Arazqırağının “Qayıdış” təməlləri

post-img

Qarabağ və Şərqi Zəngəzur işğal dövründə Xirosimaya çevrilib, əzəli-əbədi yurd yerlərimizin, necə deyərlər, izi-tozu belə qalmayıb. Vətən müharibəsindən dərhal sonra isə şəhər və kəndlərimizin sürətli bərpasına başlanılıb. 

Xatırladaq ki, hazırda işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq la­yihələri Böyük Qayıdış üzrə strateji çər­çivədə həyata keçirilir. Başqa sözlə, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşdırılması ərazilərdə planlaşdı­rılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənir, yəni yaşayış sahələrinin təh­lükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatələnməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Bu, Füzuli rayonunun timsalında aydın nəzərə çarpır. 

Rayonda müasir şəhərsalma prin­sipləri nəzərə alınmaqla yaşayış və qey­ri-yaşayış komplekslərinin inşası sürətlə davam etdirilir. Bu prosesdə isə əsasən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsi­yalarının gerçəkləşdirilməsi önə çəkilir. Belə bir əsasda Füzulinin müasir stan­dartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin edilməsi diqqət mərkəzində saxlanılır. 

Füzuli Hava Limanı kimi meqalayihə­nin uğurla yerinə yetirilməsi, içməli su və suvarma sistemlərinin yenidən qurulma­sı, şəhərdə yaşayış kompleksinin inşası­nın sürətlə davam etdirilməsi ölkəmizin həm sülh niyyətini, həm də potensialını göstərir.

Qaraxanbəylidə “Zəfər qapısı” 

…Yolumuz Füzuli şəhərinədir. Alxanlı kəndində yerləşən nəzarət-bu­raxılış postundan keçəndən sonra bizi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nü­mayəndəliyinin baş məsləhətçisi El­dar Seyidov qarşılayır.

Baş məsləhətçi Füzuli rayonunun düşməndən təmiz­lənən ərazilərində ermənilərin işğal döv­ründə törətdikləri dağıntılar və hazırda həyata keçirilən quruculuq, tikinti-bərpa işləri barədə məlumat verir. 

...Qaraxanbəyli kəndindən keçən yo­lun kənarında üzərində “Vətən uğrunda canlarından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri” yazılan qaya-abidənin yaxınlığında maşından düşüb döyüşlərin ilk günlərində igidlik, şücaət nümayiş etdirərək şəhadətə ucalan oğul­larımızı ziyarət edirik... Uzun illik qəsb-karlıq zamanı bu daş salnamənin lap yaxınlığında yerləşən düşmən səngə­ri, işğalçının qurduğu müdafiə xətlərinə baxır və Azərbaycan Ordusunun Vətən savaşında bu maneəni, qəsbkarın ke­çilməz saydığı bu istehkamı ölüm-itim­dən qorxmayaraq qəhrəmanlıqla necə yardığını təsəvvür edirik, öz canını fəda edərək üçrəngli bayrağımızın Şuşada və işğal altında olan digər bütün torpaqlar­da necə dalğalandırdığını, ləyaqətimizin, ədalətin bərpası, həmçinin xalqımızın dogma od-ocaqlarına qayıtması üçün yol açdığını gözlərimiz önündə canlandırırıq. Zirvədə qərarlaşan bu qaya-abidənin yanında dayanıb Şuşaya doğru uzanan Zəfər yolunun sağ-soluna tamaşa etdik­cə erməni faşizminin ağrılı izlərini görür, şəhidlərimizin Qarabağ çöllərində qalib əsgər, qalib zabit kimi ruhunun azad, bəxtiyar dolaşdığını duyuruq, bu yolun başdan-başa şəhidlərimizin daş kitabə­sinə çevrildiyini hiss edirik, onların bu tor­paqlara azadlıq gətirmələri, bizi dogma Yurdun – Azərbaycanın bu əsrarəngiz guşəsinin hər daş-qayası ilə yenidən qo­vuşdurmaları ilə özləri də Vətən daşına döndüklərini, ölkəmizin əbədiləşən, öl­məzləşən vətəndaşı adını qazandıqlarını bir daha yəqinləşdiririk. 

BMT Təhlükəsizlik Şurasının qəsb edilən torpaqların qaytarılmasını nəzər­də tutan qətnamələrinin icrası üçün “çalışan” erməni havadarları, Minsk Qrupunun həmsədr “turistləri”, “sülh ya­radıcıları” işğal illərində indiki yuxarıda haqqında bəhs etdiyimiz abidənin yanın­dan keçib Xankəndini, İrəvanı su yolu­na döndərəndə düşmənin barbarlığını, dəhşətli dağıntılarını sanki görmürdülər. Dövlətimizin başçısının vurğuladığı kimi, bu yoldan “vəhşi qəbilənin ötdüyünün” fərqinə varmır, işğalçını öz adı ilə çağır­mır, əsl həqiqətləri dilə gətirmək istəmir, qəsbkarla aparılan danışıqlarda ədalətli mövqe ortaya qoymurdular. 

Amma onlar nəyin, nə vaxt, necə gerçəkləşdiriləcəyini yaxşı bilən ölkə rəh­bərinin bir gün Azərbaycan Ordusuna er­mənilərin saysız-hesabsız təxribatlarının birində ədalət savaşına başlamaq əmri verəcəyini, indi bu qaya abidə ilə xatirələ­ri əbədiləşdirilən şəhid igid oğullarımızın şücaəti, qəhrəmanlığı ilə şəhər və kənd­lərimizi yerlə bir edən, yurdu xarabalığa çevirən caniləri cəzalandıracaqlarını ağıl­larına belə, gətirmirdilər.

Dünyanın ən böyük haqsızlığı, ədalətsizliyi həm də o idi ki, Minsk Qrupu­nun sülhdən, əmin-amanlıqdan dəm vu­ran həmsədr “turistləri” erməni faşizminin törətdiyi barbarlığı, vəhşiliyi dilə gətirib etiraz səslərini ucaltmırdılar. Onlar neçə həftədən, aydan bir yanından ötdükləri Merdinli məscidindən də yəqin ki, xəbər­siz deyildilər. 

İnsanlığı alçaldan erməni cinayətləri 

...Füzuliyə səfərimizdə ilk ziyarət et­diyimiz yerlərdən biri olan Merdinli məs­cidi Zəfər yolunun sağ tərəfində yerləşir. Məscid adi binanı xatırladır, ancaq ona yaxınlaşdıqca ilk təəssüratlarımız ta­mamilə dəyişir. Məscidin şimal, qərb və cənub tərəflərində çoxlu həndəsi bəzək və yazılar var. Onun şimal tərəfində mər­mərlə əhatə olunmuş pəncərələr diqqət çəkir. Girişin yuxarı hissəsində isə, “Al­lahdan başqa Tanrı yoxdur, Məhəmməd Allahın elçisidir” sözləri oxunur. 

Məscidin mehrabının yuxarı tərəfləri də bir sıra dini yazılarla haşiyələnib. Ki­tabələrin birində onun tikildiyi tarix (XIX əsr) qeyd olunub. Bu məscid uzun illər dindarlara xidmət edib, işğal dövründə isə erməni vandalizminin qurbanına çev­rilib.

Eldar Seyidov deyir ki, digər tarixi abidələrimiz kimi Merdinli məscidi də dağıntıya məruz qalıb: 

“Qarabağda erməni faşizminin xaraba qoyduğu yüz­lərlə yaşayış məntəqələrindən biri olan Merdinli kəndi 1993-cü ildə işğal edilib. Yaşayış sahəsi 27 il ərzində tamamilə talanıb, yer üzündən silinib. Bütün evlər, təsərrüfatlar, sosial obyektlər dağıdılıb. Merdinli məscidi də erməni vandalizmin­dən kənarda qalmayıb. Ondan tövlə kimi istifadə edilib, burada mal-qara, donuz saxlanılıb”.

Məscidə daxil olanda döşəmədəki saman qırıntıları, peyin qalıqları bunu daha aydın hiss etdirir. Bundan başqa, işğal dövründə məscidin mehrabına kari­katura çəkilib, fasadında yerləşən kitabə güllələnib, dam örtüyü uçurulub. Merdinli məscidinin timsalında bir daha xatırladaq ki, insanlıqdan uzaq olan erməni faşizmi torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın bir müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vandalizm aktı törədib, bütün maddi, mə­dəni, tarixi və dini abidələri məhv edib. Təkcə onu demək kifayətdir ki, düşmən bu dövrdə 70-ə yaxın məscidi dağıdıb. Bütövlükdə isə, işğal olunmuş əraziləri­mizi tamamilə viran qoyub.

... Məscidin sol tərəfində Merdinli qə­biristanlığı yerləşir. Bu qədim məzarlıq da erməni vandalizminə məruz qalıb, qəbir­lər dağıdılıb, baş daşları uçurulub. 

Həmin gün qəbiristanlıqda yaxın­larının məzarlarını ziyarətə gələn kənd sakini Əhməd Məmmədov jurnalist olduğumuzu bilib bizə yaxınlaşır. Köv­rək, titrək səslə həmsöhbət olur: 

– Neçə il yurd həsrətini içimizdə çək­dik, od-ocaq göynərtisini qəlbimizdə ya­şatdıq. Amma sınmadıq, bir an da olsun, nə vaxtsa kəndə dönəcəyimizə inamımı­zı itirmədik. Hərəmiz bir şəhərdə-kənddə, dağda-aranda məskunlaşsaq da, ağrıla­ra, çətinliklərə dözdük, ağlayıb-sızlama­dıq.

Niyyət eləmişdim ki, bura–kəndə ilk qədəm basanda qəbiristanlığa gedib tez-tez yuxularda görüşdüyüm əzizlərimin məzarlarını ziyarət edəcəm. Gündə neçə kərə keçdiyim küçəylə uşaqlıq illərimin, yeniyetməlik çağlarımın izi qalan, xa­tirələrini yaşadan məktəbə gedəcəyəm... İndi siz də görürsünüz ki, düşmən mə­zarlığı necə dağıdıb, kənddən isə əsər-ə­lamət belə qalmayıb... Bir vaxt Allaha əmanət qoyub getdiyimiz ev-eşiyimizin, həyət-bacamızın külünü göyə sovurub. 

...Bu da çoxillik əsirlikdən xilas edilən doğma yurd yeri. Əhməd kişi gözlərinə inana bilmir. Kənddən əsər-əlamət yox­dur. Min bir həvəslə tikib-qurduğu, dar məqamda qoyub getməyə məcbur oldu­ğu evinin kalafaları ürək dağlayır. Dağ basılmış yurdun ağrı-acısını canında, iliyində hiss edir. 

Soyunun, nəslinin beşiyi olmuş doğ­ma kənd indi tanınmaz haldadır. Bütöv bir xarabalığa çevrilmiş kənd bu miskin halı ilə uşaqlığının, yeniyetməliyinin, gəncliyi­nin keçdiyi yerlərlə bağlı xatirələrini şüşə kimi çilik-çilik edir. O unudulmaz, əziz günlərə şahid olmuş heç nə gözə dəy­mir. Yol-cığırlar kol-kos içində itib-batıb, salamat bircə ev saxlanmayıb, oxuduğu məktəbin isə heç izi-tozu belə qalmayıb... 

Əhməd kişi sonda dualarının, diləklə­rinin, axır ki, eşidildiyini, möhtərəm Prezi­dentimiz İlham Əliyevin komandanlığı ilə qəhrəman Ordumuzun Vətəni yağı cay­nağından xilas etdiyini, dövlətimizin baş­çısının yurdun yaşı min illərlə hesabla­nan tarixini düşmənin pozmasına imkan vermədiyini söyləyərək düşmənin viran qoyduğu Qarabağın tezliklə gülüstana çevriləcəyinə əminliyini də dilə gətirdi. 

