Ötən əsrin doxsanıncı illərinin ortalarından “Xalq qəzeti”nin baş redaktor müavini vəzifəsində çalışmış rəhmətlik Mahir Nəbili ilə (şəkildə sağdan birinci) 1995-ci ilin payızında tanış olmuşdum. Bu qəzetin humanitar redaksiyasının gənclik problemləri və idman şöbəsində işə qəbul olunduğum elə ilk günlərdən aydın hiss etdim ki, Mahir müəllim idmana bağlı adamdır, elə hər fürsətdə ölkədə və dünyada baş verən idman hadisələri haqqında danışmaq üçün vaxt ayırmağa heyfsilənmir. Hərdən, şahidi olduğum kimi, özü də “qollarını çırmalayıb” uzun vərəqlərdə iri hərflərlə geniş həcmli materiallar hazırlayıb, operativ şəkildə dərc etdirirdi.
Həmin gün də “Xalq qəzeti”nin mətbuat mərkəzində futbolun işığına toplaşmışdıq. Digər KİV-lərdən də qonaqlarımız az deyildi. Əllərdəki, masaların üstündəki qəzet o vaxtlar hamının hər nömrəsini maraqla gözlədiyi, yığcam, amma qətiyyətli, cəsarətli “Səhər”in nüsxələri idi. Nəşrin baş redaktoru, əməkdaşlığa mən hələ “İdman”da işlədiyim illərdən başladığımız, “Xalq qəzeti” redaksiyasında bu görüşün keçirildiyi gündə isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında mətbuat xidmətinin rəhbəri, təəssüf ki, artıq bir ilə yaxındır qələmi ilə də, futbolla da vidalaşıb ömrünün yetmişinci ilində həyatı tərk etmiş Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə tədbirin təşəbbüsçülərindən biri idi və bizimlə üzbəüz tərəfdə əyləşmişdi. Yığıncaqda ölkə futbolunda yaranmış vəziyyət, görülən işlər, bu yöndə mətbuatın köməyinin artırılması zərurəti haqqında ətraflı söhbət getdi. Bu zaman M. Nəbili və hazırda da “Xalq qəzeti”nin Gəncə bölgəsi üzrə təmsilçisi Hamlet Qasımov da (soldan birinci) müzakirə olunan məsələyə biganə qalmadılar.
Sonralar həmin tədbirin məqsədindən, amalından irəli gələn, Azərbaycan yığma komandasına dəstəyimizi ifadə edən “Milli komanda bütün millətin komandasıdır” başlıqlı, “Ona hamılıqla can yandırmasaq, hamıya uduzarıq” yarımbaşlıqlı bir yazı ilə də çıxış etdik. Təəssüf ki, o vaxtdan bəri heç nə dəyişməyib, nəsə bir irəliləyiş yoxdur. Komandada futbolçular, məşqçilər bir-birlərini əvəz etsə də, yenə dünya və Avropa çempionatlarının seçmə mərhələlərində turnir cədvəlinin sonuncu pilləsində qalırıq. Nə vaxtadək belə olacaq, nə vaxtadək mundial, Avropa çempionatı arzumuz gözümüzdə qalacaq?
Bayaq Hamlet müəllimi xatırladım. Futbol bizi hələ o illərdə yaxınlaşdırmışdı. Bu gözəl oyun sayəsində bir neçə dəfə Gəncəyə, “Kəpəz”in görüşlərinə, eləcə də, komandanın çempionluğu şərəfinə keçirilən şənliklərə dəvət olunmuşdum. Bir dəfə – 1997-ci ilin avqust ayında Gəncəni məyus halda tərk etməyim də yadımdadır. Onda “Kəpəz”in doğma azarkeşlər qarşısında UEFA Kuboku turnirinin ilkin mərhələsində Latviyanın “Dinaburq” (Riqa) komandasına uduzması bir qədər gözlənilməz olmuşdu. Slovakiyalı hakim Milan Mitroviçin idarə etdiyi oyunun taleyini qonaqların penalti ilə vurduqları yeganə qol həll etmişdi.
H. Qasımov “Kəpəz”in öz pərəstişkarlarına çempionluq sevinci yaşatdığı dövrdə komandanın uğurlarına klubun mətbuat xidmətinin rəhbəri kimi töhfəsini verirdi. Azarkeşlər həmkarımın fəal iştirakı ilə nəşr olunan və Gəncənin futbol həyatına xüsusi rövnəq verən “Kəpəz” qəzetini razılıqla qarşılayırdılar. Materialları ayda iki dəfə Gəncədən Bakıya gətirilib “Azərbaycan” nəşriyyatında rəngli şəkildə çap olunan 8 səhifəlik qəzetin redaksiya heyətinin üzvü kimi mən də onun nömrələrinin hazırlanması işinə cəlb edilmişdim. Maraqlı idi.
Futbolumuzun müstəqillik dövründə “Kəpəz”in uğurları və sevincləri az olmayıb. Gəncə təmsilçisi indi isə uzun fasilədən sonra yenidən güclülər dəstəsində oynayır. Təbii ki, komanda hələ medallar uğrunda mübarizə aparmır, Premyer Liqada yerini qorumağa çalışır. Özü də çox mürəkkəb şəraitdə. Bütün digər səbəbləri bir kənara qoyub, təkcə onu yada salaq ki, meydança yararsız vəziyyətdə olduğuna görə çempionatın əvvəlindəki kimi yenə komanda ev oyunlarını evdən kənarda, Qəbələ şəhər stadionunda oynamağa məcburdur. Halbuki futbolda “doğma divarlar” və ya “evdə divarlar da kömək edir” anlayışları təsadüfən “meydana” çıxmayıb. Heç olmasa, növbəti çempionatadək tribunalar, meydança, ot örtüyü böyük futbolun tələb etdiyi səviyyəyə çatdırılsın və stadion öz qapılarını pərəstişkarlarının üzünə taybatay açsın.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist