Bölgəmizin iki destruktiv ölkəsi olan Hayastanla İran arasında əlaqələr gündən-günə genişlənir. Əlbəttə, bu əməkdaşlıq Azərbaycana qarşı yönəlməsəydi, biz buna heç əhəmiyyət də verməzdik. Ancaq, təəssüf ki, Hayastan–İran müttəfiqliyinin nüvəsində Azərbaycana qarşı fəaliyyət dayanır.
Bu istiqamətdə sonuncu addım Hayastanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Tehrana işgüzar səfər etməsidir. Təhlükəsizlik şurasının ofisindən onun aprelin 9-da İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə danışıqlar aparacağı barədə məlumat verilib.
Qeyd edək ki, Qriqoryanla Şamxani sonuncu dəfə ötən ilin iyulunda İrəvanda görüşüb. Budəfəki səfər zamanı hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb. Ancaq təhlükəsizlik şuralarının katiblərinin görüşündə hansı məsələlərə toxunulacağını güman etmək o qədər də çətin deyil. Aydın məsələdir ki, Qriqoryan və Şamxani regional təhlükəsizlik məsələlərini nəzərdən keçirəcəklər. Onların görüşü Hayastan-İran əlaqələrinin daha da möhkəmlənməsini hədəfləyir. İranın son aylarda Azərbaycana qarşı açıq-saçıq fəaliyyəti fonunda bu səfər maraq doğurur.
***
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra səfirlik fəaliyyətini dayandırıb, əməkdaşlar və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də haqlı olaraq qeyri-dost addım kimi qiymətləndirir. Bundan başqa, Azərbaycan martın sonunda Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd cəhdində İranın əli olduğunu açıqlayıb. Son aylar ərzində hüquq-mühafizə orqanları ölkədə İranın xeyrinə casusluq və təxribat fəaliyyətində ittiham olunan şəxslərin saxlanılması istiqamətində bir sıra əməliyyatlar həyata keçiriblər. Aydın olur ki, belə bir dövlətlə hansısa üçüncü ölkənin əməkdaşlığı Azərbaycanda qətiyyən xoş qarşılana bilməz. Üstəlik, əməkdaşlığın digəri tərəfi torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistandırsa...
***
Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Azərbaycanın 4 iranlı diplomatın “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsinə dair açıqlaması istehza və acı gülüş doğurur. Onun sözlərinə görə, İran Azərbaycan tərəfinin Bakının “persona-non-grata” elan etdiyi iranlı diplomatlara münasibətdə hərəkətlərini mehriban qonşuluq prinsiplərinə zidd hesab edir. “Biz Azərbaycan Respublikası hökumətinin bu davranışını mehriban qonşuluq prinsiplərinə zidd hesab edirik”, – deyə İran Xarici İşlər Nazirliyi “Teleqram” kanalında onun sözlərini sitat gətirib. Kənani Bakını “qarşılıqlı hörmət göstərməyə, mehriban qonşuluğa doğru irəliləməyə”, həmçinin, “region düşmənlərindən”, o cümlədən İsraildən “uzaq durmağa” çağırıb.
“İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona-non-grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır”.
Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Kənaninin iddialarını şərh edərkən bildirib.
A.Hacızadə deyib: “Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir. İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir. Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub”.
***
İran unudur ki, onun mehriban qonşuluqdan danışmağa mənəvi haqqı yoxdur. Tehran Ermənistanın Azərbaycana qarşı yürütdüyü 30 illik işğal dövründə İrəvana hərtərəfli dəstək verib. Bu hərbi təcavüz nəticəsində Azərbaycan–İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdi. Əksinə, bu dövr ərzində İran–Ermənistan qardaşlığı daha da güclənmişdi. Son iki-üç ildə isə İran Azərbaycana qarşı o qədər xəbisliklər edib ki, saymaqla bitməz. İran rəhbərliyi mehriban qonşuluğa dair çağırışlarında səmimi olsaydı, 44 günlük Vətən müharibəsi dövündə onun hərbçiləri Qubadlıda Azərbaycan Ordusunun yolunu kəsməzdi. Müharibədən sonra İran Ermənistanın ərazi bütövlüyü məsələsini özünün “qırmızı xətti” elan etdi. İran bu gün Ermənistanla birgə Zəngəzur dəhlizinin açılmasına imkan vermir. Ötən il İran sərhədlərimiz yaxınlığında iki dəfə hərbi təlimlər keçirib. Lap bu yaxınlarda İranın hərbi təyyarəsi Araz çayı yaxınlığında, iki ölkənin dövlət sərhədinin düz üstü ilə uçuş həyata keçirib. Tehrandakı səfirliyimizə hücum nəticəsində bir soydaşımız şəhid olub, ikisi yaralanıb. Bütün bunlardan sonra Azərbaycan Müdafiə Nazirliyinin bu günlərdə yaydığı açıqlamada “Bu gün heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır” sözlərinin əksini tapması heç də təsadüfi sayılmamalıdır.
İran rəhbərliyi Ermənistanla münasibətləri son dərəcə sıxlaşdırarkən bir sadə həqiqəti də unutdu. Unutdu ki, Azərbaycanın da dünyada çoxlu müttəfiqi var. İran Azərbaycan–İsrail əlaqələrini pozmaq istədi, ancaq nəticədə Bakı ilə Təl-Əviv daha da yaxınlaşdı, ölkəmizin İsraildə səfirliyi fəaliyyətə başladı. İranın növbəti anti-Azərbaycan addımlarının da bumeranq effekti yaradaraq onun özünə qayıdıb dəyəcəyi molla rejiminə aydın olmalıdır.
Aydın QULİYEV,
politoloq
İran–Ermənistan əməkdaşlıq əlaqələri Vətən müharibəsindən sonra xüsusilə genişlənib və demək olar ki, bütün istiqamətləri əhatə edir. İki ölkənin parlamentləri, xarici işlər nazirlikləri arasında siyasi, iqtisadi və mədəni sahədə dialoq tam sürətlə aparılır. Əməkdaşlığın genişlənməsi, ilk növbədə, Azərbaycana qarşı düşmənçilik niyyəti ilə bağlıdır. Vətən müharibəsinədək İran Hayastana hərbi, siyasi və diplomatik dəstəyini müəyyən üstüörtülü formalarda həyata keçirirdisə, müharibədən sonra bu dəstək tamamilə çılpaq və açıq xarakter alıb. İran Azərbaycana qarşı düşmənçiliyini həm də Ermənistanla hərtərəfli əməkdaşlığı dərinləşdirmək formasında ifadə edir. Əgər İran rəhbərliyi bu gün “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyirsə, deməli, onların əməkdaşlığının məqsədləri barədə gizli heç nə qalmır.
Bu baxımdan Ermənistan təhlükəsizlik şurasının katibinin İrana səfəri, ilk növbədə, yeni şəraitdə Azərbaycana qarşı növbəti addımların və tədbirlərin düşünülməsinə hesablanıb. Bəllidir ki, İranla Azərbaycan arasında münasibətlər məhz Tehranın təqsiri üzündən daha da gərginləşmək təmayülünə malikdir. Belə şəraitdə Hayastan–İran təhlükəsizlik şuralarının rəhbərləri arasında görüşlərin intensivləşməsi Azərbaycana qarşı hədəflənmiş gedişdir. Ona görə də biz Qriqoryanın səfərini diqqətlə izləməli və qəbul olunacaq qərarlarla bağlı təhlillərimizi aparmalıyıq. İran–Ermənistan əməkdaşlığının möhkəmlənməsi istiqamətində atılan hər bir addım ancaq anti-Azərbaycan xarakteri daşıyır.
Səxavət HƏMİD, “Xalq qəzeti”