16 yaşında döyüşlərə atılan igid

post-img

…Sumqayıtdakı 14 nömrəli məktəbinin 9-cu sinif şagirdi Nazifin birdən-birə yoxa çıxamasının ilk narahatlığını parta yoldaşı keçirdi. Səhər dərslər başlanmazdan əvvəl “Birazdan gələcəyəm”, – deyə çantasını ona tapşırıb, sinifdən çıxmışdı. Ancaq o, gəlib çıxmadığı üçün yoldaşları da, müəllimləri də narahat oldular. 

Nazif isə Şuşaya yol almışdı. Könül­lülərə qoşularaq, təxminən 20 gün əvvəl Xocalıda soyqırımı törətmiş düşməndən qisas almaq istəyirdi. Bu barədə nə evdə, nə də məktəbdə kimsəyə bir kəlmə də deməmişdi ki, planı pozulmasın. Axı, yaşı çatmırdı. 

Heç vaxt görmədiyi, son zaman­lar daha çox həsrətində olduğu Şuşaya müxtəlif yol maşınları ilə gedərək, ora ax­şama yaxın çatmışdı. Milli Qəhrəman Ra­miz Qəmbərovun könüllülər batalyonunu tapmış, döyüşlərə qatılmaq istədiyini bil­dirmişdi. Ramiz Qəmbərov Nazifin cəsur, vətənpərvər oğullar şəhəri olan Sumqayıt­dan gəldiyini bilib, sifətindəki qisas, döyüş əzmkar ruhlu, boy-buxunlu bu oğlanı özü­nün döyüşçülər sırasına qəbul etmişdi. Və heç kəs fərqinə də varmadı ki, özünü 22 yaşındakı oğlan kimi təqdim edən Nazifin cəmi 16 yaşı var. Sənədlərini soruşduqda demişdi ki, evdə onun niyyətindən xəbər tutaraq, pasportunu gizlədiblər. 

…Həmin gün anası Nargilə xanımın doğum günü idi. Nazifin dərsdən evə gəl­məməsi onu bərk narahat etmişdi. Axı, Nazif anasının hər ad günündə evə tez gələr, onun boynunu qucaqlayıb təbrik edərdi. Amma indi... Axşama yaxın gü­manı gəldiyi yeganə yerə – doğma Quba rayonunun Küsnət Qazma kəndindəki qo­humlarına zəng vurdu. Onlar da təşvişlə bildirdilər ki, yox, bura gəlməyib. 

Atası Nizaməddin kişi istər-istəməz, bu haqda milis şöbəsinə məlumat verdi. Səhərisi günü artıq məktəbli Nazif Mə­dinov barəsində respublika üzrə axtarış elan edildi. Sumqayıtın təhsil şöbəsi də şəhər qəzetində şəklini verərək Nazifin axtarıldığını bildirdi. 

…O isə ilk gündən Şuşanın müdafiə­sində dayanan mərd oğullara uyuşması, vətən sevgisindən doğan çılğın xarakteri, gözündəki qisas qığılcımları ilə həm ba­talyon komandirinin, həm də döyüşçülərin qəlbinə yatmışdı. Özünü elə aparırdı ki, sanki çoxdan onlarla bir yerdə idi. Təc­rübəli döyüşçülər ona həvəslə silahlardan istifadə etməyi, onlarla davranış vərdişlə­rini öyrədir, hiyləgər və məkrli düşmənlə çox ehtiyatlı olmağı təmkinlə başa salır­dılar. Ramiz Qəmbərov onu rabitəçi təyin etdi. Lakin boyca uca olsa da, batal­yona yeni gəldiyi üçün onu “malış” deyə çağırırdılar. 

Bir gün Nazif odun gətirmək üçün Topxana meşəsinə yollanarkən gözlənil­mədən üç nəfər düşmən kəşfiyyatçısı ilə üz-üzə gəlir. Onlar silahsız olan Nazifə təslim olmağı əmr edərək, rusca kimli­yini soruşanda Nazif özünü soyuqqanlı apararaq, qəsdən onlara başa düşmədik­ləri ləzgi dilində cavab verir. Hansı dildə danışdığını, nə dediyini başa düşməyən ermənilər Nazifi özlərinin “nayomniki” – xarici muzdlu döyüşçü hesab edirlər. Ona görə də sorğu-suala tutmaqda davam edərək, yaxına buraxırlar. Vəziyyətdən çıxmağın heç də asan olmayacağını başa düşən, lakin zərrəcə də qorxmayan Nazif qəfildən virtuoz cəldliklə lap yaxınında­kı düşmənin avtomatını əlindən qoparıb, digər iki erməniyə göz açmağa imkan vermədən sərrast atəşlə onları yerə sə­rir, avtomatını aldığı ermənini isə əsir götürür. Ramiz Qəmbərov əli yalın halda üç ermənini ram edən, düşmən əsirini qərargaha gətirən Nazifə hamının qarşı­sında təşəkkür edir və həmin gündən ona həm də kəşfiyyatçı işini tapşırır. Əsir düş­məndən əldə edilən hərbi sirrlər, erməni birləşmələrinin dislokasiyası haqqında məlumatlar əsasında könüllülər batalyonu elə həmin gün gecə yarısı düşmən arxa­sına keçərək, onun xeyli sayda döyüşçü­sünü məhv edib, çoxlu silah-sursatlarını ələ keçirir... 

Azərbaycanın hər yerindən Qaraba­ğın, Şuşanın müdafiəsinə könüllülərlə yanaşı, növbə üzrə milis dəstələri də gə­lirdi. Aprelin ortalarında döyüş növbəsinə gəlmiş milis işçilərindən biri “respublika axtarışında” olan Nazifin könüllülər batal­yonunda olduğunu təsadüfən görüb, onun şəkli olan “Sumqayıt” qəzetini komandirə göstərmiş, yeniyetmənin 9-cu sinif şagirdi oduğunu, bura evdən xəbərsiz qaçıb gəl­diyini bildirərək, onun təcili geri qaytarıl­malı olduğunu demişdi. Ramiz Qəmbərov özünün cəsur döyüşçüsünün məktəbli olduğuna inanmamış, lakin elə olsa da belə, onu geri qaytarmayacağını, Nazifin batalyona hələ çox lazım olduğunu bil­dirərək, “onu heç kəsə vermərəm” demiş­di. Kombatı dilə tutaraq, “yumşaltmağa” çalışan sumqayıtlı milis nəfəri deyəndə ki, “heç bilirsən, onun anası bu bir ayda nələr çəkib?”, Ramiz qayıtmışdı ki, “bilirəm, an­caq Nazif kimi igid oğul indi anasından daha çox Şuşaya, Vətənə lazımdır!”.

Nazifin “yoxa çıxmadığını”, Şuşa­nın müdafiəsində dayandığını, ermə­nilərə qarşı igidliklə vuruşduğunu eşidən ata-anası, bacısı və qardaşları, məktəb yoldaşları, onun axtarışına cəlb edilmiş hüquq-mühafizə orqanlarının nümayən­dələri bu xəbəri müjdə kimi qarşılayırlar. Elə səhərisi gün Nazifin ata-anası Şu­şaya, onu görməyə yollanırlar. Onu əs­gər paltarında, əsl döyüşçü kimi ciddi və vüqarlı görən, haqqında komandirin və yoldaşlarının necə qürurla, fəxrlə danış­dıqlarını eşidən valideynləri onu bağırla­rına basaraq, gözlərindən öpürlər. Ondan Sumqayıta, evə qayıtmağı, əsgərlik yaşı çatdıqdan sonra hərbi xidmətə getməsini xahiş etsələr də, Nazif israrla bildirir ki, döyüşlər bitməyincə geri qayıdan deyil... 

Bu vaqiələr hamısı 1992-ci ilin yazın­da baş verib. O zamankı ölkə rəhbərliyi­nin hərbi-siyasi naşılığı, iradəsizliyi, xalq qarşısında məsuliyyətsizliyi üzündən ba­ğışlanılmaz, üzücü hadisələrə rəvac ve­rilirdi. Elə Şuşanın ermənilər tərəfindən işğal edilməsi bütün xalqımız kimi, Nazifi də məyus etmişdi. O arada düz 10 gün ondan xəbər-ətər olmamışdı...

Ancaq sən demə, o, öz döyüş yoldaş­ları ilə birgə Laçının eniş-yoxuşlu yollarını keçərək, sərhəd istiqamətində düşmən həmlələrinin qarşısını almağa gedibmiş. Bir-neçə gün orada şiddətli döyüşlər olur və Nazifgil qəfil mühasirəyə düşürlər. 16 nəfərdən ibarət dəstə günlərlə ac-susuz qalaraq, mühasirədən çıxmağa çalışsa da, heç nə alınmır. Bir gün isə sübh tez­dən döyüş dostları Nazifin onlara baxa­raq, xoş əhvalla güldüyünü görürlər. Na­zif deyir ki, heç kəs narahat olmasın, bir kəşfiyyatçı kimi o, gecə ikən mühasirədən çıxış yolunu tapıb. Və bilavasitə onun ba­carığı sayəsində həmin 16 nəfər döyüşçü sağ-salamat mühasirədən çıxaraq, əsas heyətə qoşulurlar. 

Sonra Nazif bir neçə günlüyə Sumqa­yıta gəlib. O, ilk növbədə doğma məktəbə gedib, sinif yoldaşları və müəllimləri ilə görüşüb. Ona təhsilini davam etdirməli olduğu deyiləndə cavab verib ki, mənim məktəbim indi Qarabağdır, imtahanlarımı da daha orda verəcəyəm. 

Nazif Sumqayıtda 10 gün də qərar tuta bilməyərək, yenidən Qarabağa yolla­nıb. Səsi-sorağı Ağdamdan, Qubadlıdan, Zəngilandan, Laçından gəlib, düşmənə qarşı ağır döyüşlərdə hünər göstərib. Ağ­dam uğrunda gedən ağır döyüşlərin birin­də iki yaralı yoldaşını döyüş meydanından çıxararkən düşmən gülləsinə rast gəlib, ağır yaralansa da, sürünə-sürünə üçüncü yoldaşını da çıxartmağa çalışıb. Ermə­nilər onu gicgahından və ürəyindən nişan alaraq ölümcül yaralayıblar. Son nəfəsin­də yalnız “oy, Ana... Şuşa” deyərək, başı­nı Vətən torpağına qoyub və 18 yaşında gözlərini əbədi yumub...

Ölümündən sonra komandanlıq igid rabitəçi və kəşfiyyatçı Nazif Mədinovu yüksək döyüş təltiflərinə təqdim etsə də, o zaman Müdafiə Nazirliyindəki hərc-mərc­liklər səbəbindən bu, baş tutmayıb. Layiq olduğu qiyməti rəsmən ala bilməsə də, yaxınlarının, dostlarının, el-obanın qəlbin­də özünə möhtəşəm abidə ucaldıb Nazif. 

Düz 30 ildir ki, Nargilə xanımın göz­ləri hər yerdə igid oğlu Nazifi axtarır. Ana qəhərlənərək deyir ki, balamın bənzə­rini tapa bilmirəm. Nazif ayrı oğul idi – vətənpərvər, mərd, döyüşkən!..

 

Rəhman ORXAN,
Əməkdar jurnalist

Sosial həyat