Dehlinin axına qarşı üzməsinin səbəbləri

post-img

Xeyirin Şərə qalib gəldiyi hind filmlərinə baxdığımız, qutusu fil şəkilli, dadlı və keyfiyyətli Seylon çayından içdiyimiz dövr SSRİ-nin süqutu ilə eyni vaxtda başa çatdı. Ardınca dünyada yeni münasibətlər sisteminin gətirdiyi fərqli düzən və qlobal güclərin mövqe və maraqlarında korrektələr mərhələsi başladı. Postsovet məkanı geosiyasi və hərbi-iqtisadi baxımdan ən cəlbedici coğrafiyaya çevrildi. Qarabağ münaqişəsi sözügedən yeni mərhələnin əsas start nöqtəsi oldu, – desək, yəqin səhvə yol vermiş olmarıq. Beləliklə, keçmiş “böyük güclərin” SSRİ məkanına axınına şahidlik etdik. Sovet xalqı üçün ədalət və keyfiyyət kateqoriyalarının sinonimi sayılan Hindistan uzun müddət bu marafondan kənarda qaldı. Fəqət son iki-üç ildə Dehli də Cənubi Qafqaza, belə demək mümkünsə, qayıtmağa çalışır. 

Qətiyyətlə söyləyə bilərik ki, bu qayı­dış kino, incəsənət, mədəniyyət niyyəti daşımır. Yəni düşüncələrimizdəki təsəv­vürlərdən uzaqdır.

Hindistanın Cənubi Qafqazda özünə tərəfdaş olaraq kimləri seçdikləri də mə­lumdur: Rusiya və Fransa. Bölgəmizdə aparıcı “oyunçular” sayılan bu iki dövlətlə əməkdaşlığı şübhə doğurmayan rəsmi Dehli üçün Ermənistanın sadəcə vasitə olduğunu söyləmək mümkündür. Özü­nün hərbi-sənaye kompleksini inkişaf etdirməyi hədəfləyən Hindistan İrəvanı silahını satdığı yeni bazar kimi görür. İlk baxışda elə görünə bilər ki, ölkənin Cənubi Qafqaz siyasətinin mərkəzində Ermənistanla hərbi-texniki əməkdaşlı­ğı dayanır. Düzdür, bu müstəvidə Dehli və İrəvan arasında əlaqələr xüsusilə 44 günlük müharibədən sonra yüksələn xətt üzrə inkişaf etməkdədir. Amma bu, ays­berqin yalnız görünən tərəfidir.

Boşluqdan yararlanmaq cəhdi

Məhz 44 günlük müharibə, Rusiyanın Ukraynada başladığı xüsusi hərbi əmə­liyyatlar Cənubi Qafqazda müəyyən mə­nada potensial “güc boşluğunun” əmələ gəlməsi Hindistana da fürsətlər yaratmış oldu. Qlobal oyunçuların arasında yer al­mayan, orta çaplı aktor sayılan bu ölkə­nin fürsəti dəyərləndirməsi həm siyasi marafonda geosiyasi rəqibləri ilə ayaq­laşmaq, həm də gəlirli layihələrdə iştirak etmək baxımından vacibdir. Bəli, Dehli­nin bölgədə strateji maraqları var.

Zəfərimizlə başa çatmış müharibədə, ümumiyyətlə, Qarabağ münaqişəsində Türkiyə və Pakistanın daim Azərbaycana dəstək vermələri, Ermənistanın nəhəng logistika və infrastruktur layihələrindən kənarda qalması kimi faktlar Hindistanı Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi rolunu gücləndirməyə sövq edirdi. Ermə­nistanla münasibətləri inkişaf etdirmək bunun üçün lazımdır. Bu iki ölkə arasında hərbi-texniki əməkdaşlıq hələ 44 günlük müharibədən əvvəl, 2020-ci ildə 4 ədəd “Svati” radar sisteminin İrəvana satışı ilə bağlı sazişlə başlayıb. Ardınca rəsmilərin görüşləri intensivləşdi, 2021-ci ildə Hin­distanın Xarici İşlər naziri Subrahman­yam Cayşankar Ermənistana səfər etdi, ölkələrarası diplomatik təmaslar yeni mərhələyə qədəm qoydu. 2022-ci ildə isə İrəvan və Dehli arasında 250 milyon dol­larlıq silah müqaviləsi imzalandı. Həmin müqavilə Hindistan tərəfindən istehsal edilən “Pinaka” reaktiv yaylım atəş sis­temi, tank əleyhinə raketlər və müxtəlif tipli kiçik ölçülü sursatların Ermənistana satılmasını nəzərdə tutur. Bundan sonra isə qarşılıqlı hərbi-texniki tərəfdaşlığın daha da dərinləşdirilməsi, Ermənistan or­dusunun arsenalının modernləşdirilməsi, hərbçilərin təlimi prosesində Hindistanın daha aktiv işitrak edəcəyi planlaşdırılır. Yəni, Dehli üçün İrəvanla yaxın təmasla­ra bölgədə yaranan və yaranacaq trans­milli layihələrə qoşulmaq üçün tramplin rolunu oynadığı aşkar sezilir. Ondan ötrü Ermənistanla silah ticarətinin özü də deyilən məqsədə çatmağın bir yoludur. Amma Hindistan rəhbərliyinin dediyimiz strateji məqsədinə çatmaq üçün seçdi­yi yol nə dərəcədə məqbul sayıla bilər? Dehli nəyə görə Fransanın Ermənistanı silahlanmdırmaq səylərində tərəfdaşa çevrilib? Axı niyə bu xarakterli əməkdaş­lıq Bakı və İrəvan arasında sülhə və qar­şılıqlı normal münasibətlərə nail olmaq üçün dialoqun intensivləşdirməsi ilə pa­ralel aparılır? Burada hansısa diplomatik ziddiyyət nəzərə çarpmırmı? Parisi başa düşdük, bəs Dehlinin hərəkətlərini nə ilə izah etmək olar? 

Bu suallara Caliber.Az saytına mü­sahibəsində ukraynalı hərbi ekspert, “İnformasiya müqaviməti” qrupunun ko­ordinatoru Konstantin Maşoves aydınlıq gətirməyə çalışır. Onun fikrincə, hazırda Dehlinin Cənubi Qafqazda iki marağı var – kommersiya və hərbi-siyasi. Bu prizmadan yanaşanda Hindistanın dip­lomatik məntiqini anlamağın mümkünlü­yünü deyən ekspert belə siyasi taktikanı uzaq perspektiv üçün xarisi siyasətdə buraxılan ciddi səhv hesab edir: “Bölgə­də özünün geosiyasi rolunu artıqmaqdan ötrü orada təmsil olunan bütün güclərin arasından yalnız birini seçmək doğru deyil. Planetin hər hansı potensial mü­naqişə regionunda maraqlı tərəflərin hamısına hərbi-texniki yardım göstərən üçüncü tərəfin səviyyə və dərəcəsinə diqqət yetirin. Məgər o, seçmə üsulu ilə tərəflərdən yalnız birinə kömək edə bilər­mi? Bu, beynəlxalq diplomatiya ilə bir araya sığmayan məsələdir”. 

Ölkəsində erməni diasporun rolunu nəzərə alan Parisin Cənubi Qafqazda se­çimini başa düşmək olar. Onun hətta kol­lektiv Qərbdəki həmkarlarının iradəsinə zidd çıxış etməsi də təəccüblü deyil. Bu konteksdə yanaşanda Dehlinin də bölgə siyasətində strateji müttəfiqi Moskva qar­şısında müəyyən öhdəlik götürdüyünü ehtimal etmək mümkündür. Bəli, Rusiya Hindistanın Cənubi Qafqazda güclənmə­sindən narahat olmayacaq. 

