Azərbaycanda “Bayraktar” mərkəzinin açılması Ordumuzun arsenalını daha da gücləndirəcək- BAMF-ın prezidenti

post-img

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında Türk dünyası və beynəlxalq ictimaiyyət üçün olduqca vacib mesajlar verdi. Dövlətimizin başçısının “Bayraktar” mərkəzinin Azərbaycanda fəaliyyətə başlayacağı, “Kızılelma”nın ölkəmizin səmasında görünəcəyi ilə bağlı dedikləri gələcəyə hesablanmış böyük layihələrdən xəbər verir. Bundan əlavə, Azərbaycanın Türkiyənin təbii fəlakət bölgəsində böyük yaşayış massivinin inşasına başlaması da qardaş ölkədə təqdir edildi və alqışlandı. Bu səfər qardaş ölkə mediasının əsas mövzusuna çevrildi. Həmçinin Prezident İlham Əliyevin “TEKNOFEST”də iştirakı dünya mediasının da diqqət mərkəzində oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlmasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

Umud Mirzəyev bildirib ki, Prezident İlham Əliyevin çıxışında Türkiyə xalqının, dövlətinin və Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olduğunu, Şuşa Bəyannaməsini xatırlatması iki qardaş ölkə arasındakı münasibətlərin çox yüksək səviyyəsində inkişaf etdiyini göstərdiyini vurğulayıb.

Dövlətimizin başçısının Türkiyənin son 20 ilinə diqqət çəkərək Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin qazandığı uğurları qeyd etməsi məsələlərə daha aydın şəkildə baxmağa imkan verən amillərdəndir. Azərbaycan Lideri aydın şəkildə bildirdi ki, Türkiyənin regional və qlobal problemlərin həllində rolunun artması, dövlətimizin Avropanın enerji təchizatında ön plana çıxması hər iki ölkənin birgə yürütdüyü uğurlu, uzaqgörən siyasətin nəticəsidir. Heç şübhəsiz, Türkiyənin müxtəlif sahələrdəki güclü inkişafının memarı Rəcəb Tayyib Ərdoğandır. Onun liderliyi ilə qardaş Türkiyə nəinki regionun, hətta dünyanın ən diqqətçəkən ölkələrindən birinə çevrilib.

QHT sədri əlavə edib ki, bu gün Türkiyə Dördüncü Sənaye İnqilabını yaradan ölkələrdəndir. Səmanı fəth edən Türkiyə aviasiya sənayesi ənənəvi olaraq keçirilən “TEKNOFEST” aerokosmik və texnologiyalar festivalında ən innovativ yeniliklərini təqdim edir.

“Türkiyə və Azərbaycan liderlərinin şəxsi dostluq və qardaşlıq əlaqələri münasibətlərimizi fərqli müstəvidə də zirvəyə qaldırıb. Bu gün ölkələrimiz arasında elə sahə yoxdur ki, yüksək səviyyədə inkişaf etməsin. Xüsusilə də Türkiyə ilə hərbi əməkdaşlığımız kontekstində yaxın vaxtlarda Azərbaycanda “Bayraktar” mərkəzinin açılması Ordumuzun arsenalını daha da gücləndirəcək”, - deyən QHT sədri, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri, “TEKNOFEST” festivalında iştirakı və çıxışı zamanı səsləndirdiyi fikirlər hər iki tərəfdə böyük məmnunluqla, qürurla qarşılandı. Dövlətimizin başçısının Türkiyənin artan hərbi gücü, “Kızılelma” ilə bağlı fikirləri böyük önəm daşıyır. Biz növbəti dəfə qardaş ölkə ilə müttəfiqlik münasibətlərimizi, birgə qüdrətimizi bütün dünyanın diqqətinə çatdırdıq. Əminik ki, Türk dünyasının qürur mənbəyinə çevrilən Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə daha böyük zirvələri fəth edəcək. Bu, həm də beynəlxalq dairələrə bir mesajdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Türkiyə dünya miqyasında söz sahibidir. “Böyük iyirmilik”də (G20) olan Türkiyə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatçısıdır. Qardaş ölkənin böyük siyasi mərkəzə çevrilməsi və Türk dünyasının birləşməsində böyük rol oynaması, heç şübhəsiz, Türk dövlətləri üçün də mühüm əhəmiyyət daşıyır. Bununla da dünyaya “Bir yumruq” ifadəsi ilə iki dövlətin bütün sahələrdə birlikdə olmaları bir daha bəyan edildi.

Siyasət