Ermənistanda Laçın–Xankəndi yolundakı sərhəddə Azərbaycana məxsus nəzarət-buraxılış məntəqəsinin qurulması ətrafında isteriya davam etməkdədir. Haylar elə vay-şüvən qoparıblar ki, səsləri okeanın o tayınadək gedib çıxır. Amma, hələlik, o tayı bir kənara qoyub, tipik erməni həyasızlığının İrəvan seqmenti üzərində dayanmaq istərdik.
Bəli, belə görünür ki, sərhəd-buraxılış məntəqəsində yoxlamanın keçirilməsinin əksini tapdığı video görüntülərin yayılması erməni avantüristlərini əməlli-başlı haldan çıxarıb. Axı haylar bu vaxtadək belə bir şey görməyiblər. Demək olar, iki yüz ildir o zonada sərhədsiz, istədikləri kimi gəzib, fitnə-fəsad törədiblər. İndi fərqli durum görəndə, şəstlərinə toxunursa– toxunsun!
Əlbəttə, erməni cəmiyyətinin durumdan hiddətlənməyə ixtiyarı yoxdur. Normal düşünsələr, anlayarlar ki, belə yanaşma nəinki səmərəsizdir, eyni zamanda mənasızdır, hətta, ziyanlıdır. Digər tərəfdən, kənardan gülüş doğurur. Yeri gəlmişkən, erməni mediası gülüş səhnələrindən birini yayıb. Yayıb və guya, sərhəd məntəqəsinin qurulmasının qeyri-qanuniliyini “əsaslandırıb”. Təsəvvür edin, bir erməni vətəndaş gəlib sərhəddən keçir. Azərbaycanın sərhəd xidmətçiləri onun sənədini yoxlayırlar. Sonra həmin adam durub mediaya açıqlama verir və deyir ki, pasporta möhür vurmadılar. Hələ bir atmaca da atır. Təxminən belə: necə möhür vursunlar, axı, bunu etmək qanunsuzdur.
Təbii, indiki durumda Qarabağa gəliş-gedişin tənzimlənməsi məsələsi bir qədər mübahisəlidir. Amma, heç şübhəsiz, durum tezliklə aradan qalxacaqdır. Hər şeyin öz vaxtı var. Proseslər Qarabağdakı Ermənistan vətəndaşlarına onların ölkəmizdə qalma müddətləri ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə doğru aparır. Məhz belə olduqda hər şey tənzimlənəcəkdir. Bəli, hadisələr əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı tələblərin oturuşmuş əsaslarının tətbiqinə doğru gedir.
Ancaq mövcud xüsusdakı ilk tədbir kimi Qarabağ ərazisində daimi qeydiyyatı olan şəxslərin müəyyənləşdirilməsidir. Hazırkı şərtlər daxilində bu müəyyənləşdirmə, məhz sərhəddəki nəzarət-buraxılış məntəqəsi vasitəsilə reallaşdırıla bilər. Nəzərə alaq ki, oradan keçən şəxslərin hər birinin foto görüntüsü çəkilir, qeydiyyatı aparılır. Bu prosedurun köməyilə zamanla bölgə əhalisi üçün xüsusi qeydiyyat vərəqələri də hazırlana bilər. Yəni, yaxın iki-üç ayın içərisində bunu etmək mümkündür. Beləcə, müvəqqəti qanuni mexanizmlərin dövriyyəyə girmə imkanları var. Əlbəttə, bu, yuxarıda haqqında söz açdığımız tam mexanizmin gündəmə gəlməsinə qədər mümkündür. Bir daha deyək ki, tam mexanizmin nədən ibarət olması məlumdur: Ya Azərbaycan vətəndaşlığı, ya da qeyri ölkənin, o cümlədən, Ermənistanın vətəndaşlığı arasında seçim.
