və problemin həllinə səmimi təşəbbüs göstərmək yö­nümlü mövqeyinə aydınlıq gətirməsi, ayrı-ayrı detallara toxunması təqdirə­layiqdir. Hiss olunur ki, Vaşinqton Ba­kı-İrəvan tənzimləməsinin xırdalıqları­na nüfuz etmiş durumdadır. Diplomatın xüsusən yuxarıdakı sitatda diqqətə çatdırdığımız, o cümlədən, Qaraba­ğın Azərbaycanın tərkibindəki yerinin, bölgənin erməni əhalisinin təhlükəsiz­lik və hüquq təminatları ilə Bakı tərə­findən əhatə olunmasının vacibliyini önə çəkməsi müsbət məqamlardır. Ən başlıcası isə xanım səfir Ermənistanın mövcud sahədə beynəlxalq təminat iddiasından söz açmır. Bəs, “əmma” nədədir? 

ABŞ-ın Ermənistandakı səfiri problemləri aradan qaldırmaq üçün Bakı–Xankəndi dialoqundan söz açır. Halbuki, Azərbaycan məsələnin belə qoyuluşu ilə razı deyil. Ölkəmizin irəli sürdüyü formulda Qarabağ erməniləri ilə danışıqlar əsas yer tutur, Xankən­dini, yəni oradakı separatçı rejimi hər hansı şəkildə qəbul etmək gündəliyi­mizdə qətiyyən yoxdur. 

Bakı reinteqrasiya tərəfdarıdır. Yəni, Qarabağ erməniləri uzun müddət ayrı düşdükləri mərkəzi hakimiyyətə uyğunlaşmalıdırlar. Uyğunlaşmalı və bölgənin sosial çətinliklərinin həllində iştirak etməli, təşəbbüs göstərməlidir­lər. Bu prosesdə hüquq və azadlıqlar­dan faydalanma olduğu kimi, vətəndaş məsuliyyətinin dərki də var. Xanım Kuinn də dialoq məntiqini deyil, məhz bunu tərəqqi üçün düzgün yol sayma­lıdır. O, nəzərə almalıdır ki, özünün də bildirdiyi kimi, Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin qo­runmasının təmin ediləcəyi dinc gələ­cəyə yol tapmaq üçün hər iki tərəfi narahat edən məsələləri tam başa düşməyin yolu vurğuladığımız kimidir. Erməni avantürizminə, azacıq da olsa, işıq yeri göstərən təkliflərin gündəmə dürtülməsi, əsla mümkün deyil. 

Sonda ABŞ-ın Ermənistanda­kı səfirinin müsahibəsindəki maraqlı məqamlardan birinə də diqqət yetirək. Xanım Kuinn ATƏT-in artıq canını tap­şırmış olan Minsk qrupundan söz açır. Görünür, ona ünvanlanmış sualın tə­sirindəndir. Əks halda, diplomatın bir­dən-birə bu ölü qurumun adını çəkəcək qədər qeyri-korrekt olduğunu düşün­mürük. Ola bilər, diplomat bu mövzu­dakı fikirləri ilə, bir növ, “ölünün dalınca pis danışmazlar” deyimini yada salmaq istəyib. 

Xanım Kuinn bildirib ki, bəs, ATƏT-in Minsk qrupu öz işini davam etdirir. Onun sözlərinə möhkəm gülmək istə­yirdik ki, diplomatın öz cümləsinin so­nunu başa düşülməyəcək tərzdə də­yişdirdiyini görürük: “ATƏT-in Minsk qrupu öz işini davam etdirir və gələ­cəkdə bu formatda konstruktiv iş im­kanı yaranarsa, ABŞ buna müdaxilə etməyəcək”. 

Bunu, yəni səfirin sözünə düzəli­şini, müəyyən mənada, başa düşdük. Amma xanım diplomatın daha sonra dediklərindən belə çıxır ki, ATƏT-in Minsk qrupundakılar hazırda fərqli yolun yolçularıdırlar. Onun sözlərinə görə, Birləşmiş Ştatlar qurumun ko­ordinasiya qrupunda Ermənistan və Azərbaycan arasında danışıqları irəli aparmaq üçün yollar və imkanlar ax­tarır. Lakin Ukraynadakı hadisələr fo­nunda Avropa İttifaqı ilə əməkdaşlığa üstünlük verir. 

Yəqin, dəyərli oxucularımız da səfir Kuinnin bu dolaşıq fikirlərinə ürəkdən güldülər. Çünki Azərbaycan–Ermənis­tan münasibətlərinin nizamlamasında tamam başqa müstəvidə vasitəçilik həyata keçirən ölkənin rəsmi təmsilçi­sinin dilə gətirdiklərinə başqa cür reak­siya verməsi sadəcə olaraq, mümkün deyil. Nə etsin, diplomatik fəaliyyət göstərərək ölkəsini təmsil etməyin bu sayaq zoğallamaları da ola bilir.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət