Rusiya yeni düzən, Ukrayna qələbə sevdasında

post-img

Rusiya-Ukrayna müharibəsinin taleyi dünyann gündəmində bir nömrəli məsələ olaraq qalmaqdadır. Bu məsələ ətrafında hər gün müzakirələr aparılır. O, Çində danışıqların predmeti olur, Türkiyədəki görüşlərdə əsas mövzuya çevrilir, BMT-də qaldırılır, başqa təşkilatlarda, NATO-da, Avropa İttifaqında müzakirə olunur, ikitərəfli, çoxtərəfli danışıqların masasına çıxarılır. Hamı bu müharibənin tez, mümkün olarsa, lap bu gün başa çatmasını, sülh yaranmasını istəyir. Amma müharibə tərəflərinin də, onlara dəstək vermək iddiasında bulunanların da öz maraqları var və bu maraqlar ağır, dağıdıcı münaqişənin bitməsinə, Ukrayna xalqının, eləcə də rus xalqının böyük faciədən xilas olmasına imkan vermir. 

Son günlərdə Ukrayna böhranı Türkiyədə geniş müzakirə olundu. RF XİN başçısı Sergey Lavrov bu ölkədə səfərdə oldu, türk həmkarı Mövlud Ça­vuşoğlu ilə, dövlət başçısı Rəcəb Tay­yib Ərdoğanla görüşdü. Söhbət, təbii ki, sülhdən getdi. Amma bu sülhü necə əldə etməli? Bax, bu suala cənab Lav­rovun cavabı hələ “bu xəmirin çox su aparacağını” göstərdi. 

S.Lavrov qəti şəkildə bəyan etdi ki, ölkəsi Ukraynada müharibənin başa çatması üçün dünya düzəninin dəyiş­məsini tələb edir. Onun sözlərinə görə, Moskva məsələnin sülh yolu ilə nizam­lanması üçün Qərb ölkələrinin qaranti­yasına ehtiyac duyur: “Söhbət ondan gedir ki, yeni dünya düzəni hansı prin­siplərə əsaslanacaq: bizim hamımıza lazım olan, yoxsa dünya düzəni adına birtərəfli, bizim prezidentimizin dediyi kimi, “bir hegemonun bir düzəni” prin­sipinə? Rusiya dövlətlərin böyük ək­səriyyəti ilə birgə istəyir ki, yeni dünya düzəni BMT Nizamnaməsinin kollektiv Qərb tərəfindən birbaşa pozulan prin­siplərinə əsaslansın”. 

Amma təəssüflər olsun ki, Lavro­vun “kollektiv Qərb” adlandırdığı tərəf bu istəklərdən çox uzaqdır. “Kollektiv Qərb” yeni dünya düzənini bir tərəfin hegemonluğu üzərində qurmağa çalı­şır və birbaşa bəyan edir ki, Ukrayna müharibəsi Rusiyanın məğlubiyyəti ilə başa çatmalıdır. Yaxud Rusiya məğlub olmayınca Ukraynada müharibə başa çatmayacaq. 

RF XİN başçısı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında onu da bildirib ki, Rusi­ya Ukrayna ərazisindəki vəziyyətin ni­zamlanması üçün danışıqlardan imtina etmir: “Həm prezident, həm də Rusiya nümayəndə heyəti dəfələrlə bildiriblər ki, biz danışıqlardan imtina etmirik. Lakin danışıqlar yalnız bizim qeyd etdi­yimiz əsasda, Rusiyanın maraqları və qanuni narahatlıqlarının nəzərə alın­ması əsasında aparıla bilər”.

Buradaca qeyd edək ki, Rusiyanın maraqları çərçivəsində nizamlama bi­rinci növbədə “ev sahibinə” – Ukrayna­ya sərf etmir, ikinci növbədə isə onun müttəfiqi olan “kollektiv Qərb” bu fikri yaxına belə, buraxmır. Çünki bu fikir özündə İkinci Dünya müharibəsi nəticə­sində formalaşmış sərhədlərin dəyişdi­rilməsinə gətirib çıxarır ki, bu da dünya­da qarşısıalınmaz presedentlərə səbəb ola bilər. Yəni nə Kiyev, nə də “kollektiv Qərb” Ukraynanın ərazi bütövlüyünün pozulması ilə razılaşmır. Ukrayna bir­mənalı olaraq rus qoşunlarının ölkənin bütün ərazisindən, o cümlədən Krım­dan çıxarılmasında israrlıdır. Demək, heç kim, heç bir tərəf “kürəyini yerə qoy­maq” istəmir. Belə olan halda isə hansı sülhdən danışmaq olar?!

Odur ki, qarşılıqlı ittihamlar, ziddiy­yətlər, bunlarla paralel ağır, dəhşətli döyüşlər davam edir. Donbas xaraba­lığa çevrilir, hər iki tərəf böyük insan itkisi ilə üzləşir. Ukraynaya ən müasir Qərb silahları göndərilir. Rusiya özü­nün cəbbəxanasını dost hesab etdiyi ölkələrin müasir hərbi texnikaları, xü­susən İran PUA-ları ilə zənginləşdirir. Belarusda yeni, təhlükəli silahlar yer­ləşdirəcəyini bəyan edir. Bəzən mü­haribə Rusiya ərazisinə keçir, Ukrayna ilə sərhədə yaxın Brayansk ərazilərinə zərbələr endirilir. 

Dünənki məlumatlara görə, Uk­rayna ordusunun bölmələri Rusiyanın Bryansk vilayətindəki sərhədçilərin ba­zasına zərbə endirib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, Rusiya sərhədçiləri arasın­da xeyli ölən və yaralanan olub. Bu, rus hərbçilərin söhbətinin əks olunduğu audioyazıdan məlum olub. 

Bundan əlavə, artıq xeyli vaxtdır ki, Ukraynanın yaz hücumuna başlayaca­ğı haqqında xəbərlər dolaşmaqdadır. Doğrudur, artıq yazın ikinci ayının birin­ci rübü başa çatır, amma belə bir hərə­katın başlandığını görmürük. Bununla belə, yaz hücumu ilə bağlı yeni-yeni xəbərlər alırıq. 

Dünənki məlumata görə, Ukrayna rəhbərliyi yazda əks-hücum əməliy­yatına başlamaq üçün çağırışçıların böyük səfərbərliyinə hazırlaşır. “Foks Nyus”un analitiki Corc Barros bu barə­də özünün məqaləsində qeyd edib: “Biz Ukraynanın əks-hücumu ərəfəsin­dəyik”.

Siyasi şərhçinin fikrincə, yeni səfər­bərliyə cəlb edilənlərin sayı 2022-ci ilin payızındakı tədbirdən təxminən iki dəfə çox olacaq. 

Bəli, hələ ki, silahlar əldədir, on­ları heç kəs yerə qoymaq istəmir. Bu isə o deməkdir ki, hələ Rusiyanın istədiyi yeni dünya düzəni haqqında düşünən və danışan yoxdur. Hələ ki, bütün söhbətlər və diqqətlər “yaz hü­cumu” üzərində cəmləşib. Amma sülh prosesi də gündəlikdədir. Ağıllı başlar, xüsusən Türkiyə sülh istiqamətində ar­dıcıl və inadlı səylər göstərir. Üstəlik, bir məsələ var ki, bütün müharibələr sonda sülhlə başa çatır. Demək, sülh mütləq olacaq. Baxır hansı şərtlər daxi­lində... 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət