Lionel Messi "Barselona"ya qayıdır?

post-img

Son günlər dünya futbol ictimaiyyətinin diqqəti Lionel Messinin üzərində cəmləşib. Bunun bir səbəbi onun böyük azarkeş kütləsi tərəfindən sevilməsidirsə, digər səbəb isə son dünya çempionunun sabiq klubuna yenidən qayıdacağı ilə bağlı yayılan söz-söhbətlərdir. 

Belə ki, son bir həftədə Lionel Messinin PSJ ilə yollarını ayıracağı ilə bağlı mətbuatda silsilə xəbərlər dərc edilir. 

Daha bir maraqlı xəbər isə Parisin "Le Parisien" nəşri təeəfindən yayımlanıb. Bu dəfə mövzu bir qədər fərqlidir. Belə ki, mənbə yazır ki, Fransanın PSJ klubu futbolçusu Lionel Messi ilə yollarını ayıracaq. 

Hətta "Le Parisien" bir qədər də məsələni dəqiqləşdirərək qeyd edir ki, Paris təmsilçisi argentinalı hücumçunun cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Klub rəhbərliyi 36 yaşlı hücumçu ilə yeni sözləşmə barədə danışıqları dayandırıb. İddialara görə,  buna futbolçunun yüksək məvacib tələb etməsi səbəb olub.

Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 36 matçda 20 qol vurub, 19 məhsuldar ötürmə edib.

Qeyd edək ki, La Liqa təmsilçisi "Barselona" sabiq furbolçusunun kluba geri qayıtmasına müsbət baxdığını gizlətməyib. Bu yaxınlarda Leonun geri qayıdacağı təqdirdə "Barselona” ona ildə 10 milyon avro təklif edə bilər. Bu, kataloniyalıların ödəyə biləcəyi maksimum məbləğdir.

Bundan başqa, argentinalı hücumçu maaşdan əlavə, sponsorluq müqavilələrinin bir hissəsini, eləcə də ev matçlarına biletlərin və adının olduğu köynəklərin satışından gələn pulu ala bilər ki, bunla da onun maaşı Fransanın PSJ klubunda aldığı məvaciblə eyni ola bilər. 

Kataloniya klubunun rəhbərliyi Messinin “Barsa”ya qayıtması üzərində çalışdıqlarını bildirib. Baş məşqçi Xavi Ernandes də Leonun yenidən komandanın bir üzvü olmasını istədiyini açıqlayıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman