Sosial şəbəkələr dəryadır. Burada bildiyimiz, bilmədiyimiz minlərlə informasiya, maraqlı hadisə ilə, dəyərli bilgilərlə tanış oluruq. Və təbii ki, dünyanın hər yerində yayılan xəbərlər bizi yeni bilgilərlə zənginləşdirir. Eyni zamanda, bəzən özümüzə, adət-ənənələrimizə də kənardan, başqa xalqların gözü ilə baxmaq imkanı qazana bilirik.
Məsələn, hesab etmək olar ki, Azərbaycanda məşhur “Qafqaz əsiri” filminə baxmayan yoxdur. Bir çoxlarımız bu filmə hətta dönə-dönə tamaşa etmişik. Hər dəfə də film özünün bənzərsiz koloriti, Qafqazdakı adət-ənənələrin təkrarsızlığı, eləcə də yumoru ilə diqqətimizi cəlb edib, marağımıza səbəb olub.
Amma sən demə...
Bu günlərdə “facebook”dakı həmişə maraqla izlədiyim “Sosial media” səhifəsində rast gəldiyim kiçik bir informasiya bu filmlə bağlı təsəvvürlərimi yenilədi. Sən demə, eyni süjetli film keçən əsrin 1930-cu ilində ABŞ-da da çəkilibmiş. Filmin adı isə “Fırıldaqçının mahnısı” imiş.
Bir sözlə, sosial şəbəkədəki məlumatla tanış olaq:
“S.Lorell, L.Tibbet və O.Xardi. Bu üç aktyor ABŞ-da 1930-cu ildə çəkilmiş “Fırıldaqçının mahnısı” kinofilminin personajlarıdır. Rejissorlar Berrimor və Rouçun çəkdiyi bu filmdə Qafqazda bir qızın evlənmək üçün qaçırılmasından bəhs edilir. Ehtimal olunur ki, XX əsrin 60-cı illərində Leonid Qaydayın çəkdiyi “Qafqaz əsiri” kinofilminin motivləri məhz bu filmdən götürülmüşdür”.
Səhifədə adı çəkilən aktyorların şəkilləri də verilib. Hətta ötəri nəzərlə baxanda belə “Qafqaz əsiri”ndəki aktyorların da bu şəkildəkilərə uyğun seçildiyini görmək mümkündür. Süjet də tamamilə eynidir...
İndi kimin süjetinin kim tərəfindən mənimsənildiyini bir tərəfə qoyaraq, başqa bir məsələyə diqqət çəkək: demək, Qafqaz yaxın Rusiya üçün olduğu kimi, uzaq ABŞ üçün də həmişə maraqlı olub – həm keçən əsrin 30-cu, həm də indi…
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”