Vaşinqtonda yerləşən “Gallup İnternational Association” Amerika analitik və məsləhət şirkəti bu yaxınlarda (mayın 27-dən 31-dək) Ermənistanda sosioloji sorğu keçirib. İyunun 9-da nəticələri açıqlanmış sorğu nəticəsində müəyyənləşdirilib ki, Ermənistan vətəndaşlarının, təxminən, 82 faizi baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatını mənfi qiymətləndirir. 86 faizi isə Qarabağdakı ermənilərinin gələcəyini Azərbaycan daxilində təsəvvür etmir.
Təşkilatın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, sorğuda iştirak edənlərin yalnız 3,8 faizi Paşinyanın sözügedən bəyanatını tam müsbət qiymətləndirib. Respondentlərin 5,4 faizi bu bəyanatı kifayət qədər müsbət, 18,5 faizi kifayət qədər mənfi qiymətləndirib, 8,9 faizi cavab verməkdə çətinlik çəkib. Rəyi soruşulanların 63,4 faizi bəyanatın qəti əleyhinə çıxıb. A.Navasardyan qeyd edib ki, sorğu telefon vasitəsilə 1100 vətəndaş arasında keçirilib.
Aşotyan: Ermənistanda dərin böhran mövcuddur
Rəy sorğusunun nəticələri Hayastanda qızğın müzakirələrə yol açıb. Müxalifət ondan Paşinyan əleyhinə istifadə etməyə başlayıb. Qarabağ klanına bağlı olan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz “Telegram” kanalında sorğunun nəticələrinə münasibət bildirib. O qeyd edib ki, nəticələr laboratoriya diaqnozu kimi, Ermənistanda müxtəlif sahələrdə, xüsusən də siyasi sahədə dərin böhranın mövcudluğunu bir daha sübut edir: “Ermənistan əhalisinin təxminən 82 faizinin Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi kimi tanınması ilə bağlı bəyanatını rədd etməsi dövlətin təbliğat maşınının böyük səylərinə baxmayaraq, Nikolun qeyri-legitimliyinin növbəti sübutudur. Respondentlərin 86 faizi “Artsax” ermənilərinin Azərbaycan daxilində gələcəyini təsəvvür etmir, bu da erməni xalqının problemin həllinin Paşinyan variantını rədd etdiyinə sübutdur”.
Qeyd edək ki, sorğu, həmçinin Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasından gözləntilərin kəskin şəkildə aşağı düşdüyünü göstərib. Əgər yanvar ayında respondentlərin 68 faizdən çoxunun missiyadan müsbət gözləntiləri olmuşdusa, ötən 4 ayda bu baxışı bölüşənlərin sayı 44 faizə qədər azalıb. Aşotyan bununla bağlı deyib ki, belə kəskin azalma Aİ missiyasının effektivliyinə dair sübutların olmaması, yüksək vəzifəli məmurların açıqlamalarında və qiymətləndirmələrində görünən açıq-aşkar siyasiləşmə və Ermənistanın təhlükəsizliyinin təmin edilməsində effektiv nəticələrin yoxluğu ilə bağlıdır.
Respondentlərin təxminən 90 faizi hesab edir ki, hakimiyyət Türkiyənin təzyiqinə (?) məhəl qoymamalı, eyni zamanda “Nemeziada” əməliyyatının iştirakçılarının abidəsinə hörmətlə yanaşmalıdır: “Nikol Paşinyanın bu abidəni mənfi qiymətləndirməsinə baxmayaraq, sorğuda belə bir nəticə əldə olunub”.
Sorğu həmçinin sübut edir ki, Ermənistan cəmiyyəti 2018-ci il “inqilabından” dərin məyusdur. Əgər həmin ildə respondentlərin 91 faizi “inqilabda” iştirakçı olduğunu bəyan etmişdisə, indi bunu dilə gətirənlərin sayı 34,7 faizə qədər azalıb.
