Laçın yolunun son nöqtəsində – Ermənistan–Azərbaycan sərhədində Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması artıq labüddür.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev 2023-cü il martın 14-də Almaniyada səfərdə olarkən AFR Prezidenti Frank-Valter Ştaynmayerlə görüşündə Laçın yolunun son nöqtəsində – Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsinin anonsunu vermişdi. Yuxarıda sitat kimi verdiyimiz fikri də Prezident məhz həmin görüşdə səsləndirmişdi.
Təxminən ay yarım bundan əvvəl anonsu verilmiş konkret addımın belə tezliklə atılacağını bəlkə də çoxları gözləmirdi. Amma nəyi və nə zaman edəcəyini zərgər dəqiqliyi ilə düzgün hesablayan təcrübəli diplomat, regional və beynəlxalq müstəvidə aparıcı aktor kimi çıxış edən siyasi strateq İlham Əliyevin dediyi sözə əməl etdiyini, verdiyi vədlərə sadiq qaldığını bölgəyə birbaşa, yaxud dolayısı ilə dəxli olan bütün oyunçular yaxşı bilirlər. Axı, regionun liderinə, aparıcı dövlətinə çevrilmiş Azərbaycan həm də avropalı tərəfdaşları ilə gerçəkləşdirdiyi transmilli layihələrdə də özünü güvənilən, etimad olunan partnyor kimi təsdiqləyib.
Deyilibsə, əməl edilməlidir
İndi hər şey o qədər rahat və asan görünür ki... Amma o zaman, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar, İrəvanın Laçın dəhlizinin eninin 20 kilometr olması və Ermənistanın nəzarətinə verilməsi kimi təxribatçı cəhdlərinin qarşısını Prezident İlham Əliyev sərt və birmənalı mövqeyi ilə aldı. Üstəlik, yeni yolun inşası, Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar sənəddə öz əksini tapdı. Bəli, 2022-ci ilin sentyabrında bir güllə belə atılmadan Laçın Azərbaycanın nəzarətinə keçdi. Sentyabrın 21-də Prezident İlham Əliyev Laçına səfər etdi, şəhərin mərkəzində üçrəngli Azərbaycan Bayrağını şəxsən özü qaldırdı. Hər bir azərbaycanlının qürur duyduğu həmin epizodda cənab Prezidentin dediyi sözlər indi də qulağımızdadır: “Cəmi bir il 8 aydan sonra alternativ yol hazır idi. Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət göndərərək xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək, onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq. Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır”.
Separatizmə uyanların burnu ovulur
Bəs, bunun ardınca Qarabağ iqtisadi rayonumuzda yaşayan ermənilər nələrə əl atdılar? Torpağımızda qalmış Ermənistan ordusunun qalıqları, revanşist-daşnak təxribatçıları aranı sakit, bizi isə üzüyumşaq görüb, gizli yollarla Hayastandan Qarabağa silah-sursat, mina daşımağa başladılar. Ermənilərin Azərbaycandan taladıqları təbii sərvətləri Laçın yolu ilə Ermənistana çıxarmaları, yerli hərbi kontingent formalaşdırmaq cəhdləri artıq Bakının səbir kasasını doldurmaqda idi. 2022-ci ilin dekabrında ermənilərin aşkar görünən qanunsuz əməllərinin qarşısına sədd çəkməkdən ötrü Laçın-Xankəndi yolunun üstündə ekofəalların, QHT nümayəndələrinin, gənc vətənpərvərlərin dinc etiraz aksiyasına start verildi. Əgər dünyanın milli-azadlıq hərəkatlarının tarixinə nəzər yetirsək, bu aksiyanı işğalçılara qarşı dinc müqavimətin zirvəsini kəşf etmiş və bununla da Birləşmiş Krallıqdan istədiyini almağı bacarmış dahi Mahatma Qandi təcrübəsindən az da olsa bəhrələndiyimizi söyləyə bilərik. Belə humanist xarakterli etiraz üsullarından çox-çox uzaq olan daşnak separatçıları Azərbaycana qarşı əməlli-başlı “diplomatik savaş kampaniyası” açır, beynəlxalq məhkəmələrə müraciət ünvanlayır, xarici mediada ölkəmizə qarşı qara piar aparır, Qarabağda “etnik təmizləmə siyasəti həyata keçirilməsi”ni car çəkirdilər. Belə bağırtı, haray-həşirlə müşayiət olunan və bəzi xarici dairələrin züy tutduqları təzyiqlər Prezident İlham Əliyevi qətiyyətli mövqeyindən geri döndərə bilməzdi. Və Bakı öz haqqını israrla tələb etdi. Cənab Prezident yenə humanistlik nümunəsi göstərərək, Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət ünvanladı, onları Bakıya dəvət etdi. Amma Azərbaycanın xoşməramlı çağırışları cavabsız qaldı.
Erməni əhalinin təhlükəsizliyinə təminat verilir
Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla, yalnız revanşist-daşnakların növbəti təxribatlarının qarşısını almadı, eyni zamanda, özünün ərazi bütövlüyünü tam bərpa etdi, bölgənin dinc erməni əhalisinin təhlükəsizliyinə təminat veriləcəyini təsdiqlədi. Son səkkiz ayda Qarabağda cərəyan edən hadisələr, daşnakların şərti sərhəddə, gizli yollarda törətdiyi silahlı insidentlər Bakının qəti tədbirlərə əl atacağını zəruriləşir və bununla bağlı konkret çağırışlar səslənirdi.
Yeri gəlmişkən, Azərbaycan beynəlxalq müstəvidə antiterror koalisiyasının üzvüdür. Həm də bu səbəbdən sivil dünya bu məsələdə ölkəmizə mütləq dəstək nümayiş etdirməlidir. Ayrıca regionun təhlükəsizliyi baxımından da bunun alternativi yoxdur. Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə dövlət başçısı sadə şəkildə izah etmiş oldu ki, bu, qanunçuluğun təminatı, həm də antiterror fəaliyyətinin bir qoludur.
Əslində, Laçın yolunun üstündəki sərhəd postumuz elə şərti sərhədlə bağlı müzakirələrə, Hayastanın çeşidli dirənişlərə son nöqtəni, dəqiq desək, nida işarəsini qoymuş oldu. Necə ki, Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida!”,- demişdi, indi də sərhəddə nəzarət-buraxılış məntəqəsi məsələsinə də eyni durğu işarəsini qoyduğunu söyləyə bilərik. Vəssalam!
İmran BƏDİRXANLI, “Xalq qəzeti”