QHT sədri: Fransanın ermənipərəst mövqeyi təhlükəsizliyə və inkişafa təhdiddir

post-img

Ermənistan tərəfinin aprelin 11-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Fransanın bəyanatı qərəzli, reallığı əks etdirməyən və regionda sülhə təhdid yaradan növbəti təxribatçı hərəkətidir. Bu gün dünyanın gözü qarşısında Azərbaycan əsgərinə qarşı işgəncə faktı qeydə alınıb. Müxtəlif beynəlxalq konvensiyalara zidd olan bu faktı görməzdən gələn Fransa erməni tərəfinin təxribatı nəticəsində baş vermiş insidenti yumuşaltmaq əvəzinə, regionda silahların “danışması” üçün əlindən gələni edir. Zaman göstərdi ki, Fransanın bəyanatlarının və ümumilikdə mövqeyinin Azərbaycana heç bir təsiri yoxdur. Azərbaycan özünün ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini davam etdirir və etdirəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

QHT sədrinin sözlərinə görə, bu gün Fransanın Ermənistanın ərazi bütövlüyü məsələsini gündəmə gətirməsi gülməli görünür. Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən 30 il işğal altında saxlandığı vaxt BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Fransa dövləti niyə danışmırdı? Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa BMT-nin Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyi və bu işğala son verilməsini təsdiqləyən qərarın icrası üçün niyə addım atmırdı? Bu qərarların icra olunması ilə bağlı bəyanat vermirdi? 30 illik işğal dövrünün təqribən 25 ilində məhz Fransanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupu işğal faktına son qoymalı idi. Amma əksinə, Fransa bu işğal faktının mökəmlənməsinə xidmət edən dövlət olub.

“Hesab edirəm ki, Fransanın işğalçı dövlətin yanında olması həm də onun öz daxili xarakterindən irəli gəlir. Fransız müstəmləkəçiliyi dünya tarixində qara iz buraxıb. Uzun müddət müstəmləkəçilik siyasəti aparan və bu günədək də bu siyasəti davam etdirən Fransanı Ermənistan ilə həm də bu amil birləşdirir.

Müasir dünya düzənində açıq formada bir xalqın dilinin qadağan edilməsi soyqırımı faktı ilə eyni tutulmalıdır. Fransada Korsika dilinin qadağan edilməsi həmin xalqın soyqırımı deməkdir”, - deyə QHT sədri qeyd edib.

C.Hüseynzadə bildirib ki, hazırda Cənubi Qafqazda təhlükəsizlik baxımından həssas vəziyyətin yarandığı bir dönəmdə Fransanın davamlı ermənipərəst mövqeyi təkcə Azərbaycana qarşı deyil, ümumilikdə dünyada təhlükəsizliyə və inkişafa təhdiddir. Məhz Azərbaycanın yürütdüyü siyasət region ölkələrinin iqtisadi maraqlarının qorunması ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat körpüsünü yaradır. Bu baxımdan Fransanın hərəkətləri beynəlxalq hüquqa və ədalətə qarşı olmaqla yanaşı, eyni zamanda, beynəlxalq iqtisadi inkişafa və beynəlxalq təhlükəsizliyə ziddir.

Siyasət