Daha sonra Qarğabazardakı karvan­saraya baş çəkirik. İlk nəzərimizi cəlb edən karvansaranın həyətinin girişində iki şəhidin fotosu asılan lövhə olur. Hər iki şəhid – Cəmil Mirzəyev və Cəmaləddin Ağayev Birinci Qarabağ müharibəsi za­manı canlarından çox sevdikləri dogma torpaq uğrunda şəhadətə yüksəliblər…

Kəndin mərkəzində çox da hündür ol­mayan təpənin döşündə inşa olunan bu karvansara daha çox istehkamı, qalanı xatırladır. Görünür, bu, tacirlərin təhlükə­sizliyi ilə bağlı olub. Abidənin qədim kar­van yolu üzərində yerləşməsi onu göstə­rir ki, Qarğabazar tarixən geniş ticarət əlaqələrinə malik olub. Əlverişli coğrafi mövqeyi və iqlimi ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə təkan verib. Tacir­lər burada dincəlməklə yanaşı, gətirdik­lərini satıb, mal alıblar. Deyilənlərə görə, yaxınlıqda bazar da olub…

Onu da qeyd edək ki, 1861-ci ildə ti­kilmiş bu karvansara həm də “Şah Abbas karvansarası” kimi tanınıb. Onun partalı­nın birinci yarımdairə tağbənd ilə ondan nisbətən böyük olan ikinci oxvari tağ­bəndləri arasında xüsusi şəkildə yerləş­dirilmiş üç ədəd kvadrat formalı daş var. Kənardakıların üzərində zoomorf və hən­dəsi ornamentlər işlənilib. Həmin daşla­rın arasındakı nisbətən böyük daşın üzə­rində isə karvansara memarının adı və tikilmə tarixi həkk olunduğu güman edilir. Lakin orada tədqiqat işləri aparanda heç bir yazı nümunəsi qalmayıb. Bu məsələ ilə əlaqədar kəndin yaşlı sakinlərin dedi­yinə görə, burada, doğrudan da, əski əlif­ba ilə yazılmış yazı nümunəsi olub. 

Karvansarada yaşayış otaqları girişlə üzbəüz, uzun həyətin ensiz şimal tərəfin­dədir. Bu otaqların əhəmiyyəti onların rel­yefin hündür yerində tikilməsində də özü­nü göstərir. Heyvanları saxlamaq üçün də xüsusi yer olub. Onun yanındakı təpə­nin üstündə məscid yerləşir. Məscidin qapı çatı üzərindəki yazıdan Qarğabazar kəndinin kəndxudası Hacı Qiyasəddin tərəfindən inşa etdirildiyi aydınlaşır. Hə­min məscidin qapı çatı üzərindəki kita­bədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib. h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü illərə təsadüf edir. 

Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə tikilmiş bir zaldan ibarətdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınma­sa, burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib və tarixi abidə kimi qorunur. Vətən mühari­bəsində parlaq qələbə nəticəsində azad edilən bu tarixi-memarlıq abidəsi işğal dövründə düşmən tərəfindən mal tövləsi kimi istifadə olunub. 

Bu abidələrdən təqribən 100 metr aralıda, təpə üzərində qədim qəbiristan­lıq var. Dağıdılmış evlərin divarlarından aydın olur ki, kənd sakinləri sovet döv­ründə də yaxşı yaşayıblar.

Qazax və özbəklərin qardaşlıq məramı 

Füzulidə bərpa və yenidənqurma iş­ləri sürətlə davam edir. Aparılan irimiq­yaslı tikinti- quruculuq işlərinin tarixi-stra­teji önəmi burada həyat üçün zəruri olan bütün şəraitin yaradılmasına, sistemli, ardıcıl proqlamların həyata keçirilməsinə imkan verir. Bu baxımdan cari il istifa­dəyə veriləcəyi planlaşdırılan Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilən tam orta məktəbin, Kurmanqazı adına Yara­dıcılığın İnkişafı Mərkəzinin tikintisi mü­hüm önəm daşıyır. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azər­baycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məs­ləhətçisi Eldar Seyidov bildirir ki, Kurmanqazi adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi Qazaxıstan Respub­likasının ianəsi əsasında həyata keçirilir və layihəni dost ölkənin “Bİ-Group” şirkəti həyata keçirir. Azərbaycan tərəfdən isə NİCO şirkəti burada subpodratçı kimi fəaliyyət göstərir. 

