Türkiyə Prezidentinin andiçmədən sonra Bakıya ilk səfəri

post-img

Biz “Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar bizim canımızdır.

Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Cümhuriyyətinin Prezidenti

 

Azəri türklərinin qardaş ölkədən aylardan bəri maraq, həvəs və həyəcanla gözlədiyi prezident seçkiləri artıq geridə qaldı. Xalqımız məhz həmin şövqlə cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini gözləyirdi. Dünən isə artıq həmin səfər də reallaşdı. Xatırladaq ki, son otuz ildə Türkiyə prezidentləri andiçmədən sonra ilk olaraq Bakıya səfər edirlər, Azərbaycan prezidentləri isə Ankaraya. Daha maraqlı və ənənə şəklini almış başqa bir fakt da var ki, Türkiyə prezidentləri Bakıdan əvvəl Şimali Kipr Türk Cümhuriyyətinə baş çəkirlər. 

Bəri başdan qeyd edək ki, rəsmi An­kara Anadolu türklərinin “yavru Vətən” adlandırdığı Şimali Kipr Türk Cümuriyyəti də daxil olmaqla, bütün türkdilli ölkələrlə sıx və bərabərhüquqlu dostluq, tərəfdaş­lıq, müttəfiqlik münasibətlərinə malikdir. Üstəlik, Ankaranın hamı ilə özünəməx­sus hərbi-texniki əməkdaşlıq prinsipləri də mövcuddur ki, bu münasibətlərin də mükəmməl hüquqi bazası var. Yəni, Tür­kiyə dövlətinin türk dünyasında kiminləsə nisbətən az, kiminləsə daha çox siyasi-iq­tisadi əməkdaşlıq etmək istəyi olmayıb və indi də yoxdur. 

Ancaq faktı daha səmimi şəkildə ifa­də etsək, deməliyik ki, rəsmi Ankara Bakı ilə münasibətlərə xüsusi önəm verir. Bu isə ilk növbədə, ekspertlərin fikrincə, Azərbaycanın yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Belə ki, ölkəmizin geosiya­si imkanları Türkiyənin həm Orta Asiya ölkələri ilə əməkdaşlığının təmin olunma­sına kömək edir, həm də bəzi beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin icrası Azərbaycansız mümkün deyil. Bundan başqa, bir çox tarixi-mənəvi dəyərlər də vardır ki, onları da həm Bakıda, həm də Ankarada hamı daim uca tutur. 

... Qardaş ölkədə keçirilmiş rəsmi dövlət tədbirlərindən birində Prezident İlham Əliyevin və Azərbaycan nümayən­də heyətinin olduqca möhtəşəm şəkil­də qarşılanması və həmin münasibətin hamı tərəfindən alqışlanması barədə hazırladığım qəzet materialında belə bir cümlə var idi: “Ankarada Bakının öz yeri var”. Yazı qəzetdə və təbii ki, həm də elektron saytımızda veriləndən sonra istanbullu həmkarımız Əli Ağbulud sosial şəbəkə vasitəsiylə soruşdu ki, bəs Bakı­da Ankaranın məxsusi yeri olduğunu nə üçün yazmırsınız? Nə üçün İlham Əliye­vin “Ərdoğan Azərbaycana gələ bilmir, mən Türkiyəyə gedərəm” və ya “Burada Türkiyə yoxdur, mən varam!” – qətiyyət­lərini yada salmırsınız?

Həmin tarixi faktları xatırlatdığına görə dəyərli həmkarımıza təşəkkür edir və bildirirəm ki, o məsələlər haqqında şəxsən mən dəfələrlə söz açmışam. Təbii ki, bunlar əsla unudulmayacaq. Ancaq indi söhbət Türkiyə rəhbərliyinin Azər­baycan dövlətinə, xalqımıza, xüsusən Ali Baş Komandanımıza göstərdiyi xüsusi ehtiramdan gedir. Cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə deyib ki, Azərbayca­nın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, prob­lemi də bizim problemimizdir: “Azərbay­can kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik”.

Biz qardaş ölkə liderinin bu qətiyyə­tinin təsdiqini 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə də gördük, işğaldan azad edilmiş əraziləri­mizin bərpa prosesində də. Dövlət baş­çımızın bu il aprelin 29-da İstanbulda keçirilmiş “TEKNOFEST” festivalındakı çıxışında dediyi kimi, İkinci Qarabağ sa­vaşının ilk dəqiqələrindən son dəqiqələ­rinə qədər Cümhurbaşqanı Rəcəb Tay­yib Ərdoğan bizim yanımızda idi: “Onun açıqlamaları, onun mesajları Azərbay­canı birmənalı dəstəkləmişdi. O söylə­mişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”.

Prezident Rəcəb Tayyib Ərdoğan isə həmin faktı, yəni rəsmi Ankaranın tor­paqlarımızın işğaldan azad edilməsi pro­sesindəki siyasi-mənəvi iştirakını qardaş ölkədə keçirilmiş son seçkilərin ikinci turundan əvvəlki görüşlərindən birində belə xatırlatmışdır: “ CHP sədri indi də milliyyətçilik oyunu oynayır. Milliyyətçilik Azərbaycanla çiyin-çiyinə verib Qaraba­ğı 30 illik işğaldan azad etməkdir. CHP Azərbaycanla bağlı fikirlərini elə qardaş ölkədə səfir olmuş birinin sözləri ilə nü­mayiş etdirib. İndi həmin adamın Azər­baycana girişi qadağandır. Bu cür xaini ölkələrinə buraxarlar? Əlbəttə ki, yox. Bundan sonra da azərbaycanlı qardaş­larımızın yanında olacağıq. Türkiyənin şərəfinə xələl gəlməsinə əsla icazə ver­mərik”.

O ki qaldı, türkiyəli həmkarımızın fəxrlə xatırlatdığı məqamlara, biz Azər­baycan Ordusunun işğalçı dövlət üzərin­dəki şanlı Qələbəsindən sonra Azadlıq meydanında keçirilmiş Zəfər Paradında Türkiyənin ölkəmizdəki məxsusi yerini çox yaxşı görmüş və qiymətləndirmişdik. Elə Qələbədən yeddi ay sonra imzalan­mış “Şuşa Bəyannaməsi”ndə də, Füzuli və Zəngilan Beynəlxalq hava limanla­rının açılış mərasimlərində də gördük. Dostlarımız bundan sevinmiş, bədxahla­rımız isə növbəti əzabı çəkmişdilər. 

Bu ilin fevralında Türkiyədə baş ver­miş sarsıdıcı təbii fəlakətdən – zəlzələ­dən dərhal sonra qardaş ölkənin rəs­miləri də, sakinləri də qardaşlığımızın nə qədər mühüm və əhəmiyyətli olduğunun fərqinə varmışdılar. 

Fikrimizi Prezident İlham Əliyevin işğalçı Ermənistan dövləti üzərindəki Qələbənin ilk ildönümü günlərində Tür­kiyənin "A Haber” televiziya kanalına verdiyi müsahibəsindəki bəzi fikirlərlə ye­kunlaşdırmaq istəyirik. Dövlət başçımızın bildirdiyinə görə, əgər toqquşmaların ilk saatlarında Türkiyədən dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqala­rı qarışa bilərdi: “Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbay­can–Türkiyə birliyi artıq çox ciddi geosiya­si amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin ma­raqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolu­muzu davam etdiririk. Heç kim bizim işi­mizə qarışmasın... Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istə­yirik və buna haqqımız çatır”.

Gətirdiyimiz bu iqtibas da sübut edir ki, həqiqətən, Ankarada Bakının öz yeri var. Necə ki, Bakıda Ankara məxsusi yerə malikdir və bunu hamı görür. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət