İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində etdiyi paylaşımda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol” imzalandığını bildirib.
Paylaşımda daha sonra sənədin icrasının qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə növbəti töhfə olacağı qeyd edilib.
Yeri gəlmişkən, son 20 il ərzində Azərbaycanın Türkiyə ilə ticarət əməkdaşlığında yüksək göstəricilər əldə olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ölkəmizin xarici ticarət dövriyyəsinin 12,5 faizi Türkiyə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 12,3 faizini Türkiyəyə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Onu da xatırladaq ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 faiz artaraq 273,9 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Yalnız fevral ayında qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dollarına çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədar olub.
“Xalq qəzeti”