Kolonnanı Cənubi Qafqaza nə bağlayır?

post-img

Dünəndən Fransanın Xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqazın üç ölkəsinə səfəri başlayıb. Səfərin hansı məqsədlə gerçəkləşdiyinə nəzər salacaq, təhlillər aparacaq, reallıqlardan söz açacaq və ehtimallar üzərində dayanaraq, müəyyən nəticələrə gəlməyə çalışacağıq. 

Başlayaq Gürcüstandan. Burada Fransanın tutacaq yeri 2008-ci ilə daya­nır. Belə ki, həmin ilin avqustunda Rusi­yanın Gürcüstana hərbi müdaxiləsi baş vermişdi. Ayın 13-də isə Medvedev-Sar­kozi (Rusiyanın və Fransanın o zamankı dövlət başçıları) razılaşmasından, yəni faktiki olaraq, “Beş günlük müharibə”nin dayandırılmasından, Gürcüstanın işğa­lının durdurulmasından sonra Tbilisinin siyasi elitasında Parisə xüsusi münasi­bət olub. Görünür, Yelisey sarayı həmin münasibəti də regional müstəvidəki söz sahibliyi statusunda təsəvvürə gətirir. Hərçənd, 2008-ci ildən xeyli müddət ke­çib, çox şey dəyişib. Elə Fransanın bey­nəlxalq imici də xeyli aşınmaya məruz qalıb. Digər tərəfdən, bir aşkar reallıq da var ki, Gürcüstan Qərbin hər zamankı maraq dairəsindədir və bu maraqlarda ənənəvi üstünlük Avropaya deyil, daha çox ABŞ-a məxsusdur. 

Təbii, indiki məqamda Gürcüstanın xarici siyasətinin Qərbyönümlü vektoru­nun ciddi şəkildə yenidən nəzərdən keçi­rildiyi amilini də vurğulamalıyıq. Fransaya bu vektorda ziddiyyətləri dərinləşdirmək planlarının olmadığına əminlik vacibdir. Başqa bir yandan, Aİ-də liderliyə iddialı olan bir ölkənin Tbilisini Qərbyönümlü orbitdə saxlamaq üçün öz resurslarını göstərməsi də son dərəcə önəmlidir. Əks halda, o resursları, məsələn, Birləşmiş Ştatlar göstərə bilər. 

Qalır Azərbaycan və Ermənistan. Bəri başdan deyək ki, son dövrlərin si­yasi leksikonunda Fransa-Ermənistan “bacılığı” deyilən bir ifadə yer almaq­dadır. Güman edirik ki, bunun özü hər şeyi deyir, mövcud xüsusda əlavə şərhə ehtiyac yoxdur. Bilavasitə, Kolonnanın səfərinin məqsədinə gəlincə, münaqişəli durumda olan ölkələrlə, yəni Azərbaycan və Ermənistanla birbaşa təmasın aparı­lacağı açıqlanır. Hər halda, Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında belə deyilir. Bildirilir ki, səfər Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq, danışıq­lara dəstək vermək məramına söykənir. Haşiyə çıxaq ki, Gürcüstanda islahatlar prosesini təşviq etmək kimi, niyyət də vurğulanmaqdadır. 

Sual yaranır: Fransa hazırkı dövrdə Azərbaycan və Ermənistan arasında­kı nizamlama prosesinə nə dərəcədə dəstək ola bilər və ya ola bilərmi? Axı ölkə özünün, belə demək mümkünsə, ədalətli hakim imicini çoxdan xərcləyib və Ermənistanla bağlı hər situasiyada bir qədər də xərcləməkdədir. Söhbət, bilavasitə, danışıqlar prosesindən gedir­sə, ötən ilin oktyabrında ona ən sarsıdıcı zərbəni, məhz, Fransa vurmuşdu. 

Bəli, ölkə prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan lider­lərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə artıq ənənə ha­lını almış və müsbət perspektiv vəd edən görüşlərindən birinə – Praqa sammitinə qoşulmuş, üzərindən heç həftə keçmə­miş Azərbaycanı işğalçılıqda, Rusiyanı müttəfiqi Ermənistanın maraq və mə­nafelərini satmaqda günahlandırmışdı. Ondan sonra baş verənlər də məlumdur. Fransa Şarl Mişelin missiyasını, fakti­ki olaraq, iflasa uğratdı. Bu baxımdan Aİ-nin, tərkibində fransız jandarmlarının da olduğu, mülki missiyasının Azərbay­can-Ermənistan sərhədinin Ermənistan tərəfinə gətirilməsi, İrəvana açıq dəstək ifadə edən bəyanatlar və sair məqamlar da vurğulanmalıdır. Beləcə məlum oldu ki, Paris Aİ-ni öz avantürasının alətinə çevirib.

Ən sonuncu iki fakt da ortadadır – Fransanın Xarici İşlər Nazirliyi Ermənista­nın aprelin 11-də törətdiyi təxribatı Bakını üstünə atan bəyanatla çıxış etdi və bu, azmış kimi, bir neçə gün öncə ölkəmizin Laçın-Xankəndi yolundakı şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmasını da pislədi. Belədə sual olunur: Kolonna bölgəyə hansı üzlə gəlir? Onun səfəri nə kimi məqsəd daşıyır? Ümumən, Parisin Qafqazın problemlərini həll etmək üçün hansısa əlavə resursları varmı? Resurs-dan söz düşmüşkən, nəzərə alaq ki, Fransanın da bir vaxtlar təmsil olunduğu ATƏT-in Minsk qrupu artıq yox kimi bir şeydir.

Əlbəttə, Paris Azərbaycan-Ermənis­tan nizamlanmasında özünü əsas oyun­çulardan biri kimi təqdim etməkdə israr­lıdır. Bu israrlılıq isə həm də Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırıl­ması məramını güdür. Dünyanın Ukray­na müharibəsi müstəvisində Rusiyaya qarşı əks cəbhə aldığı hazırkı dövrdə Paris həmin cəbhənin, belə demək müm­künsə, Qafqaz səngərinə komandanlıq etdiyini və bununla da dünyaya özünün bəşəri missiya yerinə yetirdiyini göstər­məkdədir. Əlbəttə, Fransa bu missiya ilə özünün ənənəvi ermənipərəstlik xəttini ört-basdır etməyə də ümid bəsləyə bilər. 

Əlbəttə, ermənipərəstlik nə qədər vacib olsa da, o, Fransanın Qafqaz avantürasında yalnız bir elementdir. Nəzərə alsaq ki, əsas məqsəd Cənubi Qafqazda Rusiya varlığına qarşı müba­rizə aparmaqdır, o zaman bu mübarizə­nin, ümumən, Avropa İttifaqında liderliyə kökləndiyini də vurğulamalıyıq. Onu da nəzərə alaq ki, mövcud xüsusdakı liderlik Parisə, eyni zamanda, Qərb dünyasında lider ampluası da qazandırmış olacaq. Bu isə ABŞ-la, kontinental anlamda isə “köhnə qitə”nin digər dövlətləri ilə rəqa­bət baxımından vacibdir. Söhbət İtaliya, Almaniya və elə Böyük Britaniyanın özü ilə rəqabətdən gedir. 

Bəli, onu da düşünməliyik ki, Fran­sanın Qafqaz optikası Rusiya prioritetlə­rindən çox fərqlidir. Əslində, Paris üçün region ölkələri, fərdi baxımdan, bir o qə­dər önəmli deyil. Fransa, xüsusilə, Em­manuel Makronun prezidentliyi dövründə kontinental liderliyə can atırsa, burada vurğulanmalı başlıca məqam da elə Aİ ilə bağlıdır. Yəni, Parisin böyük tutacaq yeri Aİ-dir. Təsadüfi deyil ki, K.Kolonnanın səfər proqramına avropalı müşahidəçilə­rin Ermənistandakı qərargahına səfər də daxildir. 

Digər tərəfdən, Parislə Bakı arasında münasibətlərin kifayət qədər mürəkkəbli­yinə baxmayaraq, fransalı nazirin Azər­baycana səfərinin İkinci Qarabağ müha­ribəsindən sonra yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədi daşıdığını da söyləmək mümkündür. Çünki Paris Ba­kının Qərb üçün əhəmiyyətini, kifayət qədər, yaxşı dərk etməkdədir. Fransa Azərbaycanın manevr yolu tutaraq onu bölgədən uzaqlaşdırmaq naminə ciddi resurslara malikliyini də bilməmiş deyil. 

Əlbəttə, Kolonnanın bölgəyə səfərin­dən Cənubi Qafqazın geosiyasi dizaynın­da kəskin dəyişikliklər gözləmək yersizdir. Çünki bölgənin gündəmi, ümumən, çox gərgindir və Parisin bu gərginliyə tutarlı adekvat irəli sürmək potensialı yoxdur. Onun bölgədəki təmsilçiliyi Aİ-nin mə­nasız müşahidəçiliyindən o yana getmir. Həm də ona görə getmir ki, buna regional lider kimi Azərbaycanın iradəsi yoxdur. 

Bakı Parisə etimad göstərmir, bilir ki, Fransa hər an ermənipərəst xislətini işə salmaqda israrlı tərpənəcək. Bu etimad-sızlıq isə həm Rusiyanın, həm də Qər­bin anti-Fransa köklənişində olan digər dövlətlərinin işinə yarayır. İkincilər Fran­sanı kəsərsiz obrazda görmək istəyirlər və buna müvəffəq olurlar. Yəni Parisin özünü dünyaya anti-Rusiya cəbhəsinin vacib səngərində dayandığını göstərərək dividend qazanmaq istəkləri də Rusiyaya qarşı ümumi mübarizə müqəddəsliyinin kölgəsində itib-batmaqdadır. Əlbəttə, mövcud durumdan ən çox fayda götürən Moskvadır. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət