Dünən Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb. Bu barədə ÇXAO-nun şərq qoşunları komandanlığı bəyan edib. Məlumatı TASS verib.
Qoşun komandanlığının rəsmisi polkovnik Şi İ bildirib ki, hərbi təlim və patrul fəaliyyəti “Tayvanın müstəqilliyi”nə can atan separatçıların və onları dəstəkləyən xarici qüvvələrin təxribatlarına ciddi xəbərdarlıq, Çinin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün vacib məsələdir. “Birgə qılınc” adlanan əməliyyat aprelin 10-dək davam edəcək.
Qeyd edək ki, Çinin ada ətrafındakı təlimləri Tayvan lideri Tsay İnvenin Mərkəzi Amerikaya səfəri zamanı Los-Ancelesdə ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir. Rəsmi Pekin həmin görüşə etirazını bildirmişdi.
Xatırladaq ki, İkinci Dünya savaşından sonra Çində vətəndaş müharibəsində Mao Tzedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Koumintan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bəyan edir. Ada Çin Xalq Respublikasının qurulmasından öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir.
“Xalq qəzeti”