Sözümüz ondadır ki, Ermənistan cəmiyyətindəki hay-küyün, hazırkı yoxlama prosesini, guya, qanunsuzluq kimi qiymətləndirməyin heç bir anlamı yoxdur. Həm də ona görə anlamı yoxdur ki, indi Azərbaycan, hələlik, güzəşt yolu tutur. Təbiidir ki, güzəşt də müəyyən yerə qədərdir. Getdikcə hər şey yoluna düşəcək və Ermənistana sərf etməyən reallığı dəyişməyin yalnız bir yolu qalacaq.
Yeri gəlmişkən, Ermənistanda həmin yol barədə də söz açılır. Mövcud xüsusdakı yanaşmalardan, nisbətən, pozitiv səciyyə daşıyanını diqqətə çatdıraq. Məsələn, İrəvan Mətbuat Klubunun rəhbəri, ölkənin tanınmış media ekspertlərindən sayılan Boris Novosardyan özünün facebook səhifəsində maraqlı məqama toxunur. Ekspert-jurnalistin fikirləri, müəyyən mənada, erməni cəmiyyətinin gözünü açmaq məramına xidmət edir. Beləliklə, B.Novosardyan bildirir: “Nə istəməyimizdən asılı olmayaraq, biz bir şeyi aydın başa düşməliyik: Həkəri çayı üzərindəki Azərbaycan nəzarət-buraxılış məntəqəsi, yalnız yeni müharibə və ərazilərin bu və ya digər tərəfin xeyrinə dəyişiləcəyi təqdirdə yox olacaq. Ona görə bugünkü səylər onun legitimliyinə meydan oxumağa deyil, iş rejimi, habelə, yoldan istifadə şərtləri ilə bağlı danışıqlar istiqamətində olmalıdır”.
Əlbəttə, jurnalist qeyd etdiyi istiqamətdə diplomatik fəaliyyətin gücləndirilməsini və beynəlxalq vasitəçiliyin effektivliyinin artırılmasını da vacib sayır. B.Novosardyanın fikirlərindəki pozitivlik isə budur ki, o, hay-küyün səmərəsizliyi və mənasızlığı üzərində dayanarkən, həm də konkret reallığı ortaya qoyur. Dolayısı ilə bildirir ki, sərhəd məntəqəsinin olmamasını istəyənlər durumu yalnız müharibə ilə dəyişə bilərlər. Bu isə mümkünsüzdür. Çox güman, Novosardyan da mümkünsüzlüyün fərqindədir. Bunu bildiyinə görədir ki, Qarabağa keçid üçün hansısa fövqəladə rejimin tətbiqinə ümid bəsləyir və hesab edir ki, bu, danışıqların köməyilə mümkündür. Başqa nə desin, daş-qalaq edərlər...
Yenə də gələk tipik erməni ambisiyalarının üzərinə. Axı Ermənistan xarici ölkədir. Heç bir halda onun vətəndaşları üçün Azərbaycana girişdə hər hansı bir əlahiddə qayda-qanun tətbiq edilə bilməz. Əgər tətbiq ediləcəksə, o zaman, gərək Azərbaycan vətəndaşlarının da Ermənistanda maneəsiz, yəni pasport nəzarəti olmadan hərəkətləri təmin edilsin. Bu isə qətiyyən mümkün deyil. Əslində, belə bir gözləntimiz də yoxdur.
Ancaq gözləntimiz ola bilər. Bir daha bildirək ki, Ermənistanın və erməni cəmiyyətinin vəziyyətlə barışmaması, Novosardyanın söylədiyi kimi, yeni müharibə perspektivi ilə mümkünləşə bilər. O müharibə ilə ki, onun baş verəcəyi təqdirdə kimin qalib gələcəyi məlum məsələdir... Ona görə erməni ictimai rəyi sakitləşməlidir. Həm də ona görə sakitləşməlidir ki, hazırda sərhəd bizim məqbul saydığımız yerdədir. Ən əsası isə bunu istəməyənlər üçün yeni sərhəd də müəyyənləşdirə bilərik. Əgər çox arzulasalar.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”