Layihəyə əsasən, Yaradıcılığın İn­kişafı Mərkəzi Füzuli şəhərində ümu­mi sahəsi 1,5 hektar olan ərazidə inşa olunur. Tikintinin sahə rəisi Pavel Qraçov deyir:

– Mərkəzin layihəsi Qazaxıstanda hazırlanıb, sonradan Azərbaycan şərai­tinə uyğunlaşdırılıb. Biz üzərimizə düşən işləri keyfiyyətlə yerinə yetiririk. Tikinti materialları ilə təchizat yüksək səviyyə­dədir. Mərkəzi vaxtında təhvil verəcəyik. 

Mühəndis Sungat Turekulov isə ti­kinti meydanında görülən işlər barədə məlumat verir: 

– Bu layihə Azərbaycan ilə Qazaxıs­tan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın böl­gələrdən olan istedadlı gənclərin bir ara­ya toplanmasına öz töhfəsini verəcək.

Füzulidə qardaş Özbəkistan tərəfin­dən isə 960 şagird yerlik tam orta mək­təb binasının inşası uğurla reallaşdırılır. Məktəb binasının tikintisinin bu ilin sent­yabrınadək yekunlaşması nəzərdə tutu­lur. Şəhərə qayıdan ilk şagirdlər məhz bu məktəbdə təhsil alacaqlar. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu təhsil müəssisəsi Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzi olacaq. 

Yeri gəlmişkən, məktəbin tikintisini Prezident İlham Əliyev yüksək qiymət­ləndirib. Dövlətimizin başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzi­yoyev ilə görüşdə deyib: “Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbət­tə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaş­lığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”.

Qədim Qarabağın yeni şəhəri

Mənzil İnşaatı Dövlət Agentliyi tərə­findən Füzuli şəhərində inşa edilən yaşa­yış kompleksi ümumi sahəsi 8,9 hektar­dır. Bu yaşayış kompleksi 38 binadan ibarətdir. Hazırda kompleksin inşası sürətlə davam etdirilir. Artıq 6 binada də­mir-beton konstruksiyalarının quraşdırıl­ması işləri başa çatdırılıb, digər 6 binada isə bu cür tikinti əməliyyatları yekunlaş­maq üzrədir. Xarici və daxili divarların hörgüsü və suvaq işləri də tamamlanma mərhələsindədir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaş­dırılır.

Kompleksdə bütün mənzillər tam tə­mirli olacaq, mətbəx mebeli və qaz soba­sı, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəz­ləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydan­çaları da istifadəyə veriləcək.

Su gələn arxa bir də gəlir

Füzuli rayonu Azərbaycanın ən iri kənd təsərrüfatı rayonlarından biridir. İşğal altında olan torpaqlarımızın azad edilməsi bölgədə kənd təsərrüfatının bər­pası və yenidən inkişaf etdirilməsi üçün geniş imkanlar yaradıb. Yeni ərazilərin əkin dövriyyəsinə daxil edilməsi məh­sul istehsalını artıracaq. Buna paralrel olaraq suvarma sistemləri də yenidən qurulur. Hazırda rayonun düşməndən təmizlənən ərazisində Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları mövcuddur. 1-ci və 2-ci Kön­dələnçay su anbarları Aşağı Köndələn­çay su anbarının qidalandırılması rolunu oynayır. Otuz il baxımsız qaldığı üçün hər 3 anbar qəzalı vəziyyətə düşüb. Buna görə də anbarların suyu boşaldılıb, bənd­lərdə, suburaxıcı qurğularda, selötürücü kanallarda təmir işləri həyata keçirilir. İş­lər paralel olaraq hər 3 anbarda aparılır. Anbarların bərpası başa çatdıqdan son­ra sudan rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlə­rinin sakinləri yararlanacaqlar.

Vaqif BAYRAMOV,
Səbuhi MƏMMƏDOV,
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”, 

Əbülfəz BABAZADƏ,
“Bakinski raboçi” 

Bakı–Füzuli–Bakı

 











Sosial həyat