İyunun 24-də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusları təmsil edən nümayəndə heyəti işğaldan azad olunmuş Laçın rayonuna səfər ediblər. Nümayəndə heyətinin tərkibinə 33 ölkədən və 10 təşkilatdan, ümumilikdə, 60-a yaxın diplomat və hərbi attaşe daxil edilib.
Səfər çərçivəsində diplomatlar “Laçın” sərhəd-gömrük buraxılış məntəqəsində də olublar. Buraxılış məntəqəsində yaradılmış şəraitlə tanışlıq zamanı diplomatlar yolun bağlanması barədə Ermənistan tərəfinin təxribatçı iddialarının həqiqətə uyğun olmadığına şəxsən əmin olublar. Məlumat verilib ki, iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən erməni silahlı təxribatı ilə bağlı hazırda burada istintaq tədbirləri aparılır. İnsidentin baş verməsi faktı barədə xarici diplomatlara ətraflı məlumat verilib.
Diplomatlara o da billdirilib ki, hazırda tibbi yardıma ehtiyacı olan vətəndaşların daşınması üzrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Beləliklə, “blokada” haqqında istənilən iddialar erməni tərəfinin manipulyasiyalarıdır, hansı ki, Azərbaycan tərəfindən istintaq tədbirlərinin aparılması faktından yalançı təbliğat üçün istifadə edirlər. Bununla bağlı diplomatlara ətraflı məlumat vermək üçün onlar Həkəri çayı üzərindəki körpünün qarşı tərəfinə gətiriliblər.
Diplomatik korpus üzvləri əvvəlcə Laçında Bayraq meydanı və Həkəri çayının sahilində salınan Heydər Əliyev küçəsini ziyarət ediblər.
Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olan diplomatlar 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə, ümumilikdə, 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.
Diplomatik korpus nümayəndələri, həmçinin Zabux kəndində tam sürətlə davam edən tikinti quruculuq işləri ilə də yaxından tanış olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçında qurulmaqda olan “Aqro-Sənaye” Parkına baş çəkiblər. Burada onlara sənaye parkının imkanları barədə ətraflı məlumat verilib. Aqro Sənaye Parkının Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, burada 46 şirkət fəaliyyət göstərəcək və ümumilikdə, 1200-ə yaxın laçınlı işlə təmin olunacaq.
Sonda xarici diplomatlar Zəngilanın Ağalı kəndinə baş çəkiblər.
Qeyd edək ki, səfərdə diplomatları ölkəmizin aparıcı kütləvi-informasiya vasitlərinin nümayəndələri təmsil ediblər.
(Səfər haqqında geniş yazı qəzetimizin növbəti sayında dərc olunacaq)
Vaqif BAYRAMOV, “Xalq qəzeti”