Xarici diplomatlar Laçının sürətlə yüksəlişini Azərbaycanın iqtisadi qüdrətinin təsdiqi kimi dəyərləndirirlər

post-img

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin iyunun 24-də Laçın şəhərinə səfəri bir sıra əhəmiyyətli məqamlarla yadda qaldı. Belə ki, həmin gün Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gələn qonaqlara Ermənistanın bir sərhədçimizin yaralanması ilə nəticələnən son təxribatı haqqında məlumat verildi. Məlumatda silahlı təxribata qədər Xankəndidə yaşayan erməni əsilli sakinlərin sərhəd keçid məntəqəsindən heç bir maneə olmadan istifadə etdikləri, hazırda da Beynəlxalq Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradıldığı, başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi yolun bağlı olmadığı, sadəcə, Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırıldı. 

Xarici diplomatlar səfər çərçivəsində Laçında aparılan yenidənqurma və abadlıq işlərilə, şəhərin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsilə tanış oldular, ata-baba yurdlarına dönən sakinlərlə söhbət etdilər. Daha sonra diplomatik korpus nümayəndələri Laçında qurulmaqda olan Aqro Sənaye Parkında, Həkəri çayının sahilində salınan “Laçın bulvarı”da, Zabux kəndində aparılan tikinti-quruculuq layihələrinin icra vəziyyətilə maraqlandılar. 

Diplomatik korpus üzvlərinə məlumat verildi ki, Vətən müharibəsi bitən gündən işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafın gerçəkləşdirilməsi, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini və iqtisadi inkişafını hədəfə alıb. 

Bildirildi ki, Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli sərəncamı da qəsbkardan təmizlənən yaşayış sahələrinin vahid konsepsiya əsasında bərpasını təmin etməklə yanaşı, ölkənin iqtisadi potensialının genişlənməsinə də müsbət təsir göstərir. Vətən müharibəsi başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına start verilib. Qısa müddətdə Laçının Zabux və Sus kəndlərində, həmçinin Laçının şəhərində tikinti, bərpa-quruculuq layihələrinin icrasına start verilib.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə hazırda ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.  

Səfər zamanı diplomatik korpus üzvlərinin diqqətini çəkən bir məqam barədə bir qədər geniş bəhs etmək istərdik. Bununla bağlı əvvəlcə qonaqlardan biri– Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayelin  jurnalistlərə müsahibəsində dediyi sözləri xatırladırıq: 

–Biz bu gün səfirlər olaraq Azərbaycanın ən gözəl rayonlarından sayılan Laçına gəlmişik. Burada artıq tikinti-quruculuq və abadlıq işləri görülür. Biz Laçına–doğma yurdlarına qayıtmış sakinlərlə görüşdük. Rayonun həm təbiəti çox gözəldir, həm də iqtisadi potensialı böyükdür.

Bəli, səfirin vurğuladığı kimi, müşahidələrimizlə Laçın rayonunun iqtisadi potensialının nə qədər güclü olması öz təsdiqini tapdı. Bu, respublikamızda akkreditə olunmuş diplomatik korpus üzvlərinin   Laçında Aqro və Sənaye Parkında görülən işlərlə tanışlığı zamanı da özünü qabarıq büruzə verdi. 

Xatırladaq ki, Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunun artırılması üçün inşa olunan Aqro və Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Kompleks tezliklə nəinki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. 

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.

Yeri gəlmişkən, Laçın rayonunun Şəlvə kəndinin, Qorçu qəsəbəsinin də təməli qoyulub, Zabux kəndində isə bərpa-quruculuq layihələrinin icrası sürətlə aparılır.  

Onu da qeyd edək ki, dövlətimizin başçısının iştirakı ilə bir müddət əvvəl 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyası istifadəyə verilib.  

Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən “Laçın” şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

Sonda qeyd edək ki, xarici diplomatlar bütün bu genişmiqyası layihələrin qısa müddətdə reallaşdırılmasını–Laçının sürətlə yüksəlişini Azərbaycanın iqtisadi qüdrətinin təsdiqi kimi dəyərləndirirlər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti

 

Siyasət