Heydər Əliyev – Süleyman Dəmirəl dostluğunun Naxçıvan dövrü

post-img

Ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvdan Vətənə dönüşündən sonra doğulub-böyüdüyü Naxçıvana qayıdışı ilə blokada və işğal təhlükəsi altında yaşayan muxtar respublikada yeni bir siyasi dövr başladı. Ulu öndərin xalq hərəkatına rəhbərlik edərək gerçəkləşdirdiyi zəruri tədbirlər bu qədim diyara nicat gətirdi. Naxçıvanlılar dünya şöhrətli siyasətçi və dövlət xadiminin dərin zəka, zəngin təcrübə və yurd sevgisinin timsalında misilsiz xilaskarlarını tapdılar. 

Ümumiyyətlə böyük siyasət ustası Heydər Əliyevin həyat və mübarizəsin­də 1990–1993-cü illərdə Naxçıvanda yaşaması və fəaliyyət göstərməsi se­çilən bir yer tutur. Çağdaş tarixçilər bu üçillik dövrü qısaca belə səciyyələndi­rirlər: Ulu öndərin Naxçıvana rəhbərliyi dövründə gerçəkləşdirdiyi qətiyyətli si­yasət bu qədim diyarı erməni işğalından xilas etdi, əhalini ehtiyac və fəlakətdən qurtardı. Elə buna görə də Heydər Əli­yev haqqında yazılan çoxsaylı məqalə və kitablarda, tədqiqat işlərində bu dövr yeni tariximizdə həlledici bir mərhələ kimi təqdim olunur.

Ulu öndər Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətində Azərbaycanın müstəqilliyini hərtərəfli dəstəkləyən qar­daş Türkiyə Cümhuriyyəti və müxtəlif səbəblərdən ölkəmizlə münasibətləri gərginləşmiş qonşu İran İslam Respub­likasının xalq diplomatiyası çevrəsin­də muxtar respublikaya dəstəyinə nail olunması önəmli bir istiqamət olmuşdu. Dünya şöhrətli siyasətçinin doğulduğu torpağa gəlişi ilə əvvəlki illərdə hər han­sı bir xarici liderin, diplomatın və mətbu­at nümayəndəsinin yolunu-səmtini belə tanımadığı Naxçıvan artıq dünya infor­masiya məkanında diqqətçəkən ünvan­lardan biri olmuşdu.

Blokada şəraitində yaşayan Nax­çıvanı problemlər məngənəsindən xi­las etmək, muxtar respublikanın həyati tələbatlarını ödəmək, hər şeydən əvvəl, nəqliyyat və kommunikasiya sisteminin qurulmasından asılı idi. Bu məsələ, bir­mənalı olaraq, qonşu Türkiyə və İran ilə işgüzar münasibətlər yaradılmasını tələb edirdi. Digər tərəfdən, istər kom­munist, istərsə də cəbhə hakimiyyəti dönəmində Azərbaycan iqtidarı muxtar respublikaya kömək etmək əvəzinə, yerli rəhbərliyə təzyiq göstərməyə çalı­şır, onun konstitusiya hüquqlarını pozan tədbirlərə əl atırdılar.

Muxtar respublikaya rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyevin qon­şularla əsasını qoyduğu xarici əlaqələr bölgəni fəlakətdən xilas edən amillərdən oldu. 1991-ci il sentyabrın 3-də ulu ön­dərin Naxçıvan Ali Məclisinin Sədri se­çilməsi qonşularla, o cümlədən, Türkiyə ilə əlaqələrin qurulmasına meydan açdı. Naxçıvanla Türkiyə arasında həmin ilin oktyabrında müvəqqəti körpü salındı və bu, qardaş ölkə ilə əlaqələrin genişlən­məsində önəmli rol oynadı. 

Müvəqqəti körpü istifadəyə veril­dikdən sonra Türkiyə hökumət nü­mayəndələrinin, iş adamlarının, qonşu vilayətlərin nümayəndələrinin Naxçıva­na səfərlərinin sayı çoxalmış, muxtar respublikaya edilən ərzaq və digər yar­dımların həcmində artımlar olmuşdu. 1991-ci ilin 9 noyabırında Türkiyə “Qı­zıl Ay”ının xətti ilə Naxçıvana bu körpü vasitəsi ilə 126 ton ərzaq gətirilmışdi. Noyabrın sonunda İqdır şəhərinin əha­lisinin və valiliyinin təşkil etdiyi 19 yük maşınından ibarət humanitar yardım muxtar respublikaya bu körpü vasitəsi ilə çatdırılmışdı. Təbii ki, tam blokadaya alınmış Naxçıvanın iqtisadi həyatında bunların nə qədər ciddi bir önəm daşıdı­ğını görməmək mümkün deyil.

Naxçıvan–Türkiyə əlaqələrinin inki­şafında digər təkanverici amil Heydər Əliyevin Türkiyənin o dövrkü baş naziri Süleyman Dəmirəl ilə çox sıx əlaqələ­rinin və dostluq münasibətlərinin olma­sındadır. O dövrdə Türkiyə ilə münasi­bətlərdən danışanda ilk olaraq Heydər Əliyevin Naxçıvanda Türkiyə lideri Sü­leyman Dəmirəllə yaratdığı sıx əlaqə yada düşür. Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmrəlin blokada şəraitində yaşayan Naxçıvana göstərdi­yi diqqət Azərbaycan–Türkiyə münasi­bətlərinin önəmli səhifələrindəndir. 

“Naxçıvan türk-islam dünyasına bir qapıdır” söyləyən Naxçıvan Ali Məcli­sinin o zamankı Sədri Heydər Əliyevin Türkiyə Respublikasına ilk rəsmi səfəri 1992-ci ilin martında həyata keçirilmiş­dir. Onda Heydər Əliyevin qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Türkiyə Pre­zidenti Turqut Özal, baş nazir Süleyman Dəmirəllə keçirilən görüşlərin böyük siyasi əhəmiyyəti var idi. Görüşlərdə unudulmaqda olan Qars müqaviləsini yenidən gündəmə gətirilmiş, müzakirə edilən əsas məsələ Ermənistanın Azər­baycana təcavüzü və Naxçıvanın düş­düyü ağır vəziyyət olmuşdu. 

Nəticədə, Türkiyənin Baş naziri ilə Naxçıvan Ali Məclisinin Sədri arasın­da birgə protokol imzalanaraq, bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdi­rilməsi nəzərdə tutulmuşdu. Bu sənəd­də muxtar respublikaya maliyyə, iqtisa­di, texniki dəstək verilməsi, Naxçıvana zəruri ehtiyaclarının ödənilməsi üçün 100 milyon ABŞ dolları həcmində kredi­tin ayrılması, tərəflər arasında enerji la­yihələrinin qurulması, nəqliyyat struktu­runun yaradılması nəzərdə tutulmuşdu. Eyni zamanda, bank işi, turizm və in­formasiya mübadiləsi sahəsində əmək­daşlığın qurulması, 100 nəfər tələbənin Türkiyəyə təhsil almağa göndərilməsi də protokolda əksini tapmışdı.

Ulu öndərin Naxçıvan üçün gördü­yü böyük işlərdən danışan Süleyman Dəmirəl demişdi: “Biz görürük ki, Nax­çıvanda sabitlik var. Hörmətli Heydər Əliyev bu sabitliyi yaradandır, onun sa­hibidir. Naxçıvan bu sabitliyə görə ona borcludur. Naxçıvan xalqı hörmətli Hey­dər Əliyevi baş tacı etmişdir. Şəxsən mən bunu təqdirəlayiq böyük bir iş kimi qiymətləndirirəm”.

Azərbaycanın, o cümlədən Naxçıva­nın ağır günündə Türkiyənin dəstəyini yüksək qiymətləndirən Heydər Əliyev ağır blokada şəraitində olan muxtar res­publikanın xilası məsələsində Türkiyə ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verirdi. Hətta Türkiyəyə səfərin­də bu əlaqələrin genişlənməsini daha böyük siyasi mənada dəyərləndirərək bildirmişdi: “Azərbaycan türk diyarıdır, azərbaycanlılar türklərdir. İndi 100 ildən sonra türklərin qalxması üçün, türklərin bir-birinə yaxınlaşması üçün, türklərin birləşməsi üçün böyük bir fürsət yara­nıb. Bu fürsətdən hər bir türk respubli­kası yaxşı istifadə etməlidir”. 

1992-ci ilin 28 mayında Türkiyə və Naxçıvan arasında Sədərək–Dilucu körpüsünün açılması muxtar respubli­kanın həyatında yeni böyük bir hadisə olmaqla yanaşı, iqtisadi blokadanın ya­rılmasında mühüm addım oldu. Hec də təsadüfi deyil ki, körpünün rəsmi açılış mərasimində Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəlin başçılı­ğı ilə 150-dən artıq nazirlərdən, yüksək çinli məmurlardan və ziyalılardan ibarət nümayəndə heyəti iştirak etmişdi. Bu körpü iki qardaş xalqın uzun illər qovuş­maq arzusunu yerinə yetirdiyindən xalq arasında “Ümid körpüsü”, “Həsrət kör­püsü” adlandırılmışdı. 

Heydər Əliyev körpünün açılış mə­rasimində həm bir siyasətçi, həm də xalqın blokada şəraitində yaşanan il­lərdəki əzablı həyatına şahidlik edən bir insan kimi demişdi: “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü böyük həsrətlə gözləmişik. İndi isə bizim bu ar­zularımız, bizim bu diləklərimiz həyata keçibdir”.

Türk dünyasının coğrafi bütünlüyü­nü təmin edən körpü Süleyman Dəmirəl böyük uzaqgörənliklə belə qiymətlən­dirmişdi: “Bu körpü, sadəcə, Türkiyə ilə Azərbaycanı deyil, dünyanı, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropay­la Qafqazları bir-birinə bağlayacaq­dır”. Muxtar respublikanın Ali Məclisi Rəyasət Heyətinin iclasında körpünün açılışı tarixi hadisə kimi dəyərləndiril­miş, Sədərək–Dilicu körpüsü Türkiyə Respublikası və Naxçıvan MR arasında rəsmi keçid qapısı elan edilmişdi. İndi Zəngəzur dəhlizinin gündəmə gəlməsi ilə bu hadisələrin nə qədər böyük bir tarixi əhəmiyyətinin olması yenidən təs­diqini tapır.

Bu gün də Türkiyə–Azərbaycan, Naxçıvan əlaqələrinin səviyyəsi, türk dünyasının birlik və bütövlük ideyala­rının gerçəkləşdirilməsi istiqamətində görülən işlərdən danışanlar Sədərək–Dilucu körpüsünün əhəmiyyətinə xüsu­si önəm verirlər. Çünki bu körpü Azər­baycan–Türkiyə əlaqələrinin hərtərəfli inkişafında olduqca mühüm hadisə ol­muşdu. Bundan sonra da Türkiyə–Azər­baycan əlaqələrində, türk dünyasının birlik və həmrəyliyində Naxçıvanın xü­susi yerinin olması ən yeni tariximizin önəmli gerçəklərindəndir. 

2008-ci ildə Türkiyə baş nazirinin, 2009-cu ildə isə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana səfəri, 2010-cu ilin oktyabr ayında Azərbaycan–Türkiyə biznes fo­rumunun Naxçıvanda keçirilməsi qar­daş ölkənin Azərbaycanın bu qədim di­yarına verdiyi önəmin ifadəsidir.

Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə Türkiyə ilə əlaqələrin qu­rulmasında və inkişafında iki böyük şəx­siyyətin – Süleyman Dəmirəl və Heydər Əliyev münasibətlərinin dostluq və qar­daşlıq səviyyəsində olması da mühüm rol oynamışdır. Uzun illərdir ki, Heydər Əliyevin çox şirin bir tərzdə dediyi “Dos­tum, qardaşım Süleyman Dəmirəl” mü­raciəti hər iki ölkədə adamların dilində əzbər olmaqla, həm də sevgi və güvənc duyğusu kimi səslənir. Heç şübhəsiz ki, 1992-ci ilin mayında Ermənistanın təca­vüzü ilə əlaqədar ciddi narahatlıq hiss­ləri keçirən Türkiyə rəhbərliyinin təca­vüzün dayandırılmasına verdiyi dəstək həm də bu şəxsi münasibətlərdən də qaynaqlanırdı. 

Yaxın keçmişimizin unudulmayan 1992-ci ilin may ayı Azərbaycanın, elə­cə də Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü əhatə edir­di. Bakıda siyasi qüvvələr arasında ha­kimiyyət davası qızışdığından və siyasi oyunlarının qurbanı olan Qarabağın yenə də yaddan çıxarılması ermənilə­rin təcavüzkar hərbi fəallığını artırmış, ölkəmizə qarşı hücumlarını genişləndir­mişdi. Şuşa və Laçının işğalından sonra Dağlıq Qarabağın işğalını başa çatdıran məkrli düşmən yaranmış şəraitdən isti­fadə edərək Naxçıvana qarşı hərbi təca­vüzlərini xeyli gücləndirmişdi. 

Ulu öndər Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində onların məkrli planlarının qarşısı alın­mışdı: mayın 18-də Muxtar Respubli­ka Ali Məclisinin Sədri Heydər Əliyev Ermənistanın Naxçıvana təcavüzünün dayandırılması üçün Türkiyədən kömək göstərilməsini xahiş etmişdi. Qardaş Türkiyə dövləti bu dəfə siyasi və hərbi mövqeyini birmənalı açıqlmışdı və elə həmin gecə Türkiyə hökuməti xüsusi bəyanatla çıxış etmiş, Qars müqavilə­sinin şərtlərini əsas götürərək Naxçıvan muxtariyyətinin qarantı olmaq haqqında öhdəliyini bütün dünyaya elan etmişdi. 

O günlərdə Naxçıvanın Sədərək rayonuna ermənilərin böyük qüvvə ilə hücumu ilə əlaqədar Türkiyə hökumə­ti xüsusi bəyanat vermiş, əks hücum edəcəyini bildirməklə, həm də 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan MR-nın muxtariyyətinin qa­rantı olduğunu dünyaya bəyan etmişdi. Məhz bu tarixi bəyanatın dünyada yayı­lan əks-sədasının nəticəsi idi ki, dünya­nın 57 dövləti Ermənistanın təcavüzkar hərəkətlərini pisləmişdi.

Göründüyü kimi, Azərbaycan–Tür­kiyə münasibətlərinin daha dərinə gedən kökləri xeyli dərəcədə Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü ilə bağlıdır. O dövrün mətbuat orqanlarını, eləcə də tarixi sənədləri vərəqlədikcə bir daha aydın olur ki, Heydər Əliyev və Sü­leyman Dəmirəl dostluğu xalqlarımızın yeni şəraitdə dostluq və birliyinin rəmzi olmuşdur. İki böyük siyasətçinin və iki böyük türkün yeni nəsillərə örnək olan bu dostluğu Naxçıvan–Türkiyə müna­sibətlərinin, eləcə də Azərbaycan–Tür­kiyə münasibətlərinin inkişafına ciddi təkan vermiş, eyni zamanda böyük türk dünyasının problemlərinin həllində xüsusi önəm daşımışdır. 

 

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”

Siyasət