Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Bununla da uzun illərdir siyasi leksikonda mövcud olan “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tarixin arxivinə gömüldü və ölkəmiz üçün məsələnin siyasi çözümü başlandı.
Hazırda əsas məsələ rəsmi Bakının İrəvana təklif etdiyi 5 baza prinsipi üzrə sülh müqaviləsinin imzalanması, Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qondarma separatçı rejimin ərazimizdə qalan tör-töküntülərinin tam ləğv edilməsi, suverenliyimizin bütün ölkə ərazisində tam şəkildə bərqərar olunmasıdır. Nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən qarşısına qoyduğu hədəfə doğru Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inamla addımlayır. Sonuncu dəfə aprelin 23-də Laçın–Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması bunun bariz nümunəsidir.
Azərbaycan Ermənistanla münasibətlərin nizamlanmasına, yekunda sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün aktiv və məqsədyönlü diplomatik fəaliyyət həyata keçirir. Müharibədən sonrakı dövrdə tərəflər arasında ilk görüş 2021-ci il yanvarın 11-də Moskvada keçirilib. Bundan sonrakı dövrdə iki ölkə liderləri müxtəlif vaxtlarda Soçidə, Brüsseldə, Praqada və Münxendə bir araya gəliblər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda irəliləyiş əldə etməsinə imkan vermir. Yeri gəlmişkən, Nikol Paşinyan hökuməti bu məsələdə əvvəlki rejimlərin siyasətinə bənzər siyasət yürüdür. Həm Robert Koçaryan, həm də Serj Sarkisyan sülhdən danışsalar da, son məqamda yekun sülh müqaviləsinin imzalanmasından hər zaman boyun qaçırımışlar. İndi Paşinyanın da bu cür davranması onun sələflərindən geri qalmaq istəmədiyindən xəbər verir. Paradoksallıq isə budur ki, sonuncu özündən əvvəlkilərin siyasətini kəskin tənqid edir.
***
Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında Moskva və Brüssellə yanaşı, Vaşinqtonun da diplomatik fəallığı nəzərdən qaçmır. İndiyədək ABŞ-da Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə bir neçə görüş keçirilib. Elə bu ilin fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Ermənistan baş naziri ilə görüşü məhz dövlət katibinin təşəbbüsü ilə baş tutub.
Aprelin 30-da isə A.Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon danışığında Blinken İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini önə çəkib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını bildirib, həmçinin Azərbaycan–Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsinə toxunub. Bütün bu məsələlər Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyan arasında baş tutan görüşün gündəliyində yer alırdı.
Ümumiyyətlə, Vaşinqton Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesində hər zaman aktiv iştirakı ilə seçilib. Təkcə onu qeyd etmək yerinə düşər ki, münaqişənin bütün tarixi boyunca ən uzunmüddətli danışıqlar ABŞ-da keçirilib. 22 il öncə – 2001-ci ilin 3-6 aprel tarixlərində Florida ştatının Ki-Vest şəhərində ilk dəfə ABŞ-ın ovaxtkı Dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə fasiləsiz olaraq 4 gün danışıqlar aparılıb. Dünyanın superdövləti indi də regionda təşəbbüsü əldən vermək istəmir.
Rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərinə həm də bu bölgəni Rusiyanın təsirindən çıxarmaq vasitəsi kimi baxır. Nəzərə almaq lazımdır ki, artıq növbəti görüşün Rusiyanın təşəbbüsü ilə XİN rəhbərləri səviyyəsində Moskvada keçiriləcəyi məlumdur. Eyni zamanda Avropa Siyasi Birliyinin növbəti sammiti Moldovanın paytaxtı Kişinyovda baş tutacaq. Burada da Azərbaycan və Ermənistan liderləri arasında təmasların olması nəzərdə tutulub. Yeri gəlmişkən, bundan öncə Avropa Siyasi Birliyinin Praqada keçirilən təsis sammitində dördtərəfli (Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa rəhbərlərinin iştirakı ilə) görüş keçirilmişdi. Bu görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirmiş və tərəflər Almatı Bəyannaməsinə, eləcə də BMT Nizamnaməsinə sadiqliklərini vurğulamışdı.
Göründüyü kimi, Moskva və Brüssellə yanaşı, Vaşinqtonun da aktivliyi artmaqdadır. Ancaq Azərbaycan üçün təşəbbüsün hansı coğrafiyadan, hansı paytaxtdan, okeanın o tayından, yoxsa bu tayından gəlməsinin prinsipcə əhəmiyyəti yoxdur. Təki uzunmüddətli silahlı qarşıdurmadan sonra bölgədə sülh olsun!
İlyas HÜSEYNOV,
politoloq
– ABŞ strateqləri Cənubi Qafqazda sülhün əldə olunmasında çox maraqlıdırlar. Bir-birinin ardınca həyata keçirilən səfərlər, telefon danışıqları və görüşlər də bunu deməyə əsas verir. Eyni zamanda bəzi ehtimallara görə, ABŞ-ın özünün sülh variantı var. Bu sülh variantı Nikol Paşinyana təqdim olunub. Paşinyana yaxın media orqanları qeyd edirlər ki, bu sülh variantında Ermənistanın maraqlarına cavab verməyən bəzi müddəalar var. Artıq ehtimal edirik ki, bu müddəlar ərazi bütövlüyü, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bilavasitə bağlı ola bilər. Eyni zamanda Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratdıqdan sonra, əlbəttə, zəmin üzərində mövqeyi güclənib. Digər tərəfdən, bu mövqe həm də diplomatik masaya təsir edir. Qeyd etməliyik ki, aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinkenlə cənab İlham Əliyev arasında telefon danışığı olub. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan sülh təşəbbüslərinin üzərindən xətt çəkir. Bir-birinin ardında baş verən hadisələr – bayrağımızın yandırılması, eləcə də əsir düşmüş hərbi qulluqçularımıza dözülməz işgəncələrin verilməsi, şərti sərhəddə baş verən hərbi-siyasi təxribatlar böyük ölçüdə sülh danışıqlarına zərbə vurur, eyni zamanda sülhlə bağlı yaranan bütün ilkin konturların üzərindən xətt çəkir.
Hazırda Qərbin əsas taktikası bundan ibarətdir ki, qarşıdakı dövrdə keçiriləcək Moskva görüşünün heç bir xüsusi çəkisi olmasın və tərəflər bütün mövqelərini maksimum dərəcədə Vaşinqtonda yaxınlaşdırsınlar. Ümid edək ki, bütün proseslər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində öz məntiqi nəticəsini tapacaq.
Səxavət HƏMİD, “Xalq qəzeti”