“Məxməri inqilab” insanların ümidlərini nə dərəcədə doğrultdu?” sualına cavab olaraq 2018-ci ilin sentyabrında respondentlərin 78 faizi artıq gözləntilərin doğrulduğuna inanırdısa, indi yalnız 25 faz “gözləntilər doğruldu” ifadəsini işlədib.
Sorğu N.Paşinyanın iş tərzinin qiymətləndirilməsi ilə yekunlaşır. Əgər 2018-ci ilin sentyabrında respondentlərin 91,5 faizdən çoxu Paşinyan haqqında müsbət fikir bildiribsə, hazırda bu rəqəm 18,8-dir.
Sülh əleyhinə imzatoplama
Bu arada iyunun 9-dan etibarən Ermənistanda Qarabağla bağlı referendum keçirilməsi tələbi ilə ictimai təşəbbüs irəli sürülüb və artıq imzatoplama başlayıb. “Azad Artsax –referendum” qanunvericilik təşəbbüsünün üzvləri Ermənistan Respublikası adından Qarabağın “öz müqəddəratını təyinetmə hüququ”ndan imtinaya cəhd edən istənilən hökumətin Ermənistanın konstitusiya quruluşuna qarşı çıxdığını vurğulayıblar. Təşəbbüsün müəllifləri Qarabağdan imtinanın kriminallaşdırılması prosesini başlatdıqlarını və vətəndaşların dəstəyinə ehtiyac duyduqlarını bildiriblər. Başqa sözlə desək, “Hayakve” qanunvericilik təşəbbüsü Ermənistan Respublikası adından Qarabağın başqa dövlətin bir hissəsi kimi tanınmasına (?) yönəlmiş istənilən hərəkəti cinayət saymağı təklif edir.
“Hayakve” sadəcə imza toplanması deyil, Ermənistan konstitusiyasına görə xalq öz hakimiyyətini referendum yolu ilə həyata keçirmək hüququna malikdir”. Bunu konstitusiya hüququ üzrə mütəxəssis Aram Orbelyan iyunun 11-də vətəndaşlarla görüşü zamanı qanunvericilik təşəbbüsünün təfərrüatlarını təqdim edərkən bildirib. O qeyd edib ki, Ermənistan konstitusiyasında səsvermə hüququna malik ən azı əlli min vətəndaşın vətəndaş təşəbbüsü kimi parlamentə qanun layihəsi təklif etmək hüququ təsbit olunub.
“Söhbət qanunvericilik prosesinin öhdəlik hissəsi kimi vətəndaş təşəbbüsündən gedir. Yəni, 50 min imza toplanması təsdiqlənən kimi o, rəsmi qanun layihəsinə çevriləcək”, – deyən Aram Orbelyan əlavə edib ki, Ermənistan vətəndaşları Hayastan tarixində ilk dəfə qanun layihəsinin müəllifi olacaqlar.
“Prosesdə bütün arzu edənlər iştirak edə bilər: biz heç kimə deyə bilmərik ki, bu təşəbbüsü dəstəkləməyin və ya bu barədə danışmayın. Vətəndaş təşəbbüsü olmaqla, o, tamamilə əhatəlidir və hər hansı bir qrupa aid olmaqla məhdudlaşmır. Bu, Ermənistan vətəndaşlarının hakimiyyətini həyata keçirmək üçün bir vasitədir”, – Aram Orbelyan bildirib.
Qeyd olunub ki, təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasına müraciət etdikdən sonrakı 10 gün ərzində prosesə start verilir. Qanunda imzaların yerində və ya elektron formada qoyulması müəyyən edilib.
Təşəbbüsün uğursuz olacağını özləri də dərk edirlər
“Azad Artsax – referendum” qanunvericilik təşəbbüsünün üzvləri dünən MSK-ya imzalanmış və notarial qaydada təsdiq edilmiş sənədlər paketini təqdim ediblər. “Mərkəzi Seçki Komissiyası 10 gün ərzində müsbət cavab versə, təxminən 10 gün sonra imzaların toplanmasına başlanacaq”, – deyə təşəbbüs qrupunun üzvü Avetik Çələbyan jurnalistlərə müsahibəsində bildirib.
“Bu proses Ermənistanın hazırkı hakimiyyətinin apardığı danışıqların məntiqini dəyişə bilərmi?” sualına Çələbyan belə cavab verib: “Düşünmürük ki, hər hansı əlahiddə hərəkət tariximizin gedişatını dəyişdirə bilər. Əminik ki, həm hərbi, siyasi sahədə, həm də vətəndaş itaətsizliyi sferasında kompleks tədbirlərə ehtiyac var. Bütün bunlara birlikdə baxılmalıdır. Bu gün MSK-ya bəyanat təqdim edərək, biz heç bir halda inanmırıq ki, bu, erməni xalqının “Artsax”ın düşmənə təslim olmasının qarşısını ala biləcəyi yeganə hərəkətidir. Amma bu, əsas tədbirlərdən biridir”.
O qeyd edib ki, bu, Ermənistanda heç vaxt istifadə olunmayan birbaşa demokratiya nümunəsidir. “Biz əhalimizə, hakimiyyətə və onların xarici sponsorlarına sübut etmək istəyirik ki, Ermənistan xalqı mövcud siyasəti dəstəkləmir”, – Çələbyan bildirib.
Göründüyü kimi, Qarabağın erməni azlığın yaşadığı hissəsində Azərbaycanın dövlət suverenliyinin tam bərqərar olmasının qarşısını almaq üçün Ermənistanda müxtəlif oyunlardan çıxırlar. Ancaq onların istəkləri elə oyun olaraq da qalacaq. Xüsusilə aprelin 23-də Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra proseslər elə inkişaf mərhələsinə gəlib çatıb ki, artıq onun istiqamətini dəyişdirmək mümkün deyil. Bu istiqaməti dəyişmək tarixin axarını dəyişdirmək demək olardı. Ermənistanda Qarabağın öz əzəli, hüquqi sahibinə qayıtmasını qəbul etməli və revanşist iddialardan əl çəkərək 29,8 min kvadrat kilometrdə rahat yaşaya bilmək haqqında düşünməlidirlər.
İlyas HÜSEYNOV,
politoloq
– Ermənistanda vətəndaş təşəbbüsü ilə bağlı çıxışlar və guya demokratiyanın olmasına dair proseslər 2018-ci ildən sonra daim müşahidə edilir. Son vaxtlar sülh müqaviləsinə əks qüvvələrin fəaliyyətini görürük. Ermənistanla Azərbaycan sazişin imzalanmasının astanasında olsalar da, sülhə təhdidlər nəzərə çarpır. Müxtəlif mərkəzlər revanşizmi gücləndirmək, silah tədarükü həyata keçirmək yolu ilə siyasi xallar toplayırlar.
“Hayakve” təşəbbüsü ilə bağlı prosedurların özü göstərir ki, sülhə qarşı kənardan müdaxilələr var. Ancaq bu təşəbbüslərin uğur qazanacağını düşünmürəm. Çünki Ermənistan ötən 30 il ərzində qondarma rejimi tanımadı. Yalnız bir subyekt kimi danışıqlar prosesində iştirakına nail olmağa çalışırdı. Bütün bu xəyallar puç oldu getdi. Miflərə inanırlar, amma indi status, müstəqillik haqda fikirlər də yersizdir.
Burada Rusiya faktoru önəmlidir. Sanki bu gün separatçıların və Ermənistanın yox, Rusiyanın vəziyyətə nəzarət etməsi ilə bağlı İrəvanda təəssüratlar güclənməkdədir. Ancaq bu fondakı təşəbbüslər uğursuzluğa məhkumdur. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri regionda yeni reallıqlar yaradıb. Hayların hansısa təşəbbüsü onu dəyişmək gücünə malik deyil.
Səxavət HƏMİD, “Xalq qəzeti”


