Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və ölkəmizin Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Xatırladaq ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükünün “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcəyi nəzərdə tutulur.
Bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsi olaraq respublikamızın regional geosiyasi və geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Burada başqa bir məqamı da qeyd edək. Sözügedən Anlaşma Memorandumunun imzalanması ölkəmizin Balkan regionunda indiyədək mövcud olan nüfuzunun əsaslı şəkildə gücləndirilməsini şərtləndirəcək, həmçinin Bolqarıstanla əməkdaşlığın yeni mərhələyə daxil omasını gerçəkləşdirəcək.
Yeri gəlmişkən, Azərbaycan–Bolqarıstan münasibətləri son illər dinamik inkişafı ilə xüsusi diqqət çəkib. Bu Prezident İlham Əliyevin 2015-ci ildə bu ölkəyə səfəri zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə yeni keyfiyyət müstəvisinə yüksəlib. Belə bir böyük əhəmiyyət daşıyan sənədlə Azərbaycan–Bolqarıstan əməkdaşlığı həm ikitərəfli formatda, həm də beynəlxalq səviyyədə müsbət nəticələrlə müşahidə olunub. Bütün bunlarla bərabər, 2022-ci ilin oktyabr ayında Yunanıstan–Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsi ilə respublikamızın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kubmetr təbii qazın hər il Bolqarıstana nəqlinə əlverişli imkan yaradılıb.
Yuxarıda adıçəkilən qaz interkonnektoru dövlətimizin başçısının ötən ilin oktyabrında Bolqarıstana rəsmi səfəri çərçivəsində istifadəyə verilib. Şübhəsiz ki, bu məsələdə Azərbaycan tərəfindən başlanan və Avropa İttifaqının (Aİ), o cümlədən, ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələri sırasında Cənub Qaz Dəhlizi layihəsi xüsusi yer tutub. Bu cür nəhəng layihə respublikamızın neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, eyni zamanda, Aİ-nin cənubunda enerji təhlükəsizliyinin gerçəkləşməsini şərtləndirib.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il martın 11-də Bolqarıstan Prezidenti Rumen Radev ilə videokonfrans formatında keçirdiyi görüşdə dost dövlət başçısı çıxışında Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən bu infrastrukturun mükəmməl və heç bir problem olmadan işlədiyini, ölkəsinin Azərbaycandan qaz aldığına görə, məmnun olduğunu vurğulayıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Həmin vaxt Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Eyni zamanda, təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını da şaxələndirməyə nail olub.
Onun da deyək ki, son illərdə Azərbaycanın Bolqarıstanla iqtisadi əlaqələrində enerji tədarükü ilə yanaşı, müxtəlif sahələrdə, o cümlədən, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilib. Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Belə ki, təkcə 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub. Bu dövrdə iki dost ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub.
Beləliklə, 2015-ci ilin martında imzalanmış Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin icrası əməkdaşlığın möhkəmlənməsini şərtləndirib, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq münasibətlərin yüksək səviyyədə inkişafına önəmli təsir göstərib.
“Xalq qəzeti”