"Ermənistanın sərhəd nəzarət-buraxılış məntəqəsi ilə bağlı iddiaları qəbuledilməzdir". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində öz əksini tapıb.
“Ermənistan XİN-in mətbuat katibinin “Azadlıq” radiosunun sualına cavabında Laçın yolunda sərhəd-keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisindəki silahlı qüvvələri, 8 kəndin hələ də işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur və onları qətiyyətlə rədd edirik”, – fikirlərini Azərbaycan XİN absurd sayır. Həmçinin ölkəmizin öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarının və addımının bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğunluğu və İrəvanın Bakının bu qərarına müdaxiləsinin qəbuledilməz olduğu vurğulanır.
Azərbaycan XİN şərhində sonra deyilir: “Göründüyü kimi, Ermənistan tərəfi Laçın yolunda etiraz aksiyalarını şərh edərkən, sözügedən aksiyaların Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və hərbi təxribatlar üçün istifadəyə qarşı yönəldiyini unudub və Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarını yanlış təfsir etməkdən çəkinmir. Azərbaycanlı ekofəalların Xankəndi–Laçın yolunda keçirdikləri etiraz aksiyalarının, guya, “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu" barədə Ermənistanın iki əsas iddiasının məhkəmə tərəfindən rədd edilməsi faktını Ermənistanın hələ də həzm edə bilməməsi acınacaqlıdır”.
XİN-in şərhində daha sonra qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı son 30 ildə törətdiyi mina təhdidləri məsələsindən boyun qaçırması və öhdəliyi öz üzərindən atması təəssüf doğurur. Məsələ üzrə sonuncu məhkəmə dinləmələri bir daha göstərib ki, Ermənistanın mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub.
Şərhdə deyilir: “Ümumiyyətlə, müstəqillik qazandığı dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz, kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın Azərbaycanı təcavüzdə, “etnik təmizləmədə” və Ermənistana məxsus kəndlərin işğalında təqsirləndirməsi absurddur”.
“Azərbaycan bir daha Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırır”, – xəbərdarlığı ilə bitən XİN-in şərhində birmənalı şəkildə vurğulanır ki, bölgədə sülh və sabitliyin təminatı Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməsindən asılıdır.
“Xalq qəzeti”