Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji dialoqu keçiriləcək. Tədbirdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson və Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edəcəklər.
Avropa Komissiyasının yaydığı məlumata görə, tərəflər Aİ ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın nəticələrini yekunlaşdıracaq və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müzakirə edəcəklər. Tədbirdə tərəflər, həmçinin ekoloji cəhətdən təmiz enerjiyə keçid üzrə əməkdaşlığın inkişaf yollarını, o cümlədən, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan tullantılarının azaldılması ilə bağlı fikir mübadiləsi aparacaqlar.
“Aİ və Azərbaycan nümayəndələri xüsusən qaz tədarükü ilə bağlı vəziyyət, o cümlədən enerji daşıyıcılarının tədarükünün diversifikasiyası və Aİ-yə Rusiyadan qazıntı yanacağının idxalının dayandırılması üçün son il ərzində Aİ tərəfindən görülən tədbirlər haqqında məlumat mübadiləsi aparacaqlar. Onlar Aİ-nin səylərinə dəstək olaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini və Aİ-yə Xəzər qazının əlavə real tədarük marşrutların müzakirə edəcəklər. Ötən il imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda iki tərəfdaş 2027-ci ilədək Aİ-yə ildə ən azı 20 milyard kubmetr qaz tədarük etmək məqsədilə qaz borusunun gücünü ikiqat artırmağı öhdələrinə götürüblər”,–Avropa Komissiyasının məlumatında deyilir.
Qeyd edək ki, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Azərbaycanda “təmiz” enerjinin inkişafına dəstək üçün əlçatan maliyyə vasitələrinin icmalını təqdim etmək məqsədilə Brüsseldə keçiriləcək enerji dialoqunda iştirak edəcəklər.
“Xalq qəzeti”