Əməkdaşlıq zəncirinin İran halqası

Bəli, yuxarıda deyilənləri nəzərə al­dıqda Dehlinin yaxın gələcəkdə Cənubi Qafqazda daha aktiv rol oynamağa baş vuracağını ehtimal etmək mümkündür. Hindistan Türkiyə–Pakistan münasibət­lərdən, xüsusən də iki ölkənin Qarabağ məsələsində olduğu kimi, Kəşmir düyü­nündə də bir mövqedən çıxış etməsin­dən narahatdır. İndi o, Ermənistanı siya­si, iqtisadi, hərbi cəhətdən dəstəkləyən Rusiya və Fransaya Qafqaz üzərindən yeni körpülər salmağa çalışır. Hindis­tan mediasının Azərbaycan–Ermənistan münaqişəsinə yanaşması rəsmi dairələ­rin ölkəmizə qarşı mənfi münasibətinin göstəricisidir. Buna misal olaraq nüfuzlu “Economic Times” jurnalında ekspert Pranab Dal Samantanın qələmə aldığı məqaləni göstərmək olar. Müəllif Rusi­yanın zəifləməsindən istifadə edən Tür­kiyə–Azərbaycan–Pakistan alyansı tərə­findən Ermənistanın sıxışdırılmasının Hindistan üçün qəbuledilməz olduğunu və bu “üçlüyün” qarşısı alınmazsa, onun cənuba irəliləyərək Kəşmir məsələsində Dehliyə qarşı birləşəcəyini yazır. 

Hindistan–Ermənistan münasibətlər zəncirində İran halqasının əhəmiyyətli rol oynadığını da unutmaq olmaz. Fakt ondan ibarətdir ki, Tehran Dehli və İrə­van arasında coğrafi bağlılığı təmin edir və bu iki ölkənin ticarət yolları da məhz İran ərazisindən keçir. Ermənistan və Hindistanla yaxın əlaqələrə malik İranın hakim dairələrinin, o cümlədən, təhlükə­sizlik orqanlarının bu prosesdə hansısa formada iştirakını təxmin etmək elə də çətin deyil. İntəhası, Türkiyə–Azərbay­can–Pakistan sarsılmaz alyansı qarşı­sında Ermənistan–İran–Hindistan ittifaqı­nın formalaşması ehtimalını nəzərdən qaçırmamalıyıq. Hər halda, rəsmi Bakı bu kimi məqamları nəzərə alır və zəruri tədbirlər görür. 

 

Yeganə HACIYEVA,
politoloq

– Hindistan yeni ictimai-si­yasi düzəndə, qlobal informasi­ya cəbhəsində mövqelərini xeyli gücləndirib. Siyasi, iqtisad, mə­dəni proseslərdə artıq Hindistan elementi var. Düzdür, onun bey­nəlxalq miqyasda, siyasi are­nada böyük uğurlar qazanması mümkün deyil. Ona görə ki, birinci növbədə, Hindistandakı mövcud idarəetmə üsulu müasir tələblərə cavab vermir. Sadəcə texnoloji menecmentlik nöqteyi-nəzərdən hindlilər dünyanın aparıcı şirkətlə­rində, sosial şəbəkəyə bağlı xid­mətlərdə önəmli rola malikdirlər. Amma bütün bunlara baxmaya­raq, Dehlinin böyük siyasi səhnə­də söz sahibi olmaq şansı yoxdur. 

Əslində Hindistan hazırda nüfuz etməyə çalışdığı Cənubi Qafqazın hər üç ölkəsindən az inkişaf etmiş bir dövlətdir. Əgər XXI əsrdə insanın küçədə ölüb qalması normal qəbul olunursa, bu cəmiyyətdə hansı həyat sə­viyyəsindən danışa bilərik? Orta ömür yaşı 40-45 arasındadırsa, ölkə əhalisinin cəmi 15 faizi ali təhsil alıbsa, ümumiyyətlə, təh­silə yiyələnənlərin əhalinin ümumi sayına nisbəti 20 faizdirsə, onun qlobal gücə çevrilməsindən da­nışmaq çox tezdir. 

Çinlə Amerika arasındakı qlobal konfrantasiyadan heç nə qazanmayacağını anlayan Dehli bölgədə özünün ənənəvi, milli və tarixi bənzəri olan Ermənistanı seçib. Əsas məqsəd isə transmilli nəqliyyat dəhlizlərindən istifadə etməkdir. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət