Laçın yolu xoş mərama açıqdır

post-img

Dünya tarixinə, bəlkə də, ən ədalətli və uzunömürlü aksiyalardan biri kimi daxil olacaq Azərbaycan ekofəallarının Laçın–Xankəndi yolundakı etiraz aksiyası tarixi missiyasına daha bir addım yaxınlaşdı. Xalqımızın öz ərazilərində erməni vəhşilərinin ekoloji terrorunu dayandırmaq üçün etiraz səsini ucaltması xoşməramlılığı ilə diqqət çəkir. Ekoloji təmiz dünyanın bir parçası olaraq təbiətimizi viran qoyan, onu tamamilə məhv edərək yer üzündən silməyə cəhd göstərən düşməni dayandırmaq istəyirik. Bununla belə, dinc əhali üçün heç bir problem yaratmadan, hətta kömək belə lazım olarsa yardım əlimizi uzatmaqla aksiyanı davam etdiririk.

Aksiyanın 125-ci günündə də Ru­siya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomo­billərin Xankəndidən Laçın istiqamə­tinə və əksinə sərbəst hərəkəti təmin edilib. Humanitar məqsədlər üçün yol açıq olub. Dünya mətbuatında da eko­aksiyaçılarımızın məramı, eləcə də ak­siyanın keçirildiyi ərazilərdə humanitar məqsədlər üçün heç bir məhdudiyyətin olmaması ilə bağlı fikirlər əksini tap­maqda davam edir. 

Ötən aylar ərzində Azərbaycanın vətəndaş cəmiyyətlərinin üzvlərinin, könüllülərin, tələbə gənclərin iştirakı ilə keçirilən aksiyada hərəkət azad­lığı və digər məsələlərlə bağlı heç bir neqativ faktın, hadisənin baş ver­məməsi cəmiyyətimizin hansı amala xidmət etdiyini açıq göstərir. Regionda sülhün, əmin-amanlığın əsas qarantı­na çevrilən Azərbaycanda dövlətçilik ənənələri o qədər güclüdür ki, sanki hər bir şəxsin iliyinə qədər işləyib. Hər bir hərəkətimiz və əməlimizlə dövləti­mizin imicini qoruyub, nüfuzunu qaldır­mağa çalışırıq. 

Sabitliyə, sülhə zərbə vurmaq üçün təxribatları davam etdirən düşmənin isə Azərbaycan əsirinə qarşı etdiyi vəhşilikləri və onu qəsdən yaymasının ardınca, İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı Dövlət Bay­rağımızı yandırması bu millətin xislətini bütün çılpaqlığı ilə göstərdi. Həmçinin dünyaya açıq mesaj verdi ki, bu millət üçün müqəddəs heç nə yoxdur.

Xalqımıza məxsus olan ən ali dəyərləri özündə birləşdirən vətəndaş­larımız isə çox çətin şəraitdə, ən sərt havalarda belə bir an da olsun aksiya­nı dayandırmaq barədə düşünmürlər. Bu, cəmiyyətimizin bütövlüyünün, ana təbiətə bağlılığımızın göstəricisidir. Dünyaya açıq olan, sülhə, əmin-aman­lığa böyük töhfələr verən Azərbaycan ərazilərində ekoloji terror törətməkdə davam edən ermənilərə dünya ictima­iyyəti tərəfindən təpki göstərilməsini gözləyir. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

